Bakı. Trend:
Vaşinqton şəhərində ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatı olan Amerika İsrail İctimai İşlər Komitəsinin (AİPAC) illik siyasi konfransı çərçivəsində artıq ənənəyə çevrilmiş Azərbaycan-İsrail tərəfdaşlığına həsr edilmiş “Yeni sərhədlər: İsrailin Qafqazda və Mərkəzi Asiyada strategiyası” mövzusunda seminar keçirilib.
Trend-in Azərbaycannın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 250 nəfərədək ictimai-siyasi, akademik, biznes və diplomatik korpus dairələrinin nümayəndələrinin qatıldığı seminarda əvvəlki illərdəki kimi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının vitse-prezidenti Mark Levin, tanınmış politoloqlar - Corctaun Universitetinin professoru Brenda Şaffer və Mərkəzi Asiya-Qafqaz İnstitutunun İpək Yolu Tədqiqatları proqramının direktoru Svante Kornel iştirak edib.
E.Süleymanov Azərbaycanın dünyanın ən strateji qovşaqlarından birində yerləşdiyini və müxtəlif mədəniyyətləri birləşdirən məkan olduğunu vurğulayıb. Bu xüsusda diplomat bu il Azərbaycanın Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyini qeyd edərək müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını dinləyicilərin diqqətinə çatdırıb və bunun da Azərbaycan cəmiyyətinin dərin tolerantlıq ənənələrinin bir göstəricisi olduğunu bildirib. Bu gün isə bu ənənələr davam edir və Prezident İlham Əliyev tərəfindən keçirilən uğurlu siyasət nəticəsində müasir Azərbaycan dövləti dünyada mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib.
Bundan əlavə, səfir Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji əməkdaşlıq çərçivəsində ölkəmizin Əfqanistanda sülhməramlı əməliyyatın aparılmasında olan dəstəyi, dünyanın enerji xəritəsində artan rolu və yeni İpək Yolunun mərkəzində dayanan irimiqyaslı nəqliyyat layihələrinin təşəbbüskarı olaraq ABŞ ilə iqtisadi münasibətlərin inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.
Azərbaycan ilə İsrail arasında münasibətərin dostluq və əməkdaşlıq əsasında qurulduğunu və İsrail dövlətinin sabiq prezidenti, baş naziri və digər yüksək rütbəli nümayəndələrin Azərbaycana səfərlərini xatırlayan diplomat İsrail dövlətinin müsəlman dünyası ilə əlaqələri qurmaq prosesində Azərbaycanın aparıcı və əhəmiyyətli rolunu qeyd edib.
Eyni zamanda səfir E.Süleymanov 2017-ci ildə Azərbaycanda keçirilən “İslam həmrəyliyi İli”nə həsr olunmuş konfransda iştirak üçün Azərbaycana tanınmış yəhudi və xristian xadimlərin dəvət olunmasını və onların çıxışlarını xatırladıb.
Azərbaycanda əsrlər boyu müsəlmanlar, yəhudilər və digər dini icma üzvlərinin dostluq və mehribanlıq şəraitində yaşadığını qeyd edilib və hər bir Azərbaycan vətəndaşı üçün Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə yüksəlmiş milliyətcə yəhudi olan Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun əsl vətənpərvərlik nümunəsi olduğu da vurğulanıb.
Bundan əlavə, çıxışlarında Mark Levin, Brenda Şaffer və Svante Kornel tolerantlıq ənənələrinə və dinlərarası dialoqa dair çoxsaylı misalları qeyd edib, bunun inkişaf etdirilməsi istiqamətində aparılan işlərdə ölkə rəhbərliyinin olduqca vacib rolunu vurğulayıb və eləcə də ekstremizimə və radikalizmə qarşı mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlər üçün də faydalı ola biləcəyini deyib. Həmçinin, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və bir milyondan çox məcburi köçkünün olmasına baxmayaraq ölkə siyasətinin radikalizmdən uzaq olduğu qeyd olunub. B. Şaffer isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə olan əhəmiyyətli töhfəsindən danışaraq bu sahədə qazandığı statusu qeyd edib.
Müzakirə zamanı Hyuston-Bakı Qardaşlaşmış şəhərlər Assosiasiyası tərəfindən Hyustonda ötən il Harvi qasırğası nəticəsində zərər görmüş yəhudi icmasının ən böyük dini məbədi - Bet Yeşurun sinaqoqunun bərpasında maddi yardımın göstərilməsi ikitərəfli münasibətlərin davamlı inkişafına növbəti sübut olduğu qeyd edilib. Göstərilən yardım konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Seminarın sonunda müzakirə edilən mövzu tədbir iştirakçıları arasında böyük marağa səbəb olmuş və sual-cavab hissəsində iştirakçılar tərəfindən çoxsaylı suallar ünvanlanıb.
Qeyd etmək lazımdır ki, AİPAC təşkilatının hər il Vaşinqtonda keçirilən illik siyasi konfransı yəhudi icmasının ən böyük siyasi tədbiridir və tədbirdə 20000 nəfər yaxın iştirakçı, o cümlədən, ABŞ administrasiyasının və Konqresin nümayəndələri, digər yüksək rütbəli xadimlər, həmçinin İsrail və digər dövlətlərin xadimləri qatılır.
Bu ilki konfransda ABŞ-ın vitse-prezidenti Mayk Pens, İsrailin Baş naziri Benyamin Netanyahu, Albaniyanın Baş naziri Edi Rama və Baltikyanı dövlətlərin xarici işlər nazirlərinin çıxışları nəzərdə tutulur.