...

Bakıda avtomobil yolunun çökmə SƏBƏBİ açıqlandı

Cəmiyyət Materials 16 İyul 2018 16:02 (UTC +04:00)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda yolun çökməsinin səbəblərini açıqlayıb.
Bakıda avtomobil yolunun çökmə SƏBƏBİ açıqlandı

Bakı. Samir Əli - Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda yolun çökməsinin səbəblərini açıqlayıb.

Qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.

Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib.

Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır.

Qeyd edək ki, çökmə qeydə alınan hissə "Bakı Metropoliteni" QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti