Bakı. Samir Əli - Trend:
Bu gün “Trend” Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində hərbi vətənpərvərlik mövzusunda əsərlərin müəllifi kimi tanınan yazıçı Azər Hacıbəylinin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə həsr etdiyi “Fədakarlıq məktəbi. Mehdi Hüseynzadə” adlı kitabının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, kitabın ideya müəllifi "Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev, redaktoru tədqiqatçı-jurnalist Lalə Hüseynova, məsləhətçilər - "Alyans" Xüsusi Xidmət Veteranları Birliyinin sədri, polkovnik Şamil Süleymanov, birliyin sədr müavini, polkovnik Azər Qarayev, rəssamı isə Göyərçin Azərdir.
Tədbirdə çıxış edən "Alyans" Xüsusi Xidmət Veteranları Birliyinin sədr müavini, polkovnik Azər Qarayev bildirib ki, kitabda Mehdi Hüseynzadənin ömür yolu, qəhrəmanın daxili aləmi, düşüncələri poetik şəkildə tərənnüm edilib: "Müəllifin istifadə etdiyi bədii üsullar, qəhrəmanla dialoqu, xəyali olaraq II Dünya Müharibəsinin olduğu dövrə səfər etməsi və bunları bədii şəkildə əks etdirməsi maraq doğurur. Kitabda ümummilli lider Heydər Əliyevin Mehdi Hüseynzadə haqqında həqiqətlərin meydana çıxarılması, heykəlinin qoyulması istiqamətində gördüyü işlər, Prezident İlham Əliyevin qəhrəmanın 100 illiyinin qeyd edilməsi ilə bağlı verdiyi Sərəncam əksini tapıb".
A.Qarayev Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı fəxri adını almasında məhz ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu xüsusi vurğulayıb: "Heydər Əliyev hələ kapitan rütbəsi ilə Dövlət Təhlükəsizlik Komitəsinin arxivində xüsusi əməliyyat-təhqiqat qrupuna rəhbərlik etdiyi dövrdə Mehdi Hüseynzadə haqqında araşdırmalara şəxsən nəzarət edir və məlum olur ki, onun barəsində həqiqəti əks etdirməyən məlumatlar yazılıb. Almanlara əsir düşdüyü üçün Mehdi Hüseynzadənin faşist Almaniyasına qulluq etdiyi iddia edilib. Heydər Əliyev sənədləri yığır və Moskvaya, rəhbərliyə müraciət edir ki, Mehdi Hüseynzadə haqqında doğru olmayan faktlar onun adına ləkədir, xalqına, yaxınlarına ağır yükdür. Orada bildirilir ki, Mehdi Hüseynzadənin SSRİ-yə qarşı mübarizə apardığına dair sənədlər var. Bu istiqamətdə ciddi fikir mübadiləsi gedir. Lakin Heydər Əliyev araşdırmaları dayandırmır. Məlum olur ki, Mehdi Hüseynzadə haqqında 2 erməni mənfi məlumatlar ötürüb. Həmin ermənilər tapılır və sorğu-suala cəlb edilir. Soruşulur ki, siz harada vuruşmusunuz, Mehdi Hüseynzadəni harada görmüsünüz və s. Məlum olur ki, onların dediyi ərazilərdə Mehdi Hüseynzadə ümumiyyətlə olmayıb, xidmət etməyib. Heydər Əliyevin rəhbərliyi altında aparılan araşıdrmaların sonunda həmin ermənilər etiraf edirlər ki, belə bir yanlış məlumatı verməyə onları məcbur ediblər. Burada bir daha bədxah qonşularımızın mənfur niyyətləri bəyan olur".
Polkovnikin sözlərinə görə, bundan sonra Heydər Əliyev toplanmış bütün sənədləri və ifadələri yenidən Moskvaya göndərir:
"Yenə sənədlərə baxılır, lakin onların kifayət etmədiyi, dolğun olmadığı bildirilir və sənədlər bir daha geri qaytarılır. Heydər Əliyev yenə təslim olmur. Bu dəfə artıq Mehdi Hüseynzadə ilə birlikdə qulluq edən şəxslər axtarılır, onun şücaətini əks etdirən faktlar, dəqiq məlumatlar toplanır və növbəti dəfə Moskvaya göndərilir. Beləliklə Heydər Əliyevin yorulmadan göstərdiyi qətiyyəti nəticəsində 1957-ci ildə Mehdi Hüseynzadəyə Sovat İttifaqı Qəhrəmanı adı verirlər. Birmənalı şəkildə bu tarixi ədalət Heydər Əliyevin sayəsində bərqərar olur".
A.Qarayev əlavə edib ki, ulu öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik edərkən yenidən Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi istiqamətində əməli işlər görüb, onun şərəfli xidmətlərinin İttifaq miqyasında tanınmasına nail olub və Bakıda möhtəşəm abidəsinin ucaldılmasına göstəriş verib. 1973-cü il mayın 9-da - Qələbə Günündə Mehdi Hüseynzadənin abidəsinin təntənəli açılışı olub.
Birliyin sədr müavini vurğulayıb ki, poemada diqqət çəkən məqamlardan biri "qəhrəman qəlblərdən bir-birinə yollar görünür" düşüncəsilə II Dünya Müharibəsinin müqəddəratında əhəmiyyətli hadisə olan "Tehran-43" konfransının təhlükəsizliyinin təmin edilməsində aparıcı rolda çıxış etmiş, şücaət göstərmiş əfsanəvi kəşfiyyatçı Məhəmmədhüseyn Əsədovun xatırlanmasıdır: "Yazıçı həmçinin Mehdi Hüseynzadə ilə Məhəmmədhüseyn Əsədovun arasında gözlə görünməyən müəyyən mənəvi bağlılığın olmasını da göstərib".
A.Qarayev qeyd edib ki, hamı dünya xilaskarları Mehdi Hüseynzadə və Məhəmmədhüseyn Əsədov kimi oğullar qarşısında öz borclarını yerinə yetirərək Azərbaycanın haqq səsinə səs verməli, Ermənistanı, separatçı Dağlıq Qarabağ rejimini pisləməlidir.
Sədr müavini kitabın ərsəyə gəlməsi üçün araşdırmaların aparılmasında, əfsanəvi qəhrəmanlarla bağlı məlumatların toplanmasında yardımçı olduğu üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə və informasiya dəstəyinə görə "Trend" Beynəlxalq İnformasiya Agentliyinin rəhbərliyinə xüsusi təşəkkür bildirib.