...

İlahiyyat İnstitutu Şamaxıda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” təşkil edib

Cəmiyyət Materials 1 Fevral 2019 17:39 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Şamaxı rayonunda “Qış məktəbi” layihəsi çərçivəsində “Din, mədəniyyət və cəmiyyət” mövzusunda seminar təşkil edib.
İlahiyyat İnstitutu Şamaxıda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” təşkil edib

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Şamaxı rayonunda “Qış məktəbi” layihəsi çərçivəsində “Din, mədəniyyət və cəmiyyət” mövzusunda seminar təşkil edib.

İnstitutdan Trend-ə verilən məlumata görə, fevralın 2-nə qədər davam edəcək “Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların intellektual səviyyəsinin və dünyagörüşünün zənginləşdirilməsi, ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işinə töhfə verməkdir.

“Qış məktəbi” layihəsinin ikinci günündə tələbələr üçün Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradovun “Azərbaycanlı İslam alimləri”, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlillinin təqdimatında isə “Şirvanın maddi-mədəni irsi” mövzularında seminarlar təşkil olunub.

İlkin Əlimuradovun “Azərbaycanlı İslam alimləri” mövzusunda mühazirəsi ilahiyyat sahəsində və bununla bağlı elmlərdə müstəsna xidmətləri olmuş Azərbaycanlı alimlərin həyat və yaradıcılığı haqqında məlumatları əhatə edib. O, Seyid Yəhya Bakuvi, Fazil Dərbəndi, Mirhəmzə Nigari, Bəhmənyar, Xətib Təbrizi, Siracəddin Urməvi, Əkmələddin Naxçıvani, Şəhabəddin Sührəvərdi, Nəsirəddin Tusi, Seyid Yəhya Bakuvi, Fazil İrəvani kimi dünyamiqyaslı alimlərin yaradıcılığı ilə bağlı geniş məlumat verib. İ.Əlimuradov azərbaycanlı alimlərin təsəvvüf, fəlsəfə və ümumiyyətlə, Şərq ictimai fikrində, mədəniyyətində xüsusi rol oynadıqlarını vurğulayıb.

“Şirvanın maddi-mədəni irsi” mövzusu ilə çıxış edən Fariz Xəlilli bildirib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri də maddi-mədəni irsimizin qorunmasıdır. F.Xəlilli Şamaxı ərazisində yerləşən abidələrimiz haqqında ətraflı məlumat verərək, sözügedən ərazidə, ən azı, 5 mədəniyyət nümunəsinin qorunduğunu diqqətə çatdırıb. O, Şamaxının Avaxıl kəndində yerləşən Pir Ömər türbəsi, Şahxəndan və “Yeddi günbəz” qəbiristanlığı, həmçinin dahi şairimiz Mirzə Ələkbər Sabirin ev-muzeyi və digər tarixi abidələrimiz haqqında tələbələrə geniş məlumat verib.

Məruzələrdən sonra tələbələr Şamaxı rayonunun Avaxıl kəndində yerləşən Pir Ömər türbəsini ziyarət ediblər. Burada tələbələrə türbə, Pir Ömər Avaxılın kim olduğu haqqında və Sufi məktəblərindən biri olan xəlvətilik barədə geniş məlumat verilib.

Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya zamanı tələbələr astronomik muzey və teleskoplarla yaxından tanış olublar. Onlara Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanasının 1959-cu ildə yaradıldığı və 1960-cı ildən fəaliyyətə başladığı haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana dəniz səviyyəsindən 1 500 metr hündürlükdə yerləşir. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.

Sonra tələbələr Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Qeyd edək ki, muzeyin 7 mindən artıq eksponatı mövcuddur. Tələbələr muzeyin ekspozisiyasında Şamaxının ən qədim dövrlərindən tutmuş, hazırkı dövrədək tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri ilə nümayiş tanış olublar.

Tədbir fevralın 2-də öz işini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti