...

Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi

Cəmiyyət Materials 26 Avqust 2020 14:12 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycanın kənd təsərrüfatı sahəsində yeni texnologiyaların tətbiqi bu sahədə müsbət dəyişikliklərə səbəb olub.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktor müavini Əkbər Abbasov deyib. Onun sözlərinə görə, bu sahəyə yeni innovasiyaların tətbiqini labüd edən məsələlər var:

"Yəni bu sahədə qlobal səviyyədə müşahidə olunan proseslər var. Qlobal istiləşmə, yağıntıların miqdarının az olması, paralel olaraq əks proseslərin-daşqınların baş verməsi artıq kənd təsərrüfatında yeni texnologiyaların tətbiqini zəruri edir. Bu il də biz kənd təsərrüfatı sahəsində yeni texnologiyalara ehtiyacı müşahidə etdik. Bilirsiniz ki, bu il quraqlıq dövrü oldu və kənd təsərrüfatına çağırışların olduğu bir dövr idi. Ona görə də yeni texnologiyaların tətbiqi məqsədilə proseslərə start verdik. Məsələn, bitkiçiliklə bağlı. Nəzərə almaq lazımdır ki, bitkiçilikdə yüksək məhsuldarlıq əldə etmək üçün əsas şərt müasir texnologiyaların tətbiqidir. Torpağın əkinə hazırlanmasından başlayaraq toxumlara qədər müasir texnologiyadan istifadə vacibdir. Məsələn, xüsusi kapsullaşdırılmış toxumların əkində tətbiqi. Bu proses toxumları zərərvericilərdən qoruyur, həmçinin əkin dövründə nəmlik yaratmaqla həmin toxumun quraqlıq olsa belə cücərməsinə şərait yaradır.

Digər tərəfdən isə artıq əkin prosesində bir neçə əməliyyatı ard-arda yerinə yetirən aqreqatlar ölkəyə gətirilib. Hazırda Azərbaycanda Çin texnologiyası ilə pambıq əkini həyata keçirilir. Bu prosesdə də innovativ qurğulardan istifadə edilir ki, həmin qurğular həm torpağın şumunu, həm malasını, toxumun əkilməsi və üstünün örtülməsini eyni vaxtda həyata keçirir. Bu həm vaxta, həm maliyyə vəsaitinə qənaətdir. Həmçinin bu prosesi tez bir zamanda yerinə yetirməklə əlavə vaxt qazanırıq. Bu proses həmçinin yüksək məhsuldarlığa da şərait yaradır".

Direktor müavini bildirib ki, müasir texnologiya həmçinin bitkilərə qulluq və becərilməsinə də tətbiq olunub: "Məsələn, müasir kultivatorların tətbiqi, zərərvericilərə qarşı tədbirlər də həmin texnologiyalarla həyata keçirilir. Bununla yanaşı biz artıq səpin vaxtı dronlardan da istifadəyə başlamışıq. Məsələn taxıl və pambıq sahələrində xəstəliklərin baş verməsini müəyyənləşdirmək üçün sahələrə iri texnikalar cəlb etmirik, dronlardan istifadə edirik. Yəni iri texnikalarla sahələrə fiziki zərər vermirik. Müasir dronlarla həmin sahələrə müdaxilə edə bilirik. Bu da məhsuldarlığa öz müsbət təsirini göstərir".

Ə.Abbasov deyib ki, hazırki dövrdə kənd təsərrüfatında suvarma əsas prioritet məsələlərdəndir: "Suvarmada hazırda planlaşma həyat keçiririk. Hazırda biz yerüstü damcı suvarma sistemindənsə yeraltı damcı suvarma sisteminə üstünlük veririk. Elə bitki növləri var ki onlar əsasən kökdən qidalanır. Həmçinin yeraltı suvarma sistemində suyun buxarlanma faizi daha az olur. Bu da suya daha çox qənaət etməyə imkan verir.

Həmçinin böyük sahələrdə iri suçiləmə sistemindən də istifadə olunur. Hazırda bu sahədə dünya təcrübəsi də izlənilir. Dünyada suvarma sistemində yeni texnologiyalar olan kimi, biz həmin texnologiyanı Azərbaycanda tətbiq etməyə başlayırıq".

Direktor müavini bildirib ki, artıq bitkilərin biçin mövsümündə də müasir texnologiyalar tətbiq edilir: "Bu il xüsusilə taxıl biçinində ən müasir texnologiyalı kombaynların istifadəsi dağ rayonlarında biçin mümkün olmayan ərazilərdə məhsuldarlığı yüksəltməyə şərait yaratdı. Həmin kombaynlar çətin relyefli dağlıq ərazidə biçin həyata keçirdi. Həmçinin pambıq və digər bitki növlərinin yığımında da ən müasir kombayn və aqreqatlardan istifadə edildi".

Ə.Abbasov bildirib ki, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi özəl və dövlət təsərrüfatlarında da paralel aparılır: "Bizim məqsədimiz ölkənin kənd təsərrüfatı sahəsində orta məhsuldarlıq səviyyəsini yüksəltməkdir. Bunun üçün dövlət və özəl sektorun birbaşa tərəfdaşlığı, yeni innovativ müasir texnologiyaların təşviqi, yaradılması və yayımı vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti