...

Yaponiya Tərtərin minalardan təmizlənməsi üçün 88 min dollar yardım ayırıb (FOTO)

Cəmiyyət Materials 9 Mart 2022 17:11 (UTC +04:00)
Yaponiya Tərtərin minalardan təmizlənməsi üçün 88 min dollar yardım ayırıb (FOTO)

Bakı. Trend:

9 mart 2022-ci il tarixində Yaponiyanın Azərbaycandakı səfiri cənab Vada və benefisiar təşkilat qismində çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.

Trend xəbər verir ki, bu layihənin əsas məqsədi Tərtər rayonunda mövcud olan mina və partlamamış sursatların təmizlənməsində istifadə üçün 11 ədəd mina dedektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsi və Tərtər rayonunda daha təhlükəsiz şəraitin təmin olunmasıdır.

Layihədə nəzərdə tutulan ləvazimatların alınması üçün Yaponiya Səfirliyi tərəfindən 88,224 ABŞ dolları (təxminən 149,098 AZN) məbləğində yardım ediləcək.

Beynəlxalq Avrasiya Mərbuat Fondu Azərbaycan ərazisində 20 ildən artıqdır ki, mina və partlamamış susrsatların təmizlənməsi fəaliyyətini həyata keçirir. Bu gün imzalanmış layihə, 2001-ci ildə icra olunmuş “Minatəmizləmə komanda heyyətinə minatəmizləmə ilə bağlı təlimin həyata keçirilməsi” layihəsi və 2004-cü ildə icra olunmuş “Tərtər rayonunun minadan təmizlənməsi” layihəsindən sonra Yaponiya Səfirliyi tərəfindən “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində Avrasiya Mətbuat Fonduna edilmiş 3-cü yardım layihəsidir.

Bu gün imzalanmış müqavilə də daxil olmaqla Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 278 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi qrant məbləği 23,450,000 ABŞ dolları (təxminən 39,860,000 AZN) keçir.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu günədək səhiyyə, ictimai sağlamlıq, təhsil, kənd təsərrüfatı sahəsinin inkişafına yardım prioritet xarakter daşımışdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökümət təşkilatları, təhsil ,səhiyyə orqanları və digər qeyri-kommersiya qurumların müraciəti mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti