Bakı. Trend:
Əl-Cəzirə Media Şəbəkəsi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Trend xəbər verir ki, 30 mart 2022-ci il Beynəlxalq Avrasiya
Mətbuat Fondunun baş ofisində iki tərəfdaş qurum arasında
uzunmüddətli münasibətləri rəsmiləşdirən əməkdaşlıq müqaviləsi
imzalanıb.
Mərasimdə ölkəmizdə səfərdə olan Əl-Cəzirə Media Şəbəkəsinin
nümayəndələri qurumun İctimai Azadlıqlar va İnsan Hüquqları
Mərkəzinin direktoru Sami Əl Hacc və Tərəfdaşlıqlar və Araşdırmalar
şöbəsinin rəhbəri Həsən Elmaqor iştirak ediblər. Əl-Cəzirə Media
Şəbəkəsinin rəhbərliyi tərəfindən təsdiqlənmiş əməkdaşlıq
müqaviləsini rəsmi nümayəndə Sami Əl Hacc və BAMF prezidenti Umud
Mirzəyev imzalayıblar. İmzalama mərasimində BAMF-in Müşahidə
Şurasının sədri Akif Musayev və BAMF-in BMT-nin Cenevrə ofisindəki
nümayəndəsi Osman Əl Hacc iştirak ediblər.
Müvafiq sənəd hər iki təşkilat arasında 10 ilə yaxındır davam edən sıx əlaqələri rəsmiləşdirəcək və daha da genişləndirəcək. Bu əməkdaşlıq Beynəlxalq Avrasiya Mətbuat Fondu vasitəsilə dünya şöhrətli Əl-Cəzirəni bütün Azərbaycan mediası üçün əlçatan edəcək. Müqaviləyə əsasən Azərbaycan jurnalistlərinin əl-Cəzirədə təcrübə keçmək imkanları, müxtəlif beynəlxalq tədbirlərdə birgə iştirak və jurnalist mübadiləsi proqramlarının icrası reallaşacaq. Həmçinin, daha əvvəllər əl-Cəzirə Media Şəbəkəsinin peşəkar təlimçiləri tərəfindən Azərbaycan jurnalistləri üçün keçirilən iki böyük peşəkarlıq və təhlükəsizlik təlimlərinin davamı olaraq yenidən silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.
İki tərəfdaş qurum hər zaman söz azadlığının təminatı və insan hüquqlarının qorunması ilə bağlı həmrəylik nümayiş etdirir və birgə tədbirlərin təşkilinə, qarşılıqlı təbliğat çarxlarının hazırlanmasına daima öz töhvələrini verirlər. BAMF eyni zamanda əl-Cəzirənin ərəb və ingilis dilli tamaşaçılarının regionla bağlı xəbər ehtiyaclarının qarşılanması üçün əməkdaşlarının regiondan hazırladıqları reportajların, yazıların və məqalələrin yayımlanmasına dəstək göstərir. BAMF-in təşkilati dəstəyi ilə əl-Cəzirə TV-nin peşəkar komandasının hazırladığı, Azərbaycanın əsrarəngiz gözəlliyini dünyaya təqdim edən hər birisi 25 dəqiqədən ibarət olan 5 sənədli film çoxsaylı tamaşaçı kütləsinin rəğbətini qazanmışdır. Əl Cəzirə Media Şəbəkəsi Birinci Qarabağ müharibəsi, 2016-cı il tarixi Aprel döyüşləri və həmçinin İkinci Qarabağ müharibəsindən sonra da hər zaman öz obyektivliyi və qərəzsiz mövqeyi ilə xəbərin ən etibarlı istinad yeri olub.