...

İnformasiya müharibəsinin xaricdəki gənclərdən ibarət "xüsusi təyinatlı"ları hazırlansın - Təklif

Cəmiyyət Materials 9 Avqust 2022 13:01 (UTC +04:00)
İnformasiya müharibəsinin xaricdəki gənclərdən ibarət "xüsusi təyinatlı"ları hazırlansın - Təklif
Bakı. Trend:

Diaspor Gənclərinin Yay Düşərgələrinin keçirilməsi xaricdəki gənclərin ictimai fəallığının və birliyinin gücləndirilməsi baxımından önəmlidir. Sevindirici haldır ki, bu tədbirlərdə artıq ikinci nəsil diaspor üzvləri də iştirak edirlər. Bu gənclərin valideynləri fəal diaspor üzvlərdir. Yəni onlar diaspor ailəsində böyüyüblər. Belə gənclərin bir növ diaspor təcrübəsi var və onların intellektual potensialından daha çox yayarlanmaq olar. Yay düşərgələrində iştirak edən diaspor gənclərini mahiyyət etibarilə düzgün qruplaşdırıb səmərəli fəaliyyətlər göstərmək olar. Beləcə, onların fəaliyyət dairəsini də genişləndirmək mümkündür. Çünki xaricdəki gənclər hələ ki, yenilikçi ideyalarını lazimi səviyyədə tətbiq edə bilmirlər. Bu gənclər bütün sahələri əhatə edən çoxşaxəli təşəbbüslərlə çıxış etməlidirlər. Onların Azərbaycanın milli maraqlarını xaricdə müdafiə etməsi üçün virtual platformalarda səmərəli fəaliyyətinin şahidi ola bilərik. Bu baxımdan informasiya müharibəsi üçün belə gənclərdən ibarət Mobil Qruplar hazırlamaq olar. Yay Düşərgələrində bu mövzuda həmin gənclər praktiki təlimlər keçmək faydalı olardı. Bir neçə region üzrə yaradılan Mobil Qrupları bir mərkəzdən koordinasiya etmək mümkündür. Belə gənclərdən ibarət qruplar yaradılıb daimi hazır vəziyyətdə saxlanılmalıdır. Bu gənclər bir növ informasiya müharibəsinin xüsusi təyinatlıları olaraq hazırlanmalıdır.

Bunu Trend-ə diaspor üzrə ekspert, jurnalist Fuad Hüseynzadə deyib.

Onun sözlərinə görə, bu Mobil Qruplar vasitəsilə anındaca dünyanın ictimai-siyasi gündəmini Azərbayanın mənafeyinə uyğun dəyişəcək fəaliyyətlər etmək olar: "Qeyd edək ki, dünyada müxtəlif formalı belə təcrübələr var. Bir çox ölkələr informasiya blokadasından çıxmaqda və ya seçki kampaniyalarında belə Mobil Qrupların gücündən faydalanıblar. Həta bəzi dünya liderləri özlərinin və ölkələrinin lobbiçiliyi üçün bu tip qruplardan yararlanıblar. Xüsusən, Vətən müharibəsi zamanı bu qrup güc birliyi nümayiş etdirərək gecə-gündüz Ermənistanın işğalçılıq siyasətini ifşa etmək baxımından effektiv iş gördü. Konüllü işləyən bu qrup üzvləri sayəsində, hətta ictimaiyyətə açıqlanması mümkün olmayan forma və metodlarla düşmənin informasiya bloklarına daxil olub uğurlu manevirlər edildi. Bu istiqamətdə aidiyyəti dövlət qurumları strateji fəaliyyət planı quraraq davamlı iş aparmalı, yeri gəlsə, struktur formalaşdırılmalıdır. Çünki informasiya müharibəsi sonsuzdur. İldən-ilə bu müharibədə yeni-yeni trendlər meydana çıxır. Biz bu trendlərin önündə olmalıyıq".

O qeyd edib ki, erməni və ermənipərəst qüvvələr davamlı olaraq beynəlxalq sosial şəbəkə və media platformalarında Azərbaycan haqqında neqativ yazılarla çıxış edir, ölkəmizə qarşı çirkin kampaniya aparırlar. Xüsusən, Vətən müharibəsindən sonra onlar ağılagəlməz şəkildə kəskin anti-Azərbaycan və ant-Türkiyə prioritetləri ilə çıxış edirlər.

"Erməni lobbi maşını artıq Azərbaycan və Türkiyəyə deyil, türk dünyasına qarşı mübarizəyə qalxıb. Onların hədəfi bir millət və iki dövlətin diasporunun xaricdə nüfuzunu gözdən salmaq, ümumiyyətlə türk xalqlarının birliyini zədələməkdir. Bütün bunlara qarşı uğur qazanmaq, real nəticə əldə etmək üçün yenilikçiliyə ehtiyacımız var. Azərbaycan həqiqətlərinin təbliğində yeni forma və metodların tətbiqi diaspor quruculuğu işini də keyfiyyətcə təkmilləşdirir. Fikrimizcə, xalqımızın tarixi, xüsusən Qarabağ həqiqətləri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün yeni mexanizmlərdən, dünyanın qəbul edəcəyi, ictimai həyata təsir edəcək taktikalardan istifadə etməliyik. Bunun üçün dünya azərbaycanlıları, eləcə də xaricdəki gənclər arasında iki və çoxtərəfli əməkdaşlıq qurulmalı, təcrübə mübadiləsi aparılmalı, azərbaycanlıların intellektual potensialı ümumimlli mənafelər naminə səfərbər edilməlidir", - F.Hüseynzadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti