...

Məleykə Abbaszadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Cəmiyyət Materials 6 Mart 2023 11:03 (UTC +04:00)
Məleykə Abbaszadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib. Görüş öncəsi Fərəh Əliyeva Məleykə Abbaszadə başda olmaqla, ikinci “Yüksəliş” müsabiqəsinin 5 qadın qalibini Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara uğurlar və davamlı nailiyyətlər arzuladığını bildirdi.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri ikinci “Yüksəliş” müsabiqəsinin qaliblərini müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, qaliblərə idarəçilik sahəsində məsləhətlər verib, təcrübələrini onlarla paylaşıb. Bundan əlavə, Məleykə Abbaszadə tələbə qəbulu və dövlət qulluğu məsələləri ilə bağlı qaliblərə məlumat verib və onların suallarını cavablandırıb. DİM-in Direktorlar Şurasının sədri qeyd edib ki, fərdlərin gələcək karyeralarında yüksəliş əldə etməklərində ixtisas seçiminin rolu inkar olunmazdır. İxtisas seçimi zamanı onların şəxsi düçüncələri, özlərini hansı ixtisasın sahibi kimi görmək istədikləri, bacarıq və imkanları, xarakteri və s. amillər mütləq nəzərə alınmalıdır. Qaliblərə özünüinkişaf istiqamətində kitab tövsiyəsi edən Məleykə Abbaszadə, onlara daim araşdırmağın vacib bacarıq olduğunu bildirib.

“Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev Məleykə Abbaszadəyə iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

2023-cü ildə isə növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixli Sərəncam imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti