Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Püstəxanım Baharlı Nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Doktor, fizioterapiyanın növləri hansılardır?
- Fizioterapevtik faktorlar təbii və süni olmaqla 2 yerə
bölünür. Təbii faktorlar dedikdə, Günəş vannaları, dənizdə çimmək,
dəniz ətrafı gəzintilər, iqlim müalicəsi (iqlim terapiyası), təbii
duz mağaraları, estetoterapiya, fonoterapya nəzərdə tutulur.
Süni faktorlar xarakterinə görə elektrik cərəyanı ilə müalicə,
maqnitoterapiya, optik diapazonlu elektromaqnit dalğaları ilə
müalicə, süni dəyişdirilmiş hava mühiti ilə müalicə,
franklinizasiya, mexaniki üsullardan istifadə etməklə müalicə, su
ilə müalicə, balneoterapiya, termoterapiya, iqlimlə müalicə,
sanator-kurort müalicəsi və s. bölmələri mövcuddur.
- Uşaqlarda daha çox hansı şikayətlər əsasında fizioterapevtik müalicələr həyata keçirilir?
- Son illər elm və texnikanın inkişafı ilə əlaqədar olaraq
uşaqlarda duruş kifozu, skoliozlar, döş qəfəsinin deformasiyaları,
yastı pəncəlik, lordozlarda, eləcə də travmatik zədələnmələr, əzələ
sinir, yumşaq toxuma zədələməsi və tənəffüs sistemi xəstəlikləri
rast gəlinir. Bundan əlavə, uşaqlarda genetik, irsi xəstəliklər,
məsələn əzələ distrofiyaları, spinal, muskulyar atrofiya və
nevroloji xəstəliklər müşahidə olunur.
Bu zaman masaj müalicəsi, bədən tərbiyəsi, kalsium fosfor
elektroforez, paravertebral əzələlərin stimulyasiyası, üzgüçülük,
hovuzda üzmə, maqnitoterapiya, ultrasəs müalicəsi, lazeroterapiya
yaş qrupundan asılı olaraq fərdi seçilir. Bu prosedurları uşaqlar
ildə 2 dəfə kurs şəklində qəbul edə bilərlər.
- Fizizoterapiya zamanı hansı amillər nəzərə alınmalıdır?
- Fizioterapiya zamanı xəstələrin yaşı, əsas və yanaşı gedən
xəstəliklər, yuxu rejimi, həyat fəaliyyəti, iş rejimi nəzərə
alınmalıdır. Uşaq, böyük və yaşlıların fizioterapiyaya olan
reaksiyaları fərqlidir. Hər yaş qrupunun xüsusi tələbləri və
məhdudiyyətləri olur.
Pasiyentin vəziyyəti və xəstəliyin gedişatına uyğun proqram tərtib
olunmalıdır. Nevroloji, ortopedik, kardiopulmonar və digər
vəziyyətlərə uyğun yanaşmalar tətbiq olunur.
Pasiyent şikayətlərlə müraciət etdikdə terapevtik, kardioloji,
nevroloji, revmatoloji, endekronoloq, qastroenteroloq, LOR
mütəxəssisləri tərəfindən konsultasiya olunur. Müayinələrin
nəticələrinə əsasən hər bir xəstəyə individual müalicə planı
hazırlanır.
Fizioterapiya təyin olunarkən, xüsusilə pediatriyada və ahıl yaşlı
insanlarda fizioterapiyaya seçici yanaşmaq lazımdır. Dozimetriya
yaşa uyğun seçilməlidir.
- Fizioterapiya və reabilitasiya üçün yaş məhdudiyyəti varmı?
- Fizioterapiyada mütləq yaş məhdudiyyəti yoxdur. Xəstənin yaşı,
hazırkı vəziyyəti nəzərə alaraq, bu və ya digər prosedurların
təyinetmə zamanı dozalanmanı fərdi seçirik. Ahıl yaşlı insanlara
fizioterapiya təyin edilərkən, daha çox iqlim, kurort faktorları
üstünlük təşkil etməlidir.
Fizioterapiya təyin olunarkən, ilk növbədə xəstələrin
ürək-qan-damar sisteminin fəaliyyəti nəzərə alınmalı, kardioloji
müayinə olunması vacib hesab olunur.
- Fizioterapiyanın istifadəsində hansısa əks-göstərişlərlə qarşılaşmaq mümkündürmü?
- Fizioterapevtik təyinatlar zamanı ümumi əks-göstərişlərə qanın sistem xəstəlikləri, koxeksiya, hipertoniya, baş-beyin damarlarının kəskin aterosklerozu, ürək-damar xəstəliklərinin dekonpensasiya mərhələsi, qan axma və qan axmaya meylilik, xəstənin ümumi ağır vəziyyəti aiddir. Bundan əlavə, qızdırmalı vəziyyət (bədən temperaturunun 38-dən yüksək olması), tez-tez tutmalarla müşayiət olunan epilepsiyalar, yüksək psixomotor oyanıqlıqlar, vərəmin açıq forması, bəd xassəli şişlər zamanı fizioterapiyanın istifadəsi tövsiyə olunmur.
- Hansı xəstəliklərdə Azərbaycanın unikal milli sərvəti olan Naftalan nefti tətbiq olunur?
- Bildiyiniz kimi, Naftalan şəhəri ərazisində əldə olunan eyni
adlı neft yüksək müalicəvi təsirə malikdir. Hazırda dünyanın bir
neçə ölkələrində də müalicəvi təsirə malik neft məhsulları əldə
olunsa da, yüksək müalicəvi tərkibinə görə Naftalan nefti öz
liderliyini qoruyub saxlayır.
Naftalan nefti naften turşuları və naften karbohidrogenləri ilə
zəngindir. Zəngin kimyəvi tərkibi sayəsində naftalaoterapiya
hiposensibilizasiya, iltihabəleyhinə, ağrıkəsici effekt yaranır,
mübadilə-trofiki proseslər stimullaşır, toxumaların fizioloji
regenerasiyası tənzimlənir.
Naftalan nefti həm ümumi vanna, həm də lokal yaxma, applikasiya
zamanı rafinə olunan, qətransızlaşdırılmış naften
karbohidrogenləri, naftomastika (naftalan nefti, parafin, seresin,
kamfora) Naftalan yağı məlhəmləri şəklində tətbiq olunur. Əsasən
dayaq-hərəkət sistemi, sinir sistemi, dəri xəstəlikləri,
ginekoloji, LOR, uroloji xəstəliklərində geniş istifadə olunur.
Naftalan nefti digər fizioterapevtik üsullarla kombinə olunan
formada tətbiq olunduqda, daha yüksək və dayanıqlı terapevtik
nəticə əldə olunur.
- Uşaq və yeniyetmə yaş qrupunda rast gəlinən skoliozun müalicəsində hansı fizioprosedurlar tövsiyə olunur?
- Skolioz dayaq-hərəkət sistemi xəstəlikləri arasında rast
gəlinən patologiyalara aiddir. Eləcə də, yaşlı insanlarda
degenerativ proseslər fonunda əmələ gəlir. Skoliozun erkən
diaqnostikası və müalicəsi vacibdir, çünki gecikmiş formalarda
əməliyyat qaçılmaz olur.
Skoliozun müxtəlif formaları var. Bunlara kongenital,
neyromuskulyar, idiopatik formalar aiddir. Kongenital forma
anadangəlmə onurğa fəqərəsinin qüsurları ilə əlaqədardır.
Neyromuskulyar forma nevroloji xəstəliklər fonunda yaranır.
Skoliozun simptomları inkişaf dərəcəsindən asılı olur. Bu zaman
çiyin və çanaq hündürlüyündə olan assimetriya, kürək sümüklərində
hündürlük fərqinin qeyri-bərabər vəziyyəti, döş qəfəsində
qeyri-simmetrik vəziyyət, bel nahiyəsində çuxur görünməsi aşkar
olunur.
Yeni doğulan və 3 yaşa qədər aşkar olunan skoliozlar infantil forma
kimi, çox zaman bud-çanaq displaziyası ilə müşayiət olunur.
Yuvenil idiopatik forma 3-10 yaş arası uşaqlarda rast gəlinir. Bu
zaman əyrilik artımı digərlərinə nisbətən daha çoxdur. Adolesan
skolioz 10-18 yaş arası görülən skoliozdur.
Onurğa sütunu müxtəlif şöbələrində, daha çox döş və bel
seqmentlərində əyriliklər müşahidə olunur. Onurğa sütunu
deformasiyalarının nə qədər tez aşkar edib, müvafiq prosedurlar
tətbiq olunarsa bir çox fəsadların qarşısını almaq mümkündür. İlkin
olaraq rentgenoloji müayinələrin aparılması və skoliozun
dərəcəsinin təyini vacibdir. Fizioterapevtik prosedurlar arasında
onurğa sütunu deformasiyalarında daha geniş tətbiq olunan müalicəvi
bədən tərbiyəsi, əzələ gücləndirilməsi, müalicəvi masaj,
elektrostimulyasiya, kalsium, fosfor elektroforezi, hovuzda üzmələr
geniş tətbiq olunur. Skoliozun dinamikasının izlənməsi vacibdir.
Belə uşaqlar daim həkim nəzarətində olmalı, yanaşı profilaktik
tədbirlər aparılmalı, kalsium, fosfor, vitamin D tərkibli
vitaminlər, xüsusi qida menyusu tərtib olunmalıdır.