Bakı. Trend:
Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
"Dərnəgül" - "Həzi Aslanov" xəttinin qatarları yalnız "Nizami" stansiyasına və geriyə hərəkət edəcək, yəni bu xəttin sərnişinləri üçün 6 ay ərzində son stansiya "Nizami" olacaq
Bəs bu, paytaxtda sərnişindaşımaya necə təsir edəcək?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Azər Axundov Trend-ə bildirib ki, bu işlər görülən zaman sərnişindaşımada müəyyən çətinliklərin yaranması gözlənilir.
"Dərnəgül" deposunun bir hissəsi hazır olmalıdır ki, xətləri
ayırmağa başlasınlar. Bu səbəbdən də əsas güc "Dərnəgül" deposunun
tikintisinə verilib və tikinti işləri sürətlə gedir. Deponun lazım
olan hissəsi hazır olandan sonra qatarların bir hissəsini oraya
çatdıracaqlar və bundan sonra xətləri ayıracaqlar.
“28 May” stansiyasından “Nizami” stansiyası istiqamətinə və əksinə
metro ilə hərəkət bir müddət mümkün olmayacaq. Bunun üçün xüsusi
avtobuslar (şatl) təşkil edilməlidir ki, insanlar “28 May”
stansiyasında düşüb avtobusa minsinlər və “Nizami” stansiyasına
doğru hərəkət etsinlər. Həmçinin, həmin şəxslərin bu stansiyalar
arası hərəkəti də ödənişsiz olmalıdır", - o qeyd edib.
Nəqliyyat məsələləri üzrə ekspert Fuad Əliyev bildirib ki, bu stansiyalar arasında hərəkətin dayandığı halda sərnişinlər alternativ yollar axtaracaq və bu da əlavə vaxt itkisinə səbəb ola bilər.
"Xüsusilə bu stansiyalar arasında tez-tez hərəkət edən sərnişinlər üçün uzun gözləmə müddətləri və ya dolmuş nəqliyyat vasitələrinə yönəlmə ehtiyacı yaranacaq. Hərəkətin dayandığı zonada alternativ nəqliyyat vasitələrinin istifadəsi artacaq, bu da digər nəqliyyat marşrutlarında sıxlığın yaranmasına səbəb ola bilər. Məsələn, sərnişinlər metronun digər stansiyalarına və ya avtobuslara yönələ bilərlər", - o vurğulayıb.
Ekspert qeyd edib ki, alternativ marşrutlara yönəlmə, sərnişinlərin daha çox vaxt sərf etməsinə səbəb olacaq, bu isə daha çox xərcə səbəb ola bilər.
"Xüsusilə gediş haqqı fərqli nəqliyyat vasitələrində dəyişkən ola bilər. Lakin nəqliyyat idarəsi alternativ həllər və marşrutlar təqdim etməklə bu təsirləri minimuma endirməyə çalışa bilər", - deyə o qeyd edib.