...

WUF13-ün Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək

Cəmiyyət Materials 28 Yanvar 2026 15:12 (UTC +04:00)
WUF13-ün Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə ƏDV-dən azad ediləcək.

Bildirilib ki, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 2023-cü il dekabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanmış və qanunla təsdiq edilmişdir.

WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək, həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bu azadolmalara aşağıdakılar aiddir:

WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);

qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);

qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);

müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).

Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti