...

Misir Mərdanov: Donorlar Azərbaycanda texniki-peşə məktəbləri sisteminin inkişafını dəstəkləməyə hazırdır

Cəmiyyət Materials 21 Aprel 2006 15:48 (UTC +04:00)

Texniki-peşə və orta ixtisas təhsilinin inkişaf strategiyasını işləyib hazırlamaq üçün Təhsil Nazirliyi işçi qrupunun yaradılmasına başlayıb. Trend in təhsil naziri Misir Mərdanova istinadən xəbər verdiyi kimi, komissiyanın tərkibinə Təhsil, Kənd təsərrüfatı, Sənaye və energetika, Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin nümayəndələri daxil olacaq.

Strategiyanın hazırlanmasında əsas məqsəd texniki-peşə təhsilinin optimallaşdırılması üçün peşə lisey və məktəblərin, o cümlədən orta ixtisas məktəblərinin inteqrasiyasından ibarətdir.

Nazir bildirib ki, Azərbaycanda texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı baxılmaq üçün hökumətə təqdim olunub. Onun sözlərinə görə, TPT sistemi bu gün acınacaqlı vəziyyətdədir. Buna görə də bu sistemin bərpası üçün çox vəsait tələb olunur. Hər il bu tədbirlər üçün dövlət büdcəsindən ayrılan vəsaitini həcmi artır. Əgər 2005-ci ildə 4,6 mln AZN ayrılmışdısa, 2006-cı ildə 9,7 mln AZN-nin ayrılması nəzərdə tutulur.

Bundan başqa, beynəlxalq maliyyə təşkilatları da təhsil sahəsində Nazirliyə yardım göstərir. 1992-ci ildən başlayaraq DB təhsil sektorunun inkişafı və yenidən formalaşdırılması üzrə iki layihə çərçivəsində yardım göstərib. UNESCO ilə imzalanmış niyyət protokoluna əsasən, 2006-2007-ci illərdə TPT-yə dəstək göstəriləcək. UNDP ilə 2005-2007-ci illər üçün nəzərdə tutulmuş "Peşə təhsilinin inkişafı" layihəsi gerçəkləşdirilir. Layihə seçilmiş rayonlarda peşə-təlim mərkəzlərinin bərpasını və avadanlıqlarla təchizatını nəzərdə tutur.

AB-nin TACİC proqramı çərçivəsində 2006-cı ildən başlayaraq TPT-nin inkişafı üzrə dərs planının işlənib hazırlanmasına dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə olunub. Asiya İnkişaf Bankı "Əsas təhsil" layihəsini işləyib hazırlamaq niyyətindədir. Bu layihəyə TPT üzrə kadr potenmialının gücləndirilməsi ilə bağlı komponentlər daxil ediləcək. Amerikanın USAİD agentliyi və Almaniya Texniki Yardım Cəmiyyəti (GTZ) də TPT sisteminin inkişafına yardım göstərməkdə maraqlıdır.

Xəbər lenti

Xəbər lenti