Yekaterinburq. Trend:
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.
Trend-in məlumatına görə
sərbəst güləşdə Azərbaycan idmançısı Səbuhi Yunusov (57 kq)
Monqolustan təmsilçisi olan rəqibi Sarantuya Jiquurya 6:2 hesabı
ilə qalib gəlib və ikidəbir finala keçib.
Sabir Cəfərov (70 kq) rəqibi monqol Shinebayar Deleq üzərində 10:0
hesabı ilə qələbə qazanaraq dörddəbir finalda iştirak etmək hüququ
qazanıb.
61 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Ceyhun Allahverdiyev İran İslam Respublikasını təmsil edən idmançı Veisi Mahti ilə gərgin mübarizə nəticəsində 4:2 hesabı ilə üstünlük qazanıb. Bununla da o, dörddəbir finala keçib.
Təsnifat mərhələsində Fərid Cabbarov (86 kq) belarus Kuxarçuk
Aleksey üzərində 8:3, Ramiz Həsənov (74 kq) Qazaxıstan təmsilçisi
Takirov Alinur ilə qarşılaşmada 6:0, Aydın Əhmədov (125 kq) Rusiya
idmançısı Tailun Oiun ilə döyüşdə 4-0 hesablı qələbə
qazanıblar.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet
İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr
edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman
növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın, olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.