Bakı. Trend:
Türkmənistan Respublikasının Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyası Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanacaq.
Bu barədə Trend-ə Administrasiyanın Mətbuat Xidmətindən məlumat verilib.
Türkmənistanlı qonağı - Türkmənistan Respublikasının Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyasının rəisi Seyitqulu Bayseyidovu salamlayan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirdi ki, əlverişli geostrateji mövqeyə malik Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsinə yönələn Heydər Əliyev strateji kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tarixi inkişaf yolu keçən dəniz nəqliyyati bütün zamanlarda öz əhəmiyyətliyini saxlayıb deyən Q.Qurbanovun sözlərinə görə, Azərbaycan 1995-ci ilin may ayında BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına tam səlahiyyətli üzv qəbul olunub. Ölkəmiz Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub.
Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun 2017-ci ilin 28 may-6 iyun tarixlərində Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlaması barədə danışan Q.Qurbanov vurğuladı ki, yoxlamanın nəticələrinə əsasən Respublikamız 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub.
Dövlət Dəniz Administrasiyasının rəisi Q.Qurbanovun sözlərinə görə, Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlamasının müsbət nəticələri Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin, qəbul edilən normativ hüquqi aktların, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılmasının, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycan Respublikasının bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunması barədə fikir yürütməyə əsas verir.
Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun gələn il Türkmənistanın Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyasında audit yoxlaması keçirəcəyinə toxunan Q.Qurbanov qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsədilə Azərbaycanda səfərdə olan Türkmənistan nümayəndə heyətinə bu istiqamətdə lazımi mütəxəssis köməyi göstəriləcəyini bildirdi.
Qəbula görə təşəkkür edən Türkmənistan Respublikasının Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyasının rəisi S.Bayseyidov Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlaması zamanı əldə edilən uğurlu nəticələrə görə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisini təbrik etdi. Yoxlamanın nəticələri Beynəlxalq Dəniz Təşkilatının hesabatlarında qeyd olunub deyən qonaq bildirdi ki, Azərbaycanın bu uğuru Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin rəğbətinə səbəb olub.
Azərbaycan Dövlət Dəniz Administrasiyasının liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycan Respublikasının bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin təşkili, beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlar, dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyəti, dəniz nəqliyyatı sahəsində həyata keçirdiyi digər tədbirlərlə bağlı mövcud təcrübəsindən yararlanmağa ehtiyac var deyən qonaq Tükmənistan və Azərbaycan Dövlət Dəniz Administrasiyaları arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışdı.
Görüşdə bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Daha sonra Türkmənistan nümayəndə heyəti, Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılan, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilən Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış oldular.