Bakı. Trend:
Ağdamda işğal dövründə yaranmış tikinti-söküntü tullantıları təkrar emal edilərək tikinti-quruculuq işlərində istifadə olunacaq.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ağdam şəhərindəki konfrans mərkəzində BMT-nin Ətraf Mühit Proqramı tərəfindən (UNEP) Ağdam rayonunda tikinti-söküntü tullantılarının idarə edilməsi ilə bağlı hazırlanmış hesabatın təqdimatı təşkil edilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
ətraf mühitə dəymiş zərərlərin aradan qaldırılmasına beynəlxalq
dəstəyin göstərilməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP)
ekspertlərinin ötən il işğaldan azad olunmuş ərazilərə
qiymətləndirmə səfəri həyata keçirilib. Ərazilərdə tikinti-söküntü
tullantılarının idarə olunması üçün Şuşa şəhəri və Ağdam rayonu
ərazilərindən götürülmüş tikinti-söküntü nümunələri üzərində
laborator təhlillər aparılıb, tullantıların təkrar emal edilərək
tikintidə istifadəyə yararlı olduğu müəyyən olunub.
Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və
müvafiq dövlət qurumlarının nümayəndələri, İşğaldan azad edilmiş
ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin xüsusi
nümayəndəlikləri, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və
İdarəetmə Xidməti” publik hüquqi şəxsin, “Şərqi Zəngəzur İqtisadi
Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin
əməkdaşları, həmçinin tikinti sahəsində təcrübəyə malik yerli
şirkət nümayəndələri iştirak edib.
Tədbirdə Ağdam rayonunda planlaşdırılan yenidənqurma və bərpa
işləri, tikinti-söküntü tullantılarının miqdarı və təkrar emal
imkanları daxil olmaqla, dağıntıların qiymətləndirilməsi və təkrar
emalı ssenarilərinin əsas nəticələri ilə bağlı müzakirələr
aparılıb, təkliflər dinlənilib.
Təqdim edilmiş hesabat əsasında Ağdam rayonunda tikinti-söküntü
tullantılarının idarə edilməsi ilə bağlı Fəaliyyət Planının
hazırlanması istiqamətində atılacaq addımlar barədə fikir
mübadiləsi həyata keçirilib, bu təcrübədən istifadə edərək işğaldan
azad edilmiş digər ərazilərdə də analoji fəaliyyətin
planlaşdırılması qərara alınıb.