Bakı. Trend:
Ötən il Naxçıvan Muxtar Respublikasında həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 99,1%, könüllü bəyanetmə isə 99,5% təşkil edib.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, son illərdə aparılan vergi siyasəti başlıca iqtisadi tənzimləmə alətlərindən olmaqla iqtisadi artımın təşviqinə və biznes mühitinin inkişafına yönəlib. Naxçıvanda 2023-cü il və 2024-cü ildə vergi nəzarəti tədbirləri minimuma endirilib. Naxçıvan, Şərur, Babək və Ordubad şəhərlərində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədilə vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib.
Muxtar respublikada vergi sisteminin təkmilləşdirilməsi məqsədilə reallaşdırılan tədbirlər vergi daxilolmalarını nəzərəçarpacaq dərəcədə artırıb. 2024-cü ildə Naxçıvanda vergi daxilolmaları 2023-cü illə müqayisədə 37,6% artaraq 226,6 mln. manat təşkil edib. Bu, proqnoz göstəricilərlə müqayisədə 30,2% çoxdur.