Bakı. Trend:
Ötən il hüquqi şəxslərin torpaq vergisi üzrə büdcə daxilolmaları 49,4 milyon manat proqnoza qarşı icra 54,3 milyon manat və ya 4,9 milyon manat (9,9 faiz) çox olub.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların 39,0 faizi və ya 21,2 milyon manatı neft sektorunun, 61,0 faizi və ya 33,1 milyon manatı qeyri-neft sektorunun payına düşüb.
Qeyri-neft sektoru üzrə torpaq vergisindən 33,1 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnozdan 0,1 milyon manat və ya 0,4 faiz, 2023-cü illə müqayisədə isə 0,4 milyon manat və ya 1,1 faiz çoxdur.
Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolma 338,5 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 26,2 milyon manat və ya 7,2 faiz az, 2023-cü illə müqayisədə isə 45,7 milyon manat və ya 15,6 faiz çoxdur. Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların 65,1 faizi və ya 220,3 milyon manatı qeyri-neft sektorunun, 34,9 faizi və ya 118,2 milyon manatı neft sektorunun payına düşüb.
Qeyri-neft sektoru üzrə əmlak vergisindən 220,3 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 26,4 milyon manat və ya 10,7 faiz azdır. Proqnozdan az daxilolmaya səbəb qeyri-neft sektoru üzrə hesablanmış əmlak vergisinin tam həcmdə yığımının həyata keçirilməməsi ilə əlaqədardır. Belə ki, qeyri-neft sektoru üzrə əmlak vergisində 286,7 milyon manat hesablama olduğu halda, onun yalnız 76,8 faizinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.