...

Ukrayna və Azərbaycan münasibətlərində müsbət tərəfdaşlıq təcrübəsi qarşılıqlı əlverişli layihələrin həyata keçirilməsini tələb edir - Ukraynanın Azərbaycandakı səfirinin müsahibəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2009 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend / Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Boris Klimçukun Trend İnformasiya Agentliyinə müsahibəsi

- Azərbaycan-Ukrayna əməkdaşlığının bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?

- Tarixi dostluq və qarşılıqlı hörmət ənənələrini davam etdirən hazırkı Ukrayna rəhbərliyi sözsüz ki, Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verir. Bununla yanaşı qeyd etmək lazımdır ki, istər siyasi, istərsə də iqtisadi baxımdan Azərbaycan-Ukrayna münasibətlərinin səviyyəsi elə bir yüksək keyfiyyət göstəricisi və yüksək etibar dərəcəsinə çatıb ki, biz bu münasibətləri strateji tərəfdaşlıq kimi xarakterizə edə bilərik.

Buna ən böyük sübutlardan biri, məsələn, Ukrayna və Azərbaycan arasında ən yüksək siyasi səviyyədə əlaqələrin dinamikasıdır. Təkcə, ötən il ərzində əməkdaşlığın müxtəlif istiqamətlərində ikitərəfli qarşılıqlı fəaliyyət üzrə vacib məsələləri müzakirə etmək üçün bizim prezidentlər üç dəfə görüşüblər

İkitərəfli siyasi münasibətlərin inkişafı kontekstində önəmli hadisə - iki dövlət başçılarının sədrliyi ilə geniş məsələlər dairəsi üzrə Ukrayna-Azərbaycan danışıqlarının keçirildiyi, Azərbaycan prezidentinin 21-23 may 2008-ci il tarixində Ukraynaya rəsmi səfəri olub. Adıçəkilən səfər zamanı Prezidentlər Şurası yaradılıb və onun nizamnaməsi imzalanıb. Bundan başqa, prezidentlər fəal siyasi dialoqun inkişafı və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərilməsi kontekstində münasibətlərin strateji səviyyəsini təsdiq edən, Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq haqda bəyannamə imzaladılar.

Ukrayna prezidenti Viktor Yuşenko geniş tərkibli rəsmi nümayəndə heyətinin başında 2008-ci il iyunun 30-da işçi səfərlə Azərbaycanda oldu. Səfər çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçirildi. Tərəflər istər ikitərəfli, istərsə də beynəlxalq regional strukturlar səviyyəsində, əsasən də Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatı - GUAM çərçivəsində Ukrayna-Azərbaycan əməkdaşlığının perspektivlərini müzakirə etdilər.

2008-ci il iyunun 2-də isə Ukrayna müdafiə naziri Yuri Yexanurovun azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşdüyü və ölkə prezidenti İlham Əliyev tərəfindən də qəbul edildiyi işçi səfəri baş tutub. Danışıqların gedişində hərbi və hərbi-texniki sahədə Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib. Bundan başqa, nazirlər GUAM çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib, eləcə də regiondakı siyasi durum haqda fikir mübadiləsi aparıblar.

Prezident seçkiləri zamanı MDB Parlamentlərarası Assambleyası adından müşahidəçi missiyasında iştirak edən Ukrayna Ali Radasının vitse-spikeri Nikolay Tomenko Azərbaycana səfər edib. Bu işçi səfər zamanı onun Milli Məclisin sədri Oqtay Əsədovla görüşü baş tutub.

Bakı Enerji Sammiti zamanı (13-14 noyabr 2008-ci il) tədbirə qatılan Ukrayna nümayəndə heyətində yer alan Ukraynanın Müdafiə və Milli Təhlükəsizli Şurasının katibi Raisa Boqatıryovanın Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə işçi görüşü də keçirilib.

Həmçinin xarici siyasət qurumlarının xətti ilə intensiv əlaqələr davam etdirilib. Ukrayna prezidentinin Bakı Enerji Sammitinin işində iştirakı məqsədilə səfəri zamanı Ukrayna və Azərbaycan xarici işlər nazirləri arasında işçi görüş keçirilib. 2008-ci il oktyabrın 24-də isə İlham Əliyevin inauqurasiya mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işçi ezamiyyəti çərçivəsində Ukrayna XİN rəhbərinin müavini Konstantin Yeliseyev həmkarı Xələf Xələfovla işçi görüş keçirib. O, Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycan prezidenti İlham Əliyevin yenidən dövlət başçısı postuna seçilməsi münasibətilə təbrik məktubunu Xələfova təqdim edib.

Görüş zamanı Xələfov ölkələr arasında mövcud olan etibarlı münasibətlətləri yüksək qiymətləndirərk, Azərbaycan tərəfinin bundan sonra da Ukrayna ilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirmək və GUAM çərçivəsində əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu dilə gətirib.

Ötən illərdə olduğu kimi, 2008-ci ildə başqa beynəlxalq təşkilatlar (BMT, ATƏT, MDB, Aİ, AŞ PA) çərçivəsində də Ukrayna-Azərbaycan əməkdaşlığı fəal şəkildə davam etdirilib, nümayəndə heyətləri, daimi nüayəndəliklər və ekspertlər səviyyəsində daimi əlaqələr saxlanılıb.

Qarşılıqlı fəaliyyətin daha bir, heç də az önəm kəsb etməyən forması Ukrayna və Azərbaycanın xarici siyasət qurumları arasında müntəzəm məsləhətləşmələr olub. Bu məsləhətləşmələr gedişində ekspertlər ikitərəfli və çoxtərəfli formatda Ukrayna-Azərbaycan əməkdaşlığı məsələlərini müzakirə edir, hazırlayır, koordinasiya edir və həyata keçirirlər.

Beləliklə, iki ölkənin xarici siyasətinin ayrılmaz və vacib hissəsi olan münasibətlərimizin gələcəyinə nikbin baxmaq üçün bütün əsaslarımız var. Üstəlik, bunun üçün təməl də yaradılıb - bu, ikitərəfli münasibətlərin nüfuzlu şəkildə işlənilmiş, qarşılıqlı fəaliyyətin demək olar ki, bütün sahələrini - siyasət, iqtisadiyyat, ticarət, energetika, mədəniyyət, təhlükəsizlik və s.-ni əhatə edən danışıq-hüquqi bazasından ibarətdir.

Ukrayna və Azərbaycan Respublikası arasında iqtisadi-ticarət əməkdaşlığına gəlincə, , biz onun dinamikasından razıyıq.

Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın təhlili son zamanlar sabit inkişaf və ikitərəfli müasibətlər arasında baş verən müsbət tendensiyaları göstərir. Bu haqda aşağıdakı rəqəmlər parlaq şəkildə danışır: ölkələrimiz arasında strateji tərəfdaşlığı nəzərə alaraq, ikitərəfli münasibətlərin sürətli inkişaf dinamikası nəticəsində, ilk növbədə ticarət-iqtisadi sahədə sadə hesablamalar göstərir ki, Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi 2008-ci ilin yekunları üzrə 1 milyard dollara çatacaq.

Ukrayna Dövlət Statistikasının məlumatına görə, 2008-ci ilin yanvar-noyabr (ilin yekunları haqda məlumatlar hələ yoxdur) aylarında ölkələrimiz arasında xarici ticarət dövriyyəsi 904 milyon dollar təşkil edib ki, bu 2007-ci ilin analoji dövr göstəricisindən 52 faiz çoxdur. Ötən ilin 11 ayı ərzində Ukraynadan Azərbaycana məhsul ixracı 833 milyon dollar, yaxud 2007-ci ilin analoji dövr göstəricisindən 46 faiz çox təşkil edib. Azərbaycandan Ukraynaya idxal isə - 71,4 milyon dollar olub ki, bu da 2007-ci ilin 11 ayı üzrə göstəricidən təxminən üç dəfə çoxdur.

Ukraynadan Azərbaycana ixracın strukturunu əvvəllər olduğu kimi, metallurgiya sənayesi, sənaye kompleksi və maşınqayırma sahələri təşkil edir. Azərbaycandan Ukraynaya isə əsasən neft-kimya sahəsi və aqrar sənaye kompleksi məhsulları ixrac olunur.

Ancaq biz hesab edirik ki, iqtisadi sahədə tərəfdaşlıq münasibətlərinin müsbət təcrübəsi yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmamalıdır. Ukraynanın Azərbaycanla əməkdaşlıqda prioritet saydığı yanacaq-energetika və nəqliyyat sahələrində qarşılıqlı sərfəli layihələrin birgə həyata keçirilməsi məsələlərinin həlli də vacibdir. Bu məsələyə qayıdacam.

Bundan başqa, iqtisadi əməkdaşlığın sonrakı genişləndirilməsi imkanları regionlararası əməkdaşlıq, birgə müəssisələrin yaradılması, Ukrayna və Azərbaycandakı istehsal obyektlərinin özəlləşdirilməsində tərəflərin əsas subyektlərinin iştirakı ilə bağlıdır. Hazırda Dnepropetrovsk, Odessa şəhərləri ilə Bakı şəhəri, Volın vilayəti ilə Gəncə şəhəri, İlyiçevsk şəhəri ilə Bakının Qaradağ rayonu arasında regional əməkdaşlıq haqda müqavilə üzrə layihələrimiz imzalanma mərhələsindədir. Ümid edirik ki, onlar bu il imzalanacaq.

Sözsüz ki, biz yüksək texnologiyalar sahələrində də "təmas nöqtələri" axtarmalı və tapmalıyıq. Aqrar istehsal və aqrobiznes, mal-ərzaq qrupu üzrə istehsalda da əməkdaşlıq üçün böyük imkanlar var. Bütün bunlar ölkələrimiz arasında ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafı perspektivlərindən xəbər verir.

- Azərbaycan və Ukrayna arasında borc öhdəliklərinin idarə olunması üzrə danışıqlar hansı mərhələdədir?

- Bu suala cavab verərkən qeyd etmək istərdim ki, son zamanlar ölkələrimiz arasında böyük xarici ticarət dövriyyəsinə baxmayaraq, dövlət səviyyəsində borc və hesablaşma üzrə gecikmə halları olmayıb.

Təxminən yarım il əvvəl Bakıya Ukraynanın səfiri kimi gəldiyim zaman mənə məlumat verdilər ki, hələ 2000-ci ildə Ukrayna və Azərbaycan şirkətləri arasında dizel yanacağı tədarükü üzrə hesablaşmalar sona çatdırılmayıb (təxminən 5 milyon ABŞ dolları). Bu məsələ ötən il Kiyev və Bakıda müvafiq qurumlar arasında müzakirə olnub. O vaxtdan ötən 10 il müddətində Ukraynada bir neçə hökumət dəyişib, Azərbaycandan dizel yanacağı tədarük edən "Ukrresursı" səhmdar şirkəti artıq çoxdan mövcud deyil (o ləğv edilib), ancaq bu məsələnin həlli müxtəlif səbəblərdən "havadan asılı" vəziyyətdə qalıb. Bunu nəzərə alaraq, bizim səfirlik ötən ilin sonunda Ukraynanın müvafiq orqanlarına bu məsələyə bir daha baxılması və 2009-cu il dövlət büdcəsi layihəsində həll edilməsi üçün rəsmən müraciət edib.

- Ümumdünya maliyyə böhranı ölkələr arasında əməkdaşlığa təsir edibmi və 2008-ci ildə ticari-iqtisadi əməkdaşlıq sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq mümkün olubmu?

- Artıq dediyim kimi, Ukrayna Dövlət Statistikasının məlumatına görə, Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi 2008-ci ilin yekunlarına görə 1 milyard dollara çatacaq. Ticarət münasibətlərində enmə müşahidə olunmayıb. Əksinə, Avropa ölkələri bazarının azalması ilə əlaqədar olaraq, bəzi Ukrayna istehsallı malların Azərbaycanda aşağı qiymətlərlə realizəsi imkanı yaranıb. Bu, ilk növbədə metal məhsulları, sement, ağac, DSP fanerləri, taxıl və başqa ərzaq məhsullarına aiddir.

Əlbəttə, böhran ölkələrimiz arasındakı əməkdaşlığa bəzi dəyişiklilər etdi. İlk növbədə buna ABŞ dollarının Ukrayna valyutasına nisbətdə iti sürətlə artımı təsir edib. Ancaq Azərbaycanda manatla bağlı daha sabit vəziyyət ticarət axınlarının balansını ciddi şəkildə pozmağa imkan vermədi. Biz yenə də etibarlı strateji tərəfdaşlarıq.

- Azərbaycan idxalçılarının Ukraynadan taxıl tədarükləri bərpa olunubmu və bu il Azərbaycana nə qədər kənd təsərrüfatı mallarının idxal edilməsi gözlənilir?

- 2008-ci il Ukrayna üçün taxıl məhsuldarlığı üzrə rekord ili olub və Ukrayna aqrar işçiləri 13 milyon tondan çox taxıl realizə ediblər. Həqiqətən, 2008-ci ilin əvvəlində Ukrayna hökuməti tərəfindən taxıl ixracına kvotalar tətbiq olunub. Ancaq aprel ayında bu məhdudiyyətlər aradan götürülüb. Bundan azərbaycanlı idxalçılar da yararlanıblar. Onlar bu gün üçün Ukraynadan Azərbaycana 100 min tondan çox taxıl idxal ediblər və bu iş davam etdirilir.

- Bu ilin sonuna qədər Odessa-Brodı-Plotsk boru kəməri vasitəsilə neft nəqli layihəsinin texniki-iqtisadi əsaslanmasının (TİƏ) hazırlanması planlaşdırılıb. Bu layihə hazırdırmı? Bakı Enerji Sammitində Ukrayna prezidenti Viktor Yuşenko bildirmişdi ki, 2009-cu ildə bu layihə üzrə konkret işlər başalanacaq. Bu işlər nədən ibarətdir?

- Artıq bu il Londonda Azərbaycan Respublikası və Ukrayna nümayəndələrinin daxil olduğu "Sarmatiya" BTƏ iştirakçıları tərəfindən layihə developerlərinin (hazrılayanlar) - "Qrenhern", "Purvin and Qerts", "KBR" və "Qrinqeyt" şirkətlərinin təqdim etdiyi TİƏ nəticələri nəzərdən keçirilib. Tədqiqatların nəticəsində bu nəqliyyat layihəsinin perspektivliliyi və iqtisadi məqsədəuyğunluğu təsdiqlənib. Bundan başqa, ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan bazarlarda Xəzəryanı neftə olan ehtiyac da təsdiqlənib. Bu, Odessa-Brodı-Plotsk neft boru kəməritikintisinin perspektivliyi və aktuallığına, eləcə də "Sarmatiya" iştirakçılarının atdığı addımların əsaslı olduğuna bariz sübutdur.

Beləliklə, artıq bu il TİƏ-ni hazırlayanların gəldiyi nəticələrə əsaslanaraq layihənin praktiki həyata keçirilməsi istiqamətində sonrakı addımlar atılacaq. Bu addımlara Odessa-Brodı neft kəmərinin avers istifadəsi məsələsinin həlli ilə yanaşı, texniki əsaslanmanın hazırlanması çərçivəsində işlənmiş təkliflərin praktiki tətbiqi kimi böyük tədbirlər kompleksinin daxil edilməsi də nəzərdən keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti