...

Azərbaycanda qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində tədbirlər gücləndirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2012 16:14 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə cümə axşamı nazirlikdə "Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi" mövzusunda müşavirə keçirilib.
Azərbaycanda qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində tədbirlər gücləndirilir (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə cümə axşamı nazirlikdə "Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi" mövzusunda müşavirə keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev, Dövlət Sosial Müdafiə Fondunun, Vergilər Nazirliyinin və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir Fizuli Ələkbərov son 8 ildə ölkəmizdə əksəri qeyri-neft sektoruna aid olmaqla, bir milyondan çox yeni iş yerinin yaradıldığını, işsizliyin hətta inkişaf etmiş ölkələrlə müqayisədə aşağı düşərək 5,4 faizə endiyini qeyd edərək bildirib ki, bu kimi tədbirlər və əhalinin gəlirlərində davamlı artım dinamikasına nail olunması nəticəsində yoxsulluq səviyyəsi 5 dəfə azalaraq 7,6 faizə enib.

İqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluq imkanlarının artması fonunda qeyri-leqal məşğulluq halları da mövcuddur. Bu gün demək olar ki, bütün ölkələrdə, o cümlədən Avropa ölkələrində qeyri-leqal məşğulluq var. Qeyd olunub ki, Azərbaycan hökumətinin 2010-cu ilin birinci rübünün yekunlarına dair iclasında qeyri-formal məşğulluğun leqallaşdırılması ilə bağlı dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq, bu sahəyə dövlət nəzarəti daim gücləndirilir.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən ilin 6 ayı ilə müqayisədə cari ilin birinci yarısında 200 nəfər çox, yəni 960 nəfər işçi ilə əmək müqaviləsinin bağlatdırılması təmin edilib. Bu sahədə daha təsirli tədbirlərin həyata keçirilməsi iş yerlərində sosial məsuliyyətin güclənməsinə səbəb olsa da, hələ də işəgötürənlər tərəfindən işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsinə biganə münasibət göstərilməsi halları mövcuddur. Bu problem əsasən tikinti və xidmət sektorunda özünü göstərir.

İşəgötürənlərin vergi ödəməkdən yayınmaq üçün yol verdikləri belə hallar işçilərin gələcək pensiya təminatı, istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində zərər çəkən işçilərin və ya onların ailələrinin sosial müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün ciddi çətinliklər yaradır. Ona görə də qeyri-leqal əmək fəaliyyəti göstərən işçilər mütləq öz məşğulluqlarını leqallaşdırmalı və vergilərə cəlb olunmalıdırlar.

Müşavirədə ölkənin əmək bazarında qeyri-formal məşğulluğun mövcud vəziyyəti, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi zamanı qeyri-rəsmi əmək münasibətlərində olan işçilər və işəgötürənlər arasında əmək müqavilələrinin bağlatdırılması sahəsində görülən işlər təhlil olunub. Tədbirdə qeyri-formal məşğulluğun aradan qaldırılması məqsədilə milli qanunvericiliyin təkmilləşdirilməsi, bütün iş yerlərində həmkarlar ittifaqlarının yaradılması zərurəti vurğulanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçilərlə qeyri-leqal əmək münasibətləri həyata keçirən işəgötürənlərə qarşı ciddi inzibati tədbirlərin görüləcəyi bildirilib.

Eyni zamanda, müşavirə iştirakçıları iş yerlərində işçi hüquqlarının daha etibarlı müdafiəsi mexanizminin qurulması məqsədilə sosial tərəfdaşlarla birgə yaradılmış Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın tərkibində qeyri-leqal məşğulluğa qarşı mübarizə aparmaq üçün müvafiq komissiyanın yaradılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları və Milli Sahibkarlar (İşəgötürənlər) Konfederasiyalarının, Dövlət Sosial Müdafiə Fondunun, Vergilər Nazirliyinin birgə əlaqəli innovativ fəaliyyətinin təşkili, həmçinin, geniş təbliğat-maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və s. barədə təkliflər səsləndiriblər.

Tədbirdə qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində sosial tərəfdaşlarla birgə qarşıda duran vəzifələr müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti