...

Azərbaycan Gürcüstan bayrağı altında üzən gəmilərin hərəkətini izləyəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2013 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Gürcüstan Dəniz Administrasiyasının rəhbəri Mamuka Akhaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəhbərliyi arasında Bakıda işgüzar görüş keçirilib.

ARDDA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov son dövrlərdə iki ölkə arasında hər sahədə olduğu kimi, dəniz nəqliyyatı sahəsində də əldə edilmiş uğurları qeyd edərək gələcəkdə də əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycan Dövlət Dəniz Administrasiyasının struktur tərkibində yaradılmış dünya okeanlarında üzən gəmilərin Uzaq Məsafədən Tanınması və İzlənilməsi üzrə Milli Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verən Qurbanov bildirib ki, adıçəkilən Milli Mərkəz respublikamızın qoşulduğu "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq məhz Azərbaycanda yaradılıb. Milli Mərkəzin geniş texniki imkanlara malik olması və ən müasir avadanlıqlarla təmin edilməsi ilə regionda qabaqcıl bir mərkəzə çevrilməsi nəticəsində nəinki Xəzəryanı dövlətlərdən, habelə Gürcüstan kimi, digər regionlarda yerləşən dövlətlərin hökumətləri adından öz bayraqları altında üzən gəmilərin hərəkətlərinin izlənilməsinin həyata keçirilməsinin Milli Mərkəzə həvalə edilməsi ilə bağlı müraciətlər daxil olmaqdadır.

Milli Mərkəzin texniki imkanlarından söz açan Qurbanov qeyd edib ki, Mərkəz Uzaq Məsafədən Tanınma və İzləmə Sistemi üzrə gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və s. kimi xidmətlər həyata keçirməkdədir.

Gürcüstan Dəniz Administrasiyasının rəhbəri Mamuka Akhaladze öz çıxışında Azərbaycanın hər bir sahədə olduğu kimi, dəniz nəqliyyatı sahəsində də əldə etdiyi uğurlara toxunaraq son dövrlərdə iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı məmnunluğunu ifadə edib və ARDDA tərəfindən beynəlxalq səviyyədə əldə edilmiş nailiyyətlərə şahid olduğunu qeyd edərək, Administrasiyanın fəaliyyətinin yüksək səviyədə təşkil olunduğunu xüsusilə vurğulayaraq, bu təcrübənin Gürcüstan Dəniz Administrasiyasında tətbiq edilməsində böyük rol oynayacağını bildirib.

Akhaladze Azərbaycan Dövlət Dəniz Administrasiyasının struktur tərkibində fəaliyyət göstərən Milli Mərkəzin müasir texniki imkanlara malik avadanlıqlarla təchiz edildiyini və belə bir mərkəzin Gürcüstanda olmadığını nəzərə alaraq, Gürcüstanın dövlət bayrağı altında üzən gəmilərin hərəkətinin izlənilməsinin yuxarıda qeyd edilən Milli Mərkəz tərəfindən həyata keçirilməsini xahiş edib və qeyd olunan məsələ ilə əlaqədar müzakirələr aparılaraq Milli Mərkəz tərəfindən Gürcüstan bayrağı altında üzən gəmilərin hərəkətinin izlənilməsinin həyata keçirilməsi barədə müvafiq müqavilə imzalanıb.

Görüşdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti