Azərbaycan, Bakı, 18 mart /Trend/
Türkiyənin millət vəkili Ahmet Arslanın rəhbərlik etdiyi və Türkiyə Loydunun rəhbərliyinin də təmsil olunduğu nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəhbərliyi arasında işgüzar görüş keçirilib.
Administrasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə çıxış edən ARDDA-nın rəisi Qüdrət Qurbanov son dövrlərdə iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın uğurlarını qeyd edərək gələcəkdə də əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyinə əminliyini vurğulayıb, Türkiyə Loydu və Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası arasında imzalanmış "Gəmilərin nəzarət yoxlanılmasına dair Memoranduma" toxunaraq, keçən dövr ərzində Türkiyə Loydu tərəfindən müqavilədə göstərilən öhdəliklərin müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib.
Eyni zamanda, Dövlət Dəniz Administrasiyasının rəisi tərəfindən Türkiyə Loydunun Azərbaycanda fəaliyyətinin genişləndirməsi üçün münbit şəraitin olduğu, tespublikamızda ticarət gəmiçiliyi sahəsinin getdikcə inkişaf etdiyi, bu şəraitdən istifadə edərək gəmilərə texniki nəzarət sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
Ahmet Arslan, Azərbaycanın digər sahələrdə olduğu kimi, dəniz nəqliyyatı sahəsində də əldə etdiyi uğurlardan məlumatlı olduğunu qeyd edib, ümumilikdə iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı məmnunluğunu ifadə edib. Millət vəkili, həmçinin Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələrinin Azərbaycandan kənarda da hiss edildiyini, bu səbəbdən respublikamızın dəniz nəqliyyatı sahəsinin təsnifat cəmiyyətləri üçün cəlbedici olduğunu, Türkiyə Loydunun da bu təsnifat cəmiyyətləri cərgəsində öndə olduğunu vurğulayaraq, Dövlət Dəniz Administrasiyası tərəfindən Türkiyə Loyduna göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşün sonunda Türkiyə nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının inzibati binasında fəaliyyət göstərən Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.