...

Azərbaycanda turizmin inkişafına kompleks şəkildə yanaşmaq lazımdır (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2013 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

"Millenium Turizm Konqres DMC" şirkətinin rəhbəri Ruslan Quliyevin müsahibəsi:

- Ruslan müəllim, artıq yay mövsümü başlayır. Turizm sektorunun daha da aktiv olduğu, ölkəyə turistlərin daha çox gəldiyi dövrdür. Bu mövsüm üçün hansı planlarınız var?

- Artıq yeni yay turizm mövsümünə qədəm qoyduq. Cari ilin 4-6 aprel tarixləri arasında 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirildi. Əslində bu biz turizmçilər üçün bir start etapıdır. Bununla bağlı dünyanın çeşitli ölkələrindən turizm təsisatlarının nümayəndələri Azərbaycana təşrif buyurdular. Həmin sərgi Qafqazda ən böyük turizm sərgilərindən biri kimi qiymətləndirilir. Bu dönəmdə də istər daxili, istərsə də xarici turizmdə turizm industriyası nümayəndələri özlərinin çeşitli proqramlarını elan edirlər. Hər il olduğu kimi, ənənəyə sadiq qalaraq bu il də, iyun ayının ilk 10 günlüyündə rəsmi olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə turizm mövsümünün açılışı elan olunacaq. Artıq turizm ümumiyyətlə yay mövsümü anlamından çıxıb. Təbii ki, bizim əsas məqsədlərimizdən biri də Azərbaycanda turizmin 12 ay aktual olmasını və Azərbaycanda turizm günlərinin sayının artırılmasına nail olmaqdır. Azərbaycan üçün spesifik olan turizm növlərinin bir çoxunu inkişaf etdirməkdə maraqlıyıq və bura ekoturizmin müxtəlif növlərinin inkişafı aiddir. Eyni zamanda bu gün Azərbaycanda işgüzar turizm deyilən bir termin də var. Onun inkişafina çox böyük şərait yaradılıb. Son bir neçə ildir Bakı, Qəbələ, Gəncə şəhərləri Azərbaycanda mötəbər tədbirlərə ev sahibliyi edib. Bütün bunlar da turizmin inkişafına töhfədir. Bu inkişafda həmin tədbirlər yaxşı mənada təsirsiz ötüşmədi. Təbii ki, bu tərbirlərə ev sahibliyi etmək üçün bəlli bir infrastruktur olmalıdır. Bu sahədə də bu gün də işlər gedir. Ən əsas məqsədlərimizdən biri də xidmətin gücləndirilməsidir. Çünki gələn qonaqlara turizm üzrə məlumatı olan insanlar xidmət göstərməlidir. Azərbaycanda baş tutan tədbirlər zamanı çox gözəl bir təcrübə keçirildi. Azərbaycan Turizm İnstitutunun tələbələri və məzunları bu tədbirlərin həyata keçirilməsinə cəlb olundular. İstər hava limanında qarşılamaq, şəhər turları, tədbir keçirilən yerdə hansısa assistentlik funksiyasının həyata keçirilməsi təbii ki, bu da gələcəkdə onların nəzəri biliklərinin olması ilə yanaşı praktik biliklərinin daha da təkmilləşməsinə şərait yaradacaq.

- Ölkədə çox sayda turizm şirkətləri fəaliyyət göstərir. Bu şirkətlər əsasən hansı problemlərlə üzləşirlər?

- Xidmətin aşağı səviyyədə olması, qiymətlərin bahalığı və sairə bu faktorları biz həmişə qeyd edirik. İnkişaf mövcuddursa problemlər də onların yol yoldaşıdır. Önəmli olan problemin olması deyil. Həmin problemlərin həlli mexanizmlərinin düzgün qiymətləndirilməsidir. Biz turizmin inkişafının ötən 10 illik tarixinə baxdıqda kəmiyyət göstəricilərində çox qabağa getmişik. Barmaqla saya biləcək mehmanxana təsisatları və ya turizm təşkilatları artıq bu gün 200-dən çoxdur, 500-ə qədər mehmanxana tipli obyektlərimiz mövcuddur. Düşünürəm ki, Azərbaycanda turizmin inkişafına kompleks şəkildə yanaşmaq lazımdır. Burada 3 əsas hədəfimizi bəlli etməliyik. Bunlardan birincisi turizm sahəsində çalışan insanlar, təşkilatlar çox güclü təşkilatlanma funksiyası formalaşdırmalıdır. İstər özəl təşkilat, istər qeyri-hökumət, istər kommersiya qurumları, istərsə kənd icmaları, gənclər olsun. Bizim turizmin inkişafı ilə bağlı vahid strategiyamız olmalıdır. Ola bilər ki, hər kəs ayrı-ayrılıqda turizmin inkişafı ilə bağlı hansısa işlər görür və buna azacıq da olsa müəyyən töhfələri olur. İkinci əsas məsələ isə koordinasiyanın düzgün həyata keçirilməsidir. Bu gün turizmin inkişafında maraqlı olan insanlar bir araya gəlib vahid məqsədə xidmət etməliyik. Ən ali məqsədimiz Azərbaycanda turizm bumunun yaşanmasını təmin etməkdir. Üçüncü isə təqdim etmə mədəniyyətini özümüzə aşılamalıyıq və onu özümüzdə formalaşdırmalıyıq. Çünki başqa bir ölkəyə gedəndə görürsən ki heç də qeyri-adi olmayan nəyisə elə təqdim edirlər ki, insanların hafizəsində uzun müddət qalır. Allah bizə hər şeyi bəxş edib. Zəngin tariximiz, mədəniyyətimiz, adət-ənənəmiz və ən böyük kapitalımız olan qonaqpərvərliyimiz var. Ancaq təəssüflər olsun ki, bu hələ ki, xam formadadır, turizm məhsulu halına gətirilməlidir. 2010-2014-cü illərdə turizmin inkişafı ilə bağlı dövlət proqramı mövcuddur. 1999-cu ildə qəbul edilən turizmlə bağlı qanuna dəyişiklik edilərək yenidən qəbul olunması gözlənilir. Qanunun hazırlanmasında bütün maraqlı tərəflər iştirak etdi. Orada mütəxəssis rəyi öz əksini tapıb. Bu qanun ümumdünya turizm təşkilatına göndərildi. Onların rəyi nəticəsində artıq qanun layihəsinin parlamentə təqdim olunması və prezident tərəfindən imzalanması gözlənilir. Sadələşdirilmiş viza sisteminin- online sisteminin tətbiqi ilə bağlı prezidentin 30 noyabr tarixli fərmanı var. Bu çox mühüm mərhələdir və güman edirəm ki, Azərbaycanda turizmin inkişafina müsbət təsir edəcək. Artıq online viza sisteminin tətbiqinə başlamışıq. Yəqin ki, 1-2 ay test müddəti olacaq və təbii ki, hər bir yeni yaranan sistemdə fəsadlar və çatışmamazlıqlar olur. Ancaq düşünürəm ki, bu sistemin mükəmməl şəkildə tətbiqindən sonra Azərbaycana turistlər nəzərəçarpacaq dərəcədə deyil, çox yüksək səviyyəsdə gələcək. Ancaq mən güman edirəm ki, bu gün Azərbaycanda bir neçə sahədə - həm vergi siyasətində, həm qanunvericilik bazasında dövlət tərəfindən tətbiq olunmalı bəzi məsələlər var. Bu dünya ölkələrinin tətbiq etdikləri sistemdir. Ümumiyyətlə, biz bütün dünya ölkələrinin turizm inkişaf modellərindən yararlanmalıyıq. Ancaq hər bir halda öz milli faktorlarımızı nəzərə alaraq turizmin inkişafının Azərbaycan modelini yarada bilərik. Hələ ki, dəniz istirahətinin beşiyi sayılan Türkiyə, Yunanıstan, İspaniya kimi ola bilmərik. Xəzəri onlarla müqayisə etməyək, amma bölgədə ekoturizmin inkişafı üzrə bir model ölkə ola bilərik. Biz hər zaman turistlərə deyirik ki, siz qısa zaman kəsiyində təbiətin müxtəlif çalarlarını görə bilərsiniz. Bu çox əvəzedilməzdir və dünyanın başqa yerində belə bir şeyə rast gəlmək çox çətindir. Mövcud olan iqlim tiplərinin 9-u Azərbaycandadırsa bu elə kiçik bir dünya deməkdir. Türkiyə, Rusiya kimi böyük dövlətlərdə sutkalarla yol gedib başqa-başqa təbii imkanlar görmək yox, qısa bir zamanda turistlərə biz bunların hamısının göstərə bilərik. Güman edirəm ki, gələcəkdə turizm şirkətlərinə uzunmüddətli az faiz dərəcəsində kredit almaq imkanları tətbiq edilməlidir. Bu turizmin inkişafında vacib şərtlərdən biridir. Daha sonra turizm sahəsində ƏDV aradan qaldırılmalıdır. Ələlxüsus da ölkə daxilinə turist gətirən təşkilatlardan söhbət gedir. Diferensial vergi siyasəti tətbiq olunmalıdır. Yəni turizmin mövsümi xarakterli olduğunu nəzərə alaraq yüksək və ya aşağı sezon məfhumları həmin o vergiyə tətbiq olunma siyasətində nəzərə alınmalıdır. Dünyada ölkənin turizm və ya mədəni imkanlarının xarici ölkələdə təbliğ edən turizm təsisatlarına dövlət 50 faiz həmin təşkilatın xərclədiyi pulları özünə qaytarır. Bizdə də bu tətbiq olunsa yaxşı olar. Kiprdə belə bir təcrübə var ki, ölkəyə turist cəlb edən xarici turizm təşkilatları 7 gecə gecələmək şərti ilə ölkəyə nə qədər turist gətirirlərsə hər adama 60 evro konpensasiya ödəyir. Təsəvvür edin ölkəyə 1 milyon turist daxil olur və dövlət büdcəsinə 60 milyon pul daxil olur. Nəzərə alsaq ki, həmin 1 milyon turist 7 gün ərzində 850-1000 şərti vahid pul xərcləyir. Yəni, bu milyarddan çox büdcədir. Yəni belə sistemlər tətbiq olunmalıdır. Turizm çox unikal bir sahədir. Kənddən şəhərə olan işçi axının qarşısının alınmasında, ölüb getməkdə olan xalq tətbiqi sənətinin həyata qaytarılmasıda turizmin əvəzsiz rolu var. 90 yaşında olan sənətkar dünyasını dəyişəndən sonra bəlkə də bu işi onun nəvələrindən heç kim davam etdirmək istəməyəcək. Ancaq turizmin inkişafi ilə həmin o süvenir ticarətinin təşkil olunması ilə ola bilər ki, o nəsil bəlkə də həmin sənətə hörmətdən irəli gəlməsə də, pul qazanmaq imkanı olduğu üçün həmin sahəni davam etdirəcək. İnsanlar həm maddiyyatı fikirləşməlidir, həm də öz ölkəsi üçün nəsə etməlidir. Turizm diplomatiyadır, vətənpərvərlik işidir, çoxşaxəli fəaliyyət növüdür. Azərbaycana turist gətirən təşkilatlar Azərbaycan Hava Yollarından çox böyük endirimlər almaq imkanları olmalıdır. Əgər proqramlarını rəsmi şəkildə təqdim edirlərsə dövlət dotasiya ayırmalıdır və həmin o şirkətlərə endirimli biletlər təklif olunmalıdır. Demirəm ki, bu uzunmüddətli olsun ən azından 3-5 il müddətində proqram çərçivəsində həyata keçirilsin. Turizm elə bir sahədir ki, dövlət bu sektoru stimullaşdıra bilsə qısa bir zamanda onun bəhrəsini görəcək. Hazırda çox iş görülür. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə biz, başqa iş adamları, xırda və orta sahibkarlar istədikləri vaxt Tokiada, Berlində, Londonda öz mehmanxanalarının, istirahət məkanlarının təbliğatı ilə məşğul ola bilirlər. Buna görə də, onlara təşəkkür edirik. Eyni zamanda stendə qatılma, girişlər, stendin kirayəsini və sairə öz üzərlərinə götürürlər. Hər il bizim mədəniyyət paytaxtlarımız - sənətkarlıq, əfsanələr, folklorluq elan olunur və hər il də dəyişilir bu paytaxtlar. Ən son sərgimiz Berlində oldu. Biz Mədəniyyət və Konfranslar üzrə partnyor ölkə idik. Orada görüşlər, təqdimatlar həyata keçirildi. Nazirimiz də orada idi.

Yığmamızın baş məşqçisi Berti Foqtsda iştirak edirdi. Orada insanlarla dialoqlar təşkil olunurdu. Berti Foqts da Azərbaycan haqında çox gözəl danışdı. Bildirdi ki, sizi orada hər bir azərbaycanlı öz evinə aparıb qonaq edə bilər. Biz orada 3 stendlə təmsil olunurduq. Ekologiya, mədəniyyət və turizmçilərin cəm olduğu böyük bir stendimiz var idi.

- Ölkədə turizm sahəsində kadr pontensialı necədir? Hazırda bu işdə çətinlik çəkirsiniz, yoxsa əvvəlki illərlə müqayisədə vəziyyət yaxşıdır?

- İnkişafa müqayisəli baxmalıyıq. Artıq 3-cü buraxılışdır ki, Azərbaycan Turizm İnstitutunun tələbələrini biz sektora daxil edirik. Əvvəllər kadr yox idi və hər kəs öz yaxınını gətirirdi bu sahədə işləməyə, amma bu böyük bir elmdir. Turizmə hər zaman səthi yanaşıblar. Bir neçə il əvvəl turizm şirkətində işləyənlərə normal yanaşmırdılar. Çünki çox prestijsiz sahə kimi, əyləncə kimi baxırdılar. Bəli turizm əyləncədir, amma turistlər üçün. Turizm sektoru işçiləri üçün bu doğrudan da ciddi bir işdir. Sürücülük vəsiqəsi olmasa insan maşın sürə bilməz. Bəs, nəyə görə insanlarda turizmdə hər kəs işləyə bilər fikri formalaşır?! Artıq ona doğru gedirik ki, hər bir təşkilatda akreditasiyalar aparılmalıdır, sertifaksiyalar həyata keçirilməlidir və turizm sektorunda ancaq professionallar xidmət göstərməlidir. Ən azı 5 il təcrübəsi olan və ya hər hansı ali turizm məktəbini bitirən və yaxud Azərbaycan Turizm Assosasiyasının, "SKAL İnternational Bakı" Turizm Peşəkarları Assosiasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin tanıdığı, onların tədbirlərində sertifikatlar alanlar tanınacaq. Ümumdünya Turizm Təşkilatı və ya Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çeşidli treninqlər həyata keçirilir. İstər mehmanxana xidmətinin təşkili ilə bağlı, restoran xidmətinin tətbiqi, bələdçilərin hazırlanması və sairə çox yaxş öyrədilir. Bələdçilər gəlir burda tədbirlər keçirir. Maraqlısı odur ki, bu tədbirlər Bakıda yox Masallıda, Qəbələdə, Naxçıvanda, Gəncədə, Şamaxıda və sairə yerlərdə keçirilir artıq. Həmin o treninqlər zamanı bölgələrdə yaşayan və turizmə cəlb olunması vacib olan gəncləri daha çox dəvət edir və ən azından turizmin fəlsəfəsini onlara öyrədirlər. Bu gün mən rəhbəri olduğum Azərbaycan Turizm Profisonalları Assosiasiyası Azərbaycan Turizm İnstitutu məzunları Assosiasiyası ilə müqavilə imzalayıb. Biz Azərbaycanda bölgələrdə mövcud olan istirahət mərkəzlərinin tanıdılması və orada servisin yüksək səviyyədə təşkil olunması ilə bağlı işlər görürük. Biz artıq siyahıyaalınmanı həyata keçirmişik. Turizm İnstitutuilə də sıx işləyirik ki, həmin rayonlarda, bölgələrdə bu institutu bitirmiş kadrların işsiz qalmamasına çalışırıq. Hansısa təşkilatlar bizdən reklam və marketinq işi ilə bağlı kömək istəyəndə biz sanki bir barter anlaşması təklif edirik. Bildiririk ki, siz böyük işlər görmək istəyirsinizsə o bölgələrdə olan bu institutu qurtaran uşaqları cəlb edib onların vasitəsilə sizin inkişafınıza kömək edə bilərik. Çünki bizdə 22 həftəlik praktika kursu var. Onların çoxu da Yunanıstanda, Kiprdə, Türkiyədə və digər Avropa ölkələrində təcrübə keçirlər. Mən Turizm İnstitutunun gələcəyinə nikbin baxıram. Bu nəinki turizm sektorunda, təhsildə yenilikdi. Bakıda oxuyaraq başqa universitetlərin də diplomunu almaq olur. Praktika, o cümlədən bizim mütamadi iş birliyimiz nəticəsində artıq onlar institutu bitirəndə nəzəri bilikləri olan bir tələbə kimi yox 40-60 faiz sektorda işləməyə hazır kadrlar kimi olurlar.

- Şirkətinizin yeni mövsüm üçün müştərilərinə hansı təklifləri olacaq?

- Azərbaycanda artıq ildən-ilə yeni istiqamətlər açılır. Antalya, Bodrum, Dubay bunlar ənənəvi istiqamətlərdir. Rahat və normal qiymətə istirahət edilə bilən istiqamətlər yox idi. Artıq iyunun 12-19-dan başlayaraq Şimali Afrikanın incisi olan Tunisə hər həftənin 3-cü günü olmaqla çartir reysləri təşkil olunur. Və Monteneqroya Adreatik dənizin ən gözəl qumlu sahillərinə də səyahətlərimiz başlayır. Qiymətlər də çox münasibdir. 590 manatdan başlayaraq 7 gecəlik paketlərdir. Bura avia daşıma, mehmanxana, transfer, sğorta, viza və təyinatına uyğun qidalanma sistemi daxildir. Artıq Macarıstana, Bolqarıstana da turlar təşkil olunur. Bu istiqamətlərin açılması seçim imkanlarının geniş olmasına şərait yaradır.

- Azərbaycanlılar əsasən hansı ölkələrdə istirahət etmək üçün sizə müraciət edirlər?

- Bizə əsasən Çexiya, Bosniya-Hersoqaviniya, Almaniya, Türkiyə, Rusiya, İran, Qazaxıstandan daha çox turist gəlir. Bizim özümüzdən də Şərqi və Qərbi Avropanın bütün ölkələrinə əsas iki istiqamətimiz var. Müalicə və istirahət turlarımız təşkil olunur. Müalicə ilə bağlı Şimali Qafqaza, Moskva ətrafına, Ukraynaya, Sloveniyaya, bundan başqa da Türkiyənin, Kiprin, Tunisin, Monteneqronun da istirahət mərkəzlərinə turlarımız var. Mənim tövsiyəm odur ki, paketi 1-2 ay əvvəl əldə edəndə həm qiymətdə seçim etmək mümkündür, həm də isitədiyiniz istirahət mərkəzini seçə bilərsiniz.

- Son vaxtlar istirahət arzusunda olan insanların turizm şirkətləri tərərfindən aldadılması kimi faktlara rast gəlinir. İstehlakçılar səyahət zamanı bu cür neqativ hallarla üzləşməmək üçün nə etməlidirlər?

- Biz bu gün yavaş-yavaş da olsa turizm sektorunu formalaşdırırıq. İstehlakçıya qarşı həyata keçirilən qeyri-etik davranış ümumilikdə turizm sektoruna şamil edilir. Bu iki halda baş verir. Ya həmin menecerin "ağıllı" olmasından, ya da səriştəsizliyindən irəli gəlir. Ölkəyə turist cəlb edən şirkətlər üçün bu çox vacib məsələdir ki, xarici turistə hansı formada xidmət olunur və həmin o bələdçi Azərbaycan tarixini hansı səviyyədə bilir. Nəzarət mexanizmi mövcud olmalıdır. Turizm bələdçisi çox universal insan olmalıdır. Bu gün bazarda yeni yaranmış təşkilatlar müxtəlif ucuz paketlərlə insanları cəlb etməyə çalışırlar. Vətəndaşlara tövsiyyə edirik ki, təşkilatlara müraciət etmədən öncə heç olmasa adını bir dəfə eşitmiş olduqları, mediada reklamlarına rast gəldikləri şirkətə müraciət etsinlər. Bunların heç biri ilə tanış deyillərsə ofisə gələndə vizual olaraq oradakı şəraitlə tanış olmalıdırlar. Lisenziyalarının olub-olmamasını soruşmaq bilavasitə istehlakçının hüququna daxil bir məsələdir. Əgər bundan hər hansi bir formada imtina etməyə çalışırsa heç həmin şirkətlə işləməyə dəyməz. Şifahi danışıqlardan sonra tur haqqında sövdələşmə sifariş-müqavilə deyilən bir sənəd imzalanmalıdır. Hansı ki, orada otağın kateqoriyasından tutmuş, nəqliyyatın tipinə qədər, bütün xidmətlər paketi haqqında məlumat öz əksini tapdıqdan sonra imzalanmalıdır. Və təbii ki, ümumi turun dəyəri haqqında da müqavilədə məlumat olur. Siz turun əvvəlində ilkin ödəniş kimi 10 faizmi, 20 faizmi ödəyirsiniz, və ya hamısını bununla bağlı kassa mədaxil qəbzi əldə olmalıdır. Bu halda istehlakçı müxtəlif qaynar xəttlər var ora müraciət edə bilər. Əgər bu sənədləşdirmələr mövcuddursa istehlakçı iqtisad məhkəməsində və ya hansısa hüquqi instansiyalarda öz haqqını tələb edib maddi və mənəvi ziyanı ala bilərlər. Amma əfsuslar olur ki, bəzən bu müqavilələr ya qəsdən, ya da səriştəsizlik ucbatından bağlanmır. Mən hər zaman tələbələrimizə də, işçilərə də deyirəm ki, siz unutnayın ki, insanlar 11 ay işləyir 1 ay da istirahət hüququ var. Siz onu cənnətə də çevirə bilərsiz, cəhənnəmə də. Bəzən də elə olur ki qarşılayan tərəfin günahından və ya avia daşımanı həyata keçirən şirkətə görə, turistlər vaxtında gedib çıxmırlar, və ya tur ləğv olunur. Bunlar hamısı da müqavilədə öz əksini tapır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti