...

ARDDA-nın da iştirak etdiyi Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 28-ci sessiyası başa çatıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2013 09:37 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 25 noyabr - 04 dekabr 2013-cü il tarixlərində London şəhərində keçirilmiş Assambleyasının 28-ci sessiyasında iştirak etmişdir.
ARDDA-nın da iştirak etdiyi Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 28-ci sessiyası başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 25 noyabr - 04 dekabr 2013-cü il tarixlərində London şəhərində keçirilmiş Assambleyasının 28-ci sessiyasında iştirak etmişdir.

ARDDA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Assambleyasının 28-ci sessiyasında çıxış edən Beynəlxalq Dəniz Təşkilatının baş katibi Koji Sekimizu üzv dövlətlərin diqqətini beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə görülmüş işlərə yönəltmiş və nümayəndə heyətləri tərəfindən hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi üzrə müzakirələr aparılmışdır.

Eyni zamanda sessiyada, görülən işlərin məntiqi nəticəsi olaraq, son dövrlərdə əvvəlki illər ilə müqayisədə dəniz quldurluğu hallarının azalmasının müşayiət olunması yüksək qiymətləndirilmişdir.

Qeyd edilən sessiyası zamanı Türkiyə Respublikasının Azərbaycan Respublikasında səfiri olmuş, hal-hazırda Türkiyə Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Ünal Çeviköz iki illik (2014-2015) müddətə Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanı olan Assambleyanın sədri vəzifəsinə seçilmişdir.

Ünal Çeviközlə Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov arasında görüş keçirilmiş, Qüdrət Qurbanov Ünal Çeviközü belə bir mötəbər vəzifəyə seçilməsi münasibəti ilə təbrik etmiş, gələcək fəaliyyətində müvəffəqiyyətlər diləmiş və qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu ifadə etmişdir.

Sessiyada, həmçinin Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi, Qanunvericilik, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Asanlaşdırma və Texniki Əməkdaşlıq Komitələrinin hesabatları dinlənilmiş və "Yük nişanı haqqında Beynəlxalq Konvensiya", "Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya", "Dənizdə Gəmilərin Toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar"a təklif edilmiş dəyişikliklər nəzərdən keçirilmişdir.

Sessiyası zamanı Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi və dəniz nəqliyyatı sahəsinə dair bir sıra digər mühüm normativ sənədlər barədə də ətraflı müzakirələr aparılmışdır.

Assambleyasının 28-ci sessiyasında Beynəlxalq Dəniz Təşkilatının Ali İcra orqanı olan Şura Üzvlüyünə seçkilər keçirilmiş, ümumilikdə 40 dəniz Dövləti Şuranın yeni Üzvlüyünə seçilmişdir.

Dünyanın 170 Dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 28-ci sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti