Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir A.Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Günay Sığorta" ASC-nin 2,2 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri min manat olan 2200 səhm buraxılacaq.
BFB-də yerləşdirmə 10 mart 2014-cü ildən başlayır.
Sövdələşmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.
Səhmlərin yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 6,4 milyon manatdan 8,6 milyon manata çatacaq ki, bu da Maliyyə Nazirliyinin sığorta şirkətlərinin məcmu kapitalına qarşı minimum tələblərini 72 faiz üstələyəcək.
Qeyd edək ki, Maliyyə Nazirliyi "non-life" sığorta növləri üzrə fəaliyyət göstərən sığortaçıların məcmu kapitalının minimum məbləğinə qarşı tələbini 5 milyon manat səviyyəsində saxlayıb.
1992-ci ildən fəaliyyət göstərən "Günay Sığorta"nın yeganə səhmdarı "Günay Bank" səhmdar bankıdır.