Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
Əsas məqsədi dəniz nəqliyyatı sahəsi üzrə yerli tənzimləyici sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılmasından, Avropa İttifaqı qanunvericiliyinin və Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi üzrə konvensiyalarının tələblərini yerinə yetirmək üçün Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarət olan "Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi"nin başa çatması ilə əlaqədar 02 oktyabr 2014-cü il tarixində yekun konfrans keçirilmişdir.
ARDDA-dan Trend-ə verilən məlumata görə, giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov görüş iştirakçılarını salamlayaraq, əsas diqqəti son dövrlərdə Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə yönəltmişdir.
Q.Qurbanov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Beynəlxalq Dəniz Təşkilatının tam hüquqlu üzvü olmasından keçən dövr ərzində Respublikamız tərəfindən Beynəlxalq Dəniz Təşkilatının 18 konvensiyası və 8 protokolu ratifikasiya edilmişdir və Dövlət Dəniz Administrasiyası tərəfindən qeyd olunan Beynəlxalq Konvensiyaların yerinə yetirilməsi üzrə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də nəzərdə tutulmuş səlahiyyətləri daxilində mühüm işlər görülmüşdür.
Məhz 10 oktyabr 2012-ci il tarixindən həyata keçirilməsinə başlanılan "Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi" də qeyd edilən istiqamətdə atılan mühüm addımlardan biridir.
Q.Qurbanov bildirmişdir ki, "Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi" çərçivəsində qarşıya qoyulan məqsədlərə tam nail olunmuşdur.
Belə ki, adıçəkilən Tvinninq layihəsi çərçivəsində Avropa İttifaqı Üzv Dövləti İspaniyanın dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssisləri ilə birgə həyata keçirilmiş məqsədyönlü fəaliyyətin nəticəsi olaraq "Dəniz Limanları haqqında" Azərbaycan Respublikasının Qanunu" layihəsinin hazırlanması təmin edilmiş və qeyd edilən Qanun cari ilin 18 aprel tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuşdur.
Bundan irəli gələrək, dəniz nəqliyyatı sahəsinə hər zaman özünün diqqət və qayğısını əsirgəməyən möhtərəm Prezidentimiz cənab İlham Əliyev 14 may 2014-cü il tarixində "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Fərman imzalamışdır.
Həmçinin, "Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi" çərçivəsində Dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi üzrə Azərbaycan Respublikası qanunvericiliyinin "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair" və "Dənizdə insan həyatının mühafizəsinə dair" Beynəlxalq Konvensiyalara uyğun olaraq təkmilləşdirməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi haqqında Qanun layihəsi, eləcə də Ətraf mühitin mühafizəsi ilə əlaqədar Qaydaların layihələri işlənib hazırlanmışdır.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməliyyatlar Bölməsinin rəhbəri Yerun Villems Azərbaycan Respublikası və Avropa İttifaqı əlaqələrinə toxunaraq bu əlaqələrin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində daha da möhkəmləndiyini bildirmişdir.
Y.Villems Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının benefisiarı olduğu "Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi" çərçivəsində görülən işlərin dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi baxımından əhəmiyyətini vurğulayaraq son dövrlərdə Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində əldə etdiyi uğurlardan məmnun qaldığını bildirmişdir.