...

Azərbaycanda aqrar sığorta sahəsində ekspertlər hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2015 16:10 (UTC +04:00)
Dövlət Sığorta Nəzarəti Xidməti aqrar sığorta sahəsində ekspertlərin təlimi üzrə hazırlıq mərhələsinin reallaşdırılmasına başlayıb.
Azərbaycanda aqrar sığorta sahəsində ekspertlər hazırlanır

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti aqrar sığorta sahəsində ekspertlərin təlimi üzrə hazırlıq mərhələsinin reallaşdırılmasına başlayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sığortasının inkişafında ekspertlərin rolu mühümdür: "Bölgələrdəki mümkün riskləri nəzərə almaq vacibdir. Məsələn, təhlükəli və hidrometeoroloji hadisələrin hansı rayonda daha çox riskə malik olduğunu müəyyənləşdirmək lazımdır. Belə risklər və məhsuldarlığa dəyə biləcək zərər Azərbaycanın bütün bölgələrində müəyyən olunmalıdır. Bu işdə ekspertlərin rolu böyükdür, onlar əkin sahələrinin sığortalanmasından əvvəl ərazini nəzərdən keçirməli, sığorta hadisəsindən sonra isə zərərin dəyərini hesablamalıdırlar".

N.Xəlilovun fikrincə, aqrar sığorta ilə bağlı qanun yaxın iki ay ərzində qəbul oluna bilər: "Qanunun qəbulunda ləngimə yoxdur. Hüquqi aktların qəbulu prosedurlarına uyğun olaraq, qanun layihəsinə əvvəlcə müvafiq dövlət qurumları tərəfindən baxılmalı, daha sonra parlamentə göndərilməlidir".

Xatırladaq ki, "Aqrar sığorta haqqında" qanun layihəsi Türkiyə modeli əsasında hazırlanıb və bu sənədə görə, Azərbaycanda kənd təsərrüfatı sığortası könüllü, lakin müəyyən şərtlərlə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti