...

Azərbaycan və Polşa arasında dəniz nəqliyyatına dair saziş imzalandı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2015 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend/

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Polşanın Varşava şəhərində səfərdə olub.

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 20-də keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair Saziş" imzalanıb.

Əsas məqsədi Azərbaycanın ticarət gəmiçiliyi və dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən müəssisə və təşkilatları ilə Polşanın müvafiq müəssisə və təşkilatları arasında əlaqələrin və əməkdaşlığın inkişafına stimul vermək, bu inkişafı sürətləndirmək, tərəflərin limanları arasında dənizlə yüklərin daşınmasının inkişafına mane ola biləcək amillərin aradan qaldırılması üzrə əməkdaşlığı təmin etmək olan sazişi Azərbaycan tərəfdən Dövlət Dəniz Administrasiyasının rəisi Q.Qurbanov, Polşa tərəfdən infrastruktur və inkişaf nazirinin müavini Dorota Piç imzalayıblar.

Sazişdə iki tərəf arasındakı münasibətlərdə ayrı-seçkiliyə yol verilməməsi və azad rəqabət, dəniz nəqliyyatının inkişaf etdirilməsi, limanlarda, daxili sularda və ərazi dənizlərində gəmilər üçün yaradılan şərait, dəniz nəqliyyatının asanlaşdırılması, gəmi sənədlərinin qarşılıqlı tanınması, cinayət baş verdiyi zaman tətbiq olunan prosedurlar, dənizdə baş verən hadisələr, texniki əməkdaşlıq, beynəlxalq öhdəliklər, mübahisələrin həlli barədə müddəalar yer alıb.

Həmçinin sazişdə limanlara sərbəst giriş-çıxış, lövbərə durma yerinin təyin edilməsi, liman vasitələrindən maneəsiz istifadə, yük əməliyyatları, sərnişinlərin mindirilməsi və düşürülməsi, naviqasiya üzrə xidmətlərin istifadəsi və digər adi kommersiya əməliyyatlarının icrası ilə bağlı hər bir tərəfin öz gəmilərinə yaratdığı imkanları digər tərəfin gəmilərinə də yaratması barədə müddəalar yer alıb ki, bu da Azərbaycan bayrağı altında üzən gəmilərin Polşaya, Polşa bayrağı altında üzən gəmilərin Azərbaycana yük və sərnişin daşınması prosesinə daha intensiv cəlb olunmasına öz töhfəsini verəcək.

Eyni zamanda, qeyd olunan görüşdə Azərbaycanla Polşa arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı perspektivləri barədə söhbət aparılmış, qeyd olunan sahədə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti