Bakı. Trend:
Peşəkar dənizçilərin hazırlanmasının və onların təlim-tədrisinin Beynəlxalq Dəniz Təşkilati tərəfindən qəbul edilmiş standartlar əsasında həyata keçirilməsi sahəsində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası (ARDDA) tərəfindən mütəmadi və məqsədyönlü tədbirlərin görülməsi təmin edilir.
Administrasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində respublikamızda fəaliyyət göstərən Azərbaycan Dövlət Dəniz Akademiyası və təlim-tədris mərkəzləri ilə birlikdə tədris proqramlarının və dənizçilərin sertifikatlaşdırılması prosesinin Beynəlxalq Dəniz Təşkilatının "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya"sına uyğunlaşdırılması tam başa çatdırılıb.
"Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın qüvvəyə mindiyi hər bir üzv dövlət ən azı beş ildə bir dəfə adıçəkilən Konvensiyanın tələblərinin tətbiqi üzrə müstəqil qiymətləndirmədən keçməlidir. Bununla əlaqədar olaraq dənizçilərin hazırlanması, onların bilik, bacarıq və səriştəliliyinin qiymətləndirilməsi, eləcə də sertifikatlaşdırılması sisteminin tətbiqi üzrə ARDDA-nın fəaliyyəti Beynəlxalq Dəniz Təşkilatının mütəxəssisləri tərəfindən yoxlanılıb.
Yoxlamanın nəticəsi, eləcə də Beynəlxalq Dəniz Təşkilatına təqdim edilmiş sənədlər ətraflı şəkildə təhlil edildikdən sonra ölkəmizdə dənizçilərin hazırlanması sahəsində həyata keçirilən fəaliyyətin qeyd edilən Konvensiyanın tələblərinə uyğun olması barədə Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin cari ilin 11-20 may tarixlərində London şəhərində keçirilmiş 96-cı sessiyasında müvafiq qərar qəbul edilib.
Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul olunmuş bu qərar sevindirici və qürurverici hal olmaqla yanaşı, Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilən səmərəli və effektiv fəaliyyətin göstəricisi olaraq Azərbaycan Respublikasının Beynəlxalq Dəniz Təşkilatının "Ağ siyahısı"nda yer alması və respublikamızda dənizçilərə verilən diplom və sertifikatların bütün dəniz dövlətləri tərəfindən tanınması üçün normativ hüquqi bazadır.
Eyni zamanda ARDDA tərəfindən görülmüş işlər dəniz dövlətləri tərəfindən də daim diqqət mərkəzində saxlanılmaqdadır və beynəlxalq ekspertlərin respublikamıza səfərləri zamanı müvafiq tədbirlərin həyata keçirilməsi səviyyəsi obyektiv və ətraflı yoxlanılaraq yüksək qiymətləndirilməkdədir.
Beynəlxalq Dəniz Təşkilatı və dəniz dövlətləri tərəfindən respublikamızda dənizçilərin hazırlanması və sertifikatlaşdırılması prosesinin yüksək qiymətləndirilməsi dənizçilərin diplom və sertifikatlarının qarşılıqlı tanınması barədə dəniz dövlətləri ilə hökumətlərarası beynəlxalq müqavilələrin sayının artması, dünya okeanında üzən gəmilərimizin xarici limanlara yan alması zamanı heyət üzvlərinin sənədlərinin rəsmiləşdirilməsinin asanlaşdırılması, peşəkarlıqları ilə daim seçilən dənizçilərimizin maneəsiz olaraq, nəinki respublikamızın dövlət bayrağı altında üzən gəmilərdə, eləcə də dünya dəniz dövlətlərinin gəmilərində işlə təmin olunmaları ilə nəticələnməkdədir.