...

Azərbaycan və BMT iqtisadi əməkdaşlığın prioritetlərini müəyyənləşdiriblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2017 15:44 (UTC +04:00)
BMT - Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin İdarəetmə Komitəsinin ilk iclası keçirilib
Azərbaycan və BMT iqtisadi əməkdaşlığın prioritetlərini müəyyənləşdiriblər (FOTO)

Bakı. Trend:

Yanvarın 19-da iqtisadiyyat naziri Şahin Mustafayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin icrası, dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyi ilə həyata keçirilən əməkdaşlıq və bu sahələrdə atılacaq növbəti addımlar müzakirə edilib.

Sonra İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin (UNAPF) İdarəetmə Komitəsinin ilk iclası keçirilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi UNAPF üzrə Azərbaycan hökuməti tərəfindən əlaqələndiricidir.

İclasda çıxış edən Ş.Mustafayev dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda dinamik inkişafa nail olunduğunu, rəqabətqabiliyyətli və ixracyönümlü iqtisadiyyatın formalaşdırıldığını qeyd edib. İqtisadiyyatın davamlı inkişafının təmin olunması istiqamətində sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə bu sahədə aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziyaların verilməsi sadələşdirilib, yeni istehsal və iş yerlərinin yaradılması istiqamətində sənaye parkları və zonaları yaradılıb, investisiya mühitinin yaxşılaşdırılması üçün təşviq sənədinin verilməsinə başlanılıb, gömrük sahəsində islahatlar davam etdirilib, xüsusi ixrac missiyaları təşkil olunub, əhalinin sosial müdafiəsinin gücləndirlməsi ilə bağlı tədbirlər görülüb. Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilmiş proqramlar nəticəsində yoxsulluq səviyyəsi 2001-ci ildəki 49%-dən 2015-ci ildə 4,9%-ə enib. Azərbaycan bu sahədəki uğurlarına görə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi mükafatına layiq görülüb və dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir. Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər qurumuna 2017-2019-cu illər üzrə böyük səs çoxluğu ilə üzv seçilməsi ölkəmizin sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq səviyyədə verilən yüksək qiymətin göstəricisidir.

Azərbaycan və BMT əməkdaşlığı barədə məlumat verən Ş.Mustafayev əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına, Minilliyin İnkişaf Məqsədlərinə, həmçinin Davamlı İnkişaf Məqsədlərinə (DİM) qoşulduğunu, Azərbaycanın 2011-ci ildə 2 illik müddətə BMT-nin ali qurumu olan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini vurğulayıb.

Bununla belə, BMT-Azərbaycan əlaqələri ötən il imzalanan 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı – Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi ilə yeni mərhələyə qədəm qoyub. Sənəd hazırlanarkən milli tərəfdaşlarla, inkişaf məsələləri üzrə beynəlxalq partnyorlarla, özəl sektor, vətəndaş cəmiyyəti və elm ictimaiyyətinin nümayəndələri ilə strateji sahələrin müəyyənləşdirilməsi üzrə müzakirələr keçirilib və UNAPF Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və digər sənədlərdə ifadə olunmuş məqsədlərə əsaslanıb. Davamlı İnkişaf Məqsədlərində və UNAPF-da dayanıqlı inkişaf, iqtisadiyyatın diversifikasiyası, əhalinin həssas qrupları üçün məşğulluq imkanlarının genişləndirilməsi, keyfiyyətli dövlət və sosial xidmətlərin hamı üçün əlçatanlılığı, sosial baxımdan daha inklüziv və bərabər inkişafa nail olunması, qanunvericiliyin təkmilləşdirilməsi, habelə ətraf mühit və təbii resursların idarə olunması, enerji səmərəliliyi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılıq və s. məsələlər öz əksini tapıb. Nazir BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin icrasının ölkəmizin hərtərəfli, dayanıqlı inkişafına və beynəlxalq qurumlarla keçiriləcək birgə fəaliyyətə öz töhfəsini verəcəyini vurğulayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Q.İshaqzai Azərbaycanın BMT və bu mötəbər təşkilatın qurumları ilə səmərəli əməkdaşlığını qeyd edib, Sənəddən irəli gələn vəzifələr barədə məlumat verib. Q.İshaqzai BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması zamanı bir sıra maraqlı tərəflərlə - hökumət qurumları, özəl sektor, vətəndaş cəmiyyətləri ilə müxtəlif müzakirələrin aparıldığını, sənəddə digər məsələlərlə yanaşı, inklüzivliyə, cəmiyyətdə gənclərin rolunun artırılmasına, gender bərabərliyinə, milli statistikanın təkmilləşdirilməsinə də xüsusi diqqət yetirildiyini qeyd edib.

İdarəetmə Komitəsinin iclası çərçivəsində birgə iş planları, cari il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib, UNAPF Nəticə Qrupları tərəfindən prioritet sahələr üzrə təqdimatlar keçirilib, UNAPF üzrə İstiqamətləndirici Komitənin tərkibi və UNAPF Nəticələr Qruplarının səlahiyyət dairələri təsdiq edilib. Müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev, Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov və başqaları çıxış edərək, müxtəlif təkliflər səsləndiriblər.

İqtisadiyyat naziri Ş.Mustafayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Q.İshaqzai iclasa yekun vuraraq, müzakirələrdə səsləndirilən təkliflərlə bağlı fikirlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti