Bakı. Trend:
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü keçirilib.
ASA-dan Trend-ə verilən məlumata görə, görüşdə assosiasiyanın sədri Mustafa Abbasbəyli, “A-Qroup Sığorta” Şirkətinin İdarə Heyətinin sədri Anar Bayramov və müavini, “Atəşgah Sığorta” Şirkəti, “AXA MBASK Sığorta” Şirkəti, “Paşa Sığorta” Şirkətinin nümayəndələri və bu sahə üzrə məsul şəxslər iştirak edib.
Görüş zamanı Azərbaycanda həkimlərin peşə məsuliyyətinin könüllü qaydada sığortalandığı vurğulanaraq bunun icbari qaydada tətbiqinin həm həkimlər, həm də pasiyentlərə münasibətdə əhəmiyyətli olacağı bildirilib. Burada məqsəd bir tərəfdən həkim səhvi zamanı pasiyentlərin maddi baxımdan kompensiyasiya edilməsi, digər tərəfdən isə həkimlərin reputasiya və mənəvi müdafiəsinin təmin edilməsindən ibarətdir.
Nəzərə alsaq ki, bu sığorta növü beynəlxalq təcrübədə geniş istifadə olunur və həkim səhvi günümüzün aktual problemlərdən biridir, bunların bu və ya digər formada tənzimlənməsi tələb olunur. Bu baxımdan, həkimlərin peşə məsuliyyətinin icbari sığortası mexanizmi hər bir şəxsin öz məsuliyyətinin dərk baxımından önəmlidir.
Bunun ilkin olaraq özəl tibb müəssisələrinə tətbiq edilməsinin məqsədəmüvafiq olacağını təklif edilib. Eləcə də, həkimlərin məsuliyyətinin icbari qaydada sığortalanması barədə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna maddə əlavə edilməsi və bununla bağlı Qaydaların hazırlanması da müzakirə predmeti olub. Müzakirələrin yekunu olaraq beynəlxalq təcrübənin araşdırılması və müvafiq Azərbaycan modelinin hazırlanmasını qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində Həkimlərin peşə məsuliyyətinin sığortalanması üzrə işçi qrupu formalaşdırılmış və bununla bağlı artıq iki görüş təşkil olunub.