...

Azərbaycanda "Ümid" yatağından qaz hasilatının həcmi açıqlanıb

Energetika Materials 5 İyun 2014 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) kəşf etdiyi "Ümid" qaz-kondensat yatağından indiyədək 394 milyon kubmetr qaz və 65 min ton kondensat hasil edilib. Trend-in məlumatına görə, bunu ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, qaz ehtiyatı 200 milyard kubmetr olan yataqdan hasilat iki quyuda aparılır: "2011-ci ildə 350 milyard kubmetr ehtiyatı olan "Abşeron" qaz-kondensat yatağının açılması yeni iri yataqların açılması zamanı əminliyin artmasında böyük rol oynayıb".

X.Yusifzadə qeyd edib ki, "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Şəfəq-Asiman", "Araz-Alov-Şərq" kimi perspektiv strukturlarının və digərlərinin proqnozlaşdırılan ehtiyatları təqribən 2,2 trilyon kubmetrdir.

Qeyd edək ki, ARDNŞ 2010-cu ildə "Ümid" yatağının açıldığını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti