...

Bu il makroiqtisadi sabitlik qorunub saxlanılacaq - Ekspert

Maliyyə Materials 7 Yanvar 2021 14:54 (UTC +04:00)
Bu il makroiqtisadi sabitlik qorunub saxlanılacaq - Ekspert

Bakı. İlhamə İsabalayeva - Trend:​

Hökumət üçün bu il makroiqtisadi sabitlik əsas hədəf olduğundan manatın məzənnə sabitliyinə xüsusi önəm veriləcək.

Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank əhali arasında devalvasiya narahatlığına aydınlıq gətirmək üçün müxtəlif səviyyələrdə açıqlamalar verib. Bir neçə gün bundan əvvəl Mərkəzi Bankın 2021-ci il üçün maliyyә sabitliyi haqqında olan bәyanatı isə məzmun və mahiyyət baxımından digərlərindən tamamilə fərqli idi:

"Bu bəyanatdan aydın görünürdü ki, hökumət üçün bu il makroiqtisadi sabitlik əsas hədəf olduğundan manatın məzənnə sabitliyinə xüsusi önəm veriləcək. Buna nail olmaq üçün fiskal vә monetar siyasәt üzrә effektiv koordinasiya səviyyəsi artırılacaq. Valyuta satışına və axınına məhdudiyyətər tətbiq ediləcək.​ Halbuki ilk devalvasiyadan sonra üzən məzənnənin elan edilməsi, lakin məzənnənin inzibati metodla tənzimlənməsinə davam edilməsi neçə illərdir ki, devalvasiya gözləntisini​ aktual saxlayırdı. O vaxt üzən məzənnəyə keçid​ olub,​ məzənnə səviyyəsi​ tələb-təklif öhdəliyinə buraxılsaydı və​ ortalama hər 10 günə​ manatın​ 1 qəpiklik​ ucuzlaşması​ baş versəydi, bu gün manatın səviyyəsi 3,6​ manata qədər yüksələcəkdi. Hökümət bunu bildiyi üçün​ ilk vaxtlar elan​ edilmiş üzən məzənnə ideyasını arxa plana atdı və yenə də manata olan təzyiqi qarşılamaq qərarını qətiləşdirdi. Əslində, bu bizim durumumuza görə seçilə biləcək ən düzgün addım idi".​

Ekspertin fikrincə, devalvasiyanın fayda verəcəyi sahə büdcə kəsirinin doldurulması və ixrac yönlü fəaliyyətin stimullaşdırılmasıdır:

"Amma nəzərə alaq ki, manatın səviyyəsindən asılı olaraq stimullaşdırlacaq ixrac həcmi çox deyil. Devalvasiyanın digər faydası kimi xarici turistlərin gəlişini stimullaşdırmaqla, ölkəyə valyuta daxil olma səviyyəsinə dəktək vermək idi. Amma hazırda turizm də iflic vəziyyətdədir. Ona gorə də düşünürəm ki, devalvasiyanın faydası hazırkı məqam üçün zərərlərindən qat-qat az olacaq. Düzdür, 2021-ci ilin 3.1 mlrd. manatlıq büdcə kəsirini kompensasiya etmək üçün ən bəsit yol devalvasiyadır. Məsələn, X həcmdə neftdən gələn 10 milyard dolları 17 milyard manata yox, 20 milyard manata çevirmək və “büdcə kəsiri doldu” demək olar. Amma bu baş verərsə, özü ilə aradan qaldırılması daha çətin olan problemlər gətirər. Hansı ki, o problemləri yoluna qoymaq, 3.1 milyardlıq büdcə kəsrini alternativ üsullarla kompensasiya etməkdən dəfələrlə çətin olacaqdı. Ona görə də hökumət büdcə kəsirinin kompensasiyası üçün borclanmaya getməyi üstün tutur".

İqtisadçının qənaətincə, bu​ il neft qiymətlərində kəskin ucuzlaşmanın olmayacağı və olsa belə bunun aylarla davam etməyəcəyi haqqında olan proqnozlar nəzərə alınarsa, bu il boyunca makroiqtisadi sabitliyin qorunub saxlamağın mümkün olacağını söyləmək olar. Bu isə devalvasiya etməmək üçün hökumətə daha üstün fürsət verəcək:

"Bütün bunları nəzərə alan hökumət Mərkəzi Bank səviyyəsində geniş bəyanat verdi.​ Çünki insanların devalvasiyanın olmayacağına əmin olmasına böyük zərurət var. Ona görə ki, devalvasiya qorxusu devalvasiyanın özündən daha təhlükəlidir. Bu manata qarşısıalınmaz təzyiq yaradır. Odur ki, devalvasiyaya getməmək kifayət deyil, həm də əhalini bunun olmayacağına maksimum dərəcədə inandırmaq lazımdır".

Amma bununla belə, E.Əmirov hesab edir ki, bir neçə il sonra, məsələn 2023-ün ortalarına doğru - iqtisadi aktivlik tam bərpa olunduqdan, turizm sahələri aktiv fazada olduqdan və ixrac yönlü istehsal sahələri kəmiyyət olaraq artma fazasına keçdikdən sonra mütləq üzən məzənnə haqqında ciddi şəkildə düşünmək lazımdır. Bu iqtisadi inkişafa nail olmağın təməl prinsiplərindən biridir. Beynəlxalq iqtisadi sistemin tərkibi olmaq və qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, mütləq şəkildə milli valyuta məzənnəsinin inzibati tənzimləmə metodlarından imtina edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti