Bakı. Trend:
Azərbaycan hökuməti "yaşıl" iqtisadiyyatın inkişafını, xüsusən də bərpa olunan enerji mənbələri və "yaşıl" texnologiyaların yaradılması və istifadəsi sahəsində vergi güzəştləri tətbiq edir.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samira Musayeva Bakıda keçirilən "Kiçik və orta biznesin yaşıl iqtisadiyyatda rolu" konfransında bildirib.
"Son 5 il ərzində Azərbaycanda enerji keçidini dəstəkləyən bir sıra vergi güzəştləri tətbiq olunub. Bu, yalnız bərpa olunan enerji mənbələrin tikintisi ilə məhdudlaşmır, həmçinin elektrikli avtomobillərin və onların şarj cihazlarının alınması, 'yaşıl' texnologiyaların tətbiqi ilə bağlıdır", - Musayeva qeyd edib.
Eyni zamanda, İqtisadiyyat Nazirliyində istixana qazlarının tullantılarının mənfi təsirini nəzərə alaraq, karbon vergiləri və karbon tariflərinin tətbiqi dəyərləndirilir.
"Bu baxımdan, Dünya Bankı, Asiya İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Harvard Universiteti ilə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Azərbaycan "yaşıl" iqtisadiyyatın qurulması üçün vergi tənzimlənməsi ilə biznesin stimullaşdırılması arasında optimal balans axtarır. Bu səbəbdən beynəlxalq təcrübə və ekspertiza ölkəyə davamlı iqtisadi inkişaf üçün effektiv vergi strategiyası hazırlamağa kömək edəcək", - Musayeva əlavə edib.
Onun sözlərinə görə, dünyada fiskal sahədə karbon dioksid tullantılarını azaltmağa yönəldilmiş alətlərə böyük diqqət yetirilir.
"10 il əvvəl fiskal karbon tədbirləri dünya üzrə 7% təşkil edirdi, indi isə bu rəqəm 3 dəfə artıb. Bu, karbon qiymətləndirilməsi tətbiqinin istixana qazlarının tullantılarını azaltmaq məqsədinə çatmaq üçün çox populyar olduğunu göstərir. Karbon kvotalarının ticarəti kimi maliyyə alətləri iqlim dəyişikliyinə uyğunlaşma proqramlarını maliyyələşdirmək üçün zəruridir", - Musayeva əlavə edib.