...

İran və AEBA arasında müzakirələrin yeni raundu keçiriləcək – Bəqai

Dünya xəbərləri Materials 18 Avqust 2025 12:37 (UTC +04:00)
İran və AEBA arasında müzakirələrin yeni raundu keçiriləcək – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıdakı günlərdə İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında müzakirələrin yeni raundu keçiriləcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran və AEBA arasında müzakirələr ötən həftədən başlanıb.

Bəqai bildirib ki, İsrail və ABŞ-nin İranın dinc məqsədli nüvə obyektinə hava hücumlarından sonra AEBA ilə İran arasında əməkdaşlıq yolu müəyyənləşməlidir. Çünki dincməqsədli nüvə obyektlərinə sahib bir ölkənin hücuma məruz qaldıqdan sonra AEBA müfəttişlərinin həmin obyektlərə baxış keçirməsi ilə bağlı heç bir təcrübə olmayıb.

Qeyd edək ki, 12 iyunda AEBA-nın Direktorlar Şurasının iclasında ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın İran əleyhinə təqdim etdikləri qətnamə səsverməyə çıxarılıb.19 ölkənin lehinə, 11 ölkənin bitərəf və 3 ölkənin (Rusiya, Çin və Burkina Faso) əleyhinə səsverməsi ilə qətnamə qəbul olunub. Qətnamədə İranın 2019-cu ildən bəri bəyan edilməmiş nüvə materialı, İranın bir çox bəyan edilməmiş obyektlərində fəaliyyəti ilə bağlı agentliyə tam və vaxtında əməkdaşlıq etmək üzrə öhdəliklərini dəfələrlə yerinə yetirməməsi qeyd olunub.

Xatırladaq ki, AEBA son hesabatında bildirib ki, 17 may 2024 tarixinədək İranın 60% dərəcəsində zənginləşdirdiyi uranın həcmi 408,6 kiloqram təşkil edib. 60% dərəcəsində zənginləşdirilən uran fevral ayında verilən hesabatla müqayisədə 133,8 kiloqram artıb. Hesabatda bu səviyyədə zənginləşdirmənin 90% zənginləşdirmə səviyyəsinə (silah səviyyəsi hesab olunur) qısa texniki addım olduğu hesab olunub. Agentlik İranı tam və effektiv əməkdaşlığa çağırıb.

13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Əlavə edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti