...

Soso Pavliaşvilinin ifa etdiyi "Tost" mahnısında Azərbaycan mahnısından plagiatlıq edilib?

Mədəniyyət Materials 6 İyul 2015 19:09 (UTC +04:00)
Müəllif Hüquqları Agentliyinə Soso Pavliaşvili tərəfindən ifa edilmiş “Tost” mahnısında Azərbaycan müəlliflərinə məxsus “Tarla qızları” mahnısından plagiatlıq edilib-edilməməsi barədə məsələyə aydınlıq gətirilməsi xahiş edilib.
Soso Pavliaşvilinin ifa etdiyi "Tost" mahnısında Azərbaycan mahnısından plagiatlıq edilib?

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Müəllif Hüquqları Agentliyinə Soso Pavliaşvili tərəfindən ifa edilmiş "Tost" mahnısında Azərbaycan müəlliflərinə məxsus "Tarla qızları" mahnısından plagiatlıq edilib-edilməməsi barədə məsələyə aydınlıq gətirilməsi xahiş edilib. Trend xəbər verir ki, sorğu Agentliyə AzVision.az saytından daxil olub.

Müəllif Hüquqları Agentliyi bununla əlaqədar bildirir ki, S.Pavliaşvili tərəfindən ifa edilmiş "Tost" mahnısında Azərbaycan müəlliflərinə məxsus "Tarla qızları" mahnısından plagiatlıq edilməsi barədə məsələ Agentlik tərəfindən araşdırılıb. Müəyyən edilib ki, "Tarla qızları" mahnısının musiqisi bəstəkar Oqtay Kazımova, sözləri isə Həmid Abbasova məxsusdur. Bu mahnı 1975-ci il 22 mart tarixində Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb.

Agentliyin eksperti Azərbaycanın xalq artisti, professor, bəstəkar Xəyyam Mirzəzadə tərəfindən "Tost" mahnısı ilə "Tarla qızları" mahnısı müqayisəli şəkildə ekspertizadan keçirilib. Bununla bağlı ekspert belə hesab edir ki, "Tarla qızları" mahnısı Azərbaycan folklor musiqisinin motivləri əsasında yazılıb. Jor Meloyanın bəstələdiyi və S.Pavliaşvilinin ifa etdiyi mahnı isə Tbilisi şəhərində formalaşmış duxan folkloruna əsaslanır, yəni bu mahnının əsasını və intonasiyasını duxan musiqisi təşkil edir. Sözügedən duxanlarda müxtəlif milli mahnılar, xüsusən, Azərbaycan mahnıları da səslənir. Bu səbəbdən yuxarıda adları göstərilən mahnılarda oxşarlıq, bənzətmə tapmaq mümkündür. Bu cür bənzətmə və oxşarlığa erməni mahnılarında da rast gəlmək olar. Lakin qeyd olunan konkret musiqilərin müqayisəsi göstərir ki, burada plagiat yoxdur.

Bu fikirlərə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev də qoşulub: "Bu mahnılarda, xüsusən onların nəqarətlərində bənzətmə və oxşarlıqlar var, lakin bunlar plagiat ittihamı irəli sürmək üçün yetərli deyildir".

Qeyd edək ki, bəstəkarların çoxu öz yaradıcılıqlarında xalq musiqisinə əsaslanır. Erməni bəstəkarları isə çox hallarda Azərbaycan xalq musiqisindən istifadə ediblər. Təsadüfi deyil ki, əslən Tbilisidən olan tanınmış erməni bəstəkarı A.Xaçaturyan xalq musiqisinin istifadəsi və onun klassik musiqi ilə sintezi barədə qeyd edib ki, "müasir musiqidə plagiat yoxdur, müasir musiqidə kollaj var". A.Xaçaturyanın hələ 1940-cı ildə yazdığı skripka üçün konsertinin şöbələrinin adları: "Köçəri" rəqsi, yaxud "Gələ-gələ" mahnısı da bunu təsdiq edir.

Ətraflı: http://www.copag.gov.az/cgi-bin/site9/main9.cgi?l=0;id=1071

Məqalədə:
Xəbər lenti

Xəbər lenti