...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəz direktoru məhkəməyə məcburi gətiriləcək

Gündəm Materials 17 Oktyabr 2022 17:53 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəz direktoru məhkəməyə məcburi gətiriləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, iş üzrə şahid qismində dəfələrlə məhkəməyə çağırılan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov və qurumun təchizat şöbəsinin müdiri Səadət Baxşəliyeva prosesə gəlməyiblər. Hakim bildirib ki, həmin şəxslərə məhkəməyə gəlmələri barədə 4 dəfə bildiriş göndərilsə də, onlar prosesdən bilərəkdən yayınıblar: "Asif Məcidov sentyabrın 19-da və sentyabrın 26-da məhkəməyə teleqram vurub. Sentyabrın 19-da o bildirib ki, həmin gün şəhid ailəsinin problemi ilə bağlı tədbirdə olduğu üçün məhkəmədə iştirak edə bilmir. Sentyabrın 26-da isə Asif Məcidov məhkəməyə göndərdiyi teleqramda bildirib ki, səhhətindəki problemlə bağlı evdən çıxa bilmir, ibtidai istintaqa ifadəsini təsdiqləyir, əlavə deyəcəyi yoxdur və məhkəmədə iştirak etməyə lüzum görmür. Bu teleqramlardan məlum olur ki, Asif Məcidov bilərəkdən məhkəmə proseslərindən yayınır".

Məhkəmə yerində müşavirə keçirərək həmin şəxslərin məhkəməyə məcburi gətirilməsi haqqında qərar qəbul edib.

Daha sonra prosesdə ifadə verən şahid Həbib Məmmədov bildirib ki, özünə məxsus tikinti şirkəti var.

"İndi də tikinti işləri ilə məşğulam. Qarabağ əlilləri və şəhid ailələrinə Naftalan, Zərdab, Şamaxı, Tərtər və Qaxda ev tikilməsi ilə bağlı nazirlik tender elan eləmişdi. Tenderdə iştirak etdim, qalib gəldim. Tenderdən qabaq nazirliyin tikilməkdə olan obyektlərinin rəhbəri Natiq Əzizovla görüşdüm və tenderin qalibi olmağım barədə razılığa gəldik. Ümumilikdə, 13 ev tikmişəm, hər bir evi tikməyimə görə Natiq Əzizova 3 min manat vermişəm. Ümumilikdə, Natiq Əzizova 39 min manat vermişəm", - deyə şahid bildirib.

Şahid Akif Məmişov isə deyib ki, 2014-cü ildən 2020-ci ilə qədər Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin müdiri işləyib: "1994-cü ildən fondda müxtəlif vəzifələrdə işləmişəm. 2014-cü ildən isə rəis təyin edildim. İşlədiyim dövrdə şöbədə yoxlamalar aparılıb. Axırıncı dəfə yoxlama zamanı nöqsanlar aşkarlandı. Bir gün sonra Daxili Nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov məni nazirliyə çağırdı. Dedi ki, nöqsanların qarşılığında 15 min manat verməlisən. Mən dedim ki, məndə o qədər pul yoxdur. Bildirdim ki, maksimum 10 min manat verə bilərəm. Bir az söhbət edəndən sonra o, 13 min manatda dayandı və bu məbləği istədi. Mən də razılaşdım. 13 min manatı verəndən sonra işdən çıxarmadılar, formal töhmət elan elədilər. Amma vəzifəmdə qaldım".

Daha sonra hakim bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt, Astara, Ağcabədi, Xocavənd, Yevlax və Göygöl şöbələrinin sabiq müdirləri məhkəməyə şahid qismində dəvət olunsalar da, onlar prosesə gəlməyib.

Məhkəmə yerində müşavirə keçirərək həmin şəxslərin məcburi məhkəməyə gətirilməsi barədə qərar çıxarıb.

Proses sentyabrın 24-də davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti