...

Səlim Müslümovun məhkəməsində şahidlər dindirilib

Gündəm Materials 31 Oktyabr 2022 17:40 (UTC +04:00)
Səlim Müslümovun məhkəməsində şahidlər dindirilib

Bakı. Trend:

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən "Ellada"MMC-nin rəhbəri Əhməd Bağırov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatalada 2 ev tikib: "Hər evin tikintisi üçün nazirliyin əməkdaşı Natiq Əzizova 6 min manat rüşvət vermişəm".

Digər şahid Nizami Eminov isə bildirib ki, "Ömər İnşaat" və "Şəhanə" MMC şirkətləri onun adına rəsmiləşdirilsə də, yalnız "Ömər İnşaat" şirkətinə rəhbərlik edib: "Nazirliyin sifarişi ilə 6 ev tikmişəm. Həmin evlərin tikintisi üçün keçirilən tenderdə qalib olmaq üçün nazirliyin tikilməkdə olan obyektlərinin rəhbəri Natiq Əzizova 36 min manat rüşvət vermişəm. Natiq Əzizov mənə çağırıb dedi ki, kömək elə, mən də elədim".

Prosesdə ifadə verən digər şahid Səxavət Cəlilov bildirib ki, "Erol" şirkəti onun adına rəsmiləşdirilsə də, heç bir prosesdə iştirak etməyib: "Mən söküntü işləri ilə məşğul olmuşam. İşləyib pulumu almışam. Maliyyə işlərindən xəbərim olmayıb. Sənədləri gətiriblər, imzalamışam. Nazirlikdən heç kimlə görüşməmişəm. Sadəcə, şirkət mənim adıma rəsmiləşdirilib. Özüm usta işləyirdim. Heç nədən xəbərim olmayıb".

Şahid Şahlar Məmmədov isə deyib ki, 2014-cü ildə Ağdaşda 2 ev tikib: "Mən işi görətürməyə peşman oldum. Bu vaxta qədər də pulumu ala bilməmişəm. O evləri tikəndən sonra bankrot oldum. Maliyyə Nazirliyi gəlib yoxlama keçirdi, 31 min manat ziyan müəyyənləşdirdi. Mən isə bununla razı olmayıb onları məhkəməyə verdim. Sonradan danışıqlar apardılar, dedilər ki, ödəyəcəyik. Mən də şikayətimi geri götürdüm. Öz pulumu ala bilməmişəm, niyə kiməsə rüşvət verim?!".

Şahid Xanlar Rüstəmov da deyib ki, "Nicat XL" MMC onun adına təsis edilsə də, heç bir prosesdən xəbəri olmayıb: "Şirkət mənim adıma təsis olunub. Səhəri gün mən şirkəti etibarnamə ilə Etibar İsgəndərova vermişəm. Etibarın işindən xəbərim olmayıb. Bir də xəbər tutmuşam ki, vergidən yayınma faktı var".

Digər şahid Abusəlim Cəfərov qeyd edib ki, qardaşı Elman Cəfərovla birlikdə Zaqatalada 2 ev tikib: "Maliyyə işlərinə Elman baxıb. 6 min manat bir evə, 12 min manat isə digər evə görə Natiq Əzizova rüşvət verib".

Elman Cəfərovun digər qohumu Samir Şahmirov isə bildirib ki, adıçəkilən qohumu onun adına şirkət inşa edib. "Şirkətə qohumum Elman Səfərov rəhbərlik edirdi. Mən usta olmuşam. Bankdan pul götürəndə sənədləri mən imzalamışam. Amma pulu o alırdı, çıxaran kimi", - şahid deyib.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti