...

Səlim Müslümovun məhkəmə prosesi mayın 15-nə təyin edilib

Gündəm Materials 8 May 2023 18:02 (UTC +04:00)
Səlim Müslümovun məhkəmə prosesi mayın 15-nə təyin edilib

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxsə verilən müddətdə böyük məbləğdə dəymiş ziyanın ödənilməsi həyata keçirilib. Şirkətlərlə bağlı mənimsəmə faktı istisna olmaqla təqsirləndirilən şəxs Səlim Müslümov dəymiş ziyan tam ödənilib.

Həmçinin S. Müslümov sonuncu dəfə bu il aprelin 18-də şirkətlər tərəfindən mənimsənilmiş 4,5 milyon manatı da ödəyib. Ödənilən məbləğin çekləri də məhkəməyə təqdim edilib. Həmçinin həmin şirkətlər də dəymiş ziyanın 600 min manatını ödəyib. Məhkəmə ibtidai istintaqa mənimsəmə epizodu üzrə şirkətlərin ödədiyi yekun məbləğlə bağlı yekun məlumat üçün sorğu göndərib. Sorğuya cavab gəlmədiyi üçün məhkəmə prosesi mayın 15-nə təyin edilib.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

O, 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti