Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/
Daxili İşlər Nazirliyi "kriminal avtoritet" kimi tanınan Rafiq Eyvazovla bağlı rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə "kriminal avtoritet" kimi tanınan Rafiq Eyvazov martın 27-də paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb.
Üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patron olan "Makarov" tipli tapança aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Rafiq Eyvazovun cinayətkar əlaqələrinin və qanunsuz olaraq əldə etdiyi odlu silahın mənbəyinin müəyyən olunması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.