...

Fələstin Milli hökuməti və yaxud İsraillə dialoq? - Trend News-un icmalçısı

Siyasət Materials 3 Mart 2009 09:16 (UTC +04:00)
Fələstin Milli hökuməti və yaxud İsraillə dialoq? - Trend News-un icmalçısı

Trend -un Yaxın Şərq redaksiyasının icmalçısı Ülviyyə Sadıxova

FƏTH-lə HƏMAS-ın vahid Fələstin Milli hökumətində birləşməsi Fələstində siyasi vəziyyətin stabilləşməsinə xidmət etsə də, Mahmud Abbas HƏMAS-la sülh və İsraillə dialoq arasında seçim etməlidir.

Muxtariyyatın düşmənçilik edən iki nəhəng fraksiyası yeni hökumət formalaşdırmaq üçün beş komitənin yaradılması barədə razılıq əldə ediblər. Qəribə olan bubur ki, HƏMAS 2006-cı ildə baş tutan seçkilərdə qalib gəldiyi zaman FƏTH seçki nəticələrini baykot edib və muxtariyyatın prezidenti Mahmud Abbas hökuməti buraxmaq qərarını verib. Ən qəribəsi isə gələn il Fələstində keçiriləcək seçkilərə nəzarətin HƏMAS-ın əlində olacağıdır.

FƏTH-lə HƏMAS-ın münasibətlərinin yaxşılaşmasına İsrailin regionda keçirdiyi sonuncu hərbi əməliyyatlar böyük təsir etdi. Üstəlik bu ittifaqdan hər iki tərəf qazanır. Həmas İsrail hücumları nəticəsində dağıdılan Qəzzadakı infrastrukturları təmir etməklə yanaşı, Ərəb dövlətləri liqasının ayırdığı vəsaitdən də yararlana biləcək. Hakim FƏTH isə danışıqlar prosesində İsraillə yaxınlaşma fonunda itirmək üzrə olduğu nüfuzunu bərpa etmək şansını əldə edəcək.

Seçkilərin təşkili hüququnun HƏMAS-a verilməsi, FƏTH-in gələcək seçkilərdə növbəti siyasi iflasa uğramamaq məqsədi daşıması istisna deyil. Əgər ötən seçkilər nəticəsində FƏTH Qəzzaya nəzarəti əldən veribsə, indi Qərb Sahilə olan nəzarəti itirmək təhlükəsi ilə üz-üzədir. 

Bir çox anatiklər 22 gün sürən İsrail hücumları nəticəsində HƏMAS-ın siyasi və hərbi qüdrətinin zəiflədiyini bildirsələr də, hərəkatın seçkilərdə qalib gəlmə ehtimalı yüksək olaraq qalır. Bəzi Avropa ölkələrinin FƏTH və İsraili HƏMAS-ı sülh danışıqlarına qoşmağa səsləmələri və hərəkat nümayəndələrinin Küveytdə keçirilən mühüm konfranslarda iştirakı HƏMAS-ın müharibə nəticəsində ərəb dünyasındakı çəkisinin artmasından xəbər verir.

Əvvəllər Fələstin muxtariyyatı hökuməti və rəsmi Təl-Əviv HƏMAS-ın sülh danışıqlarında iştirakına qarşı çıxırdılar. 2007-ci ildə Annapolisdə baş tutan sülh konfransında hərəkatın prosesə qoşulması rədd edildi.

FƏTH və HƏMAS martın sonunadək hökuməti formalaşdıra bilsələr, İsrail qarşısında yeni problemlər yarana bilər: Ərəb qonşularla gələcək dialoqu hansı istiqamətdə aparmalı? Bir müddət öncə İsrail Qəzzanı blokadaya aldığına görə HƏMAS-ın raket zərbələri ilə mübarizə aparırdısa, indi Fələstin Milli hökuməti yaranarsa rəsmi Tel-Əviv bölgədəki hərbi mövqelərini saxlamaqdan ötrü sülh danışıqlarından imtina etməli olacaq.  

Vəziyyəti qəlizləşdirən İsraildə Knessetə keçirilən seçkilərdə fələstinlilərlə danışıqların əleyhinə olan Benyamin Netanyahunun başçılıq etdiyi "Likud" siyasi blokunun qələbə çalmasıdır.

Hazırda İsrailin siyasi həyatında çətin dövrlər yaşanmaqdadır. "Kadima" lideri Tsipi Livni ilə Netanyahu arasında hökuməti formalaşdırmaq uğrunda qızğın mübarizə gedir. Sonuncunun baş nazir olmaq şansları isə daha çoxdur.

Bu səbəbdən də FƏTH-lə HƏMAS-ın birləşməsinin ardınca İsrailin sülh danışıqlarından imtina etməsi güman olunur. Çünki Netanyahu seçkiqabağı təşviqat zamanı HƏMAS-ı məhv edəcəyini söz vermişdi. Buna səbəb isə HƏMAS-ın ümumiyyətlə İsrail adında dövlətin mövcudluğunu qəbul etməməsidir.

İsrail HƏMAS-ın danışıqlarda iştirakına göz yumarsa hərəkatın yəhudi dövləti ilə yalnız güc metodu ilə danışmaq fikri olduğundan İsrailin təhlükəsizliyi də zərbə altına düşəcək. Bu gün İsrail HƏMAS-ın sülh prosesində iştirakına razılıq verərsə istisna deyil ki, daha da radikal fələstin təşkilatları olan "İslam Cihadı" və "Əl-Əksa əzabkeşləri briqadası" da danışıqlara qoşulmaq barədə tələb irəli sürsünlər.   

İndi Abbas seçim etməlidir: Fələstin cəmiyyətinin birliyi naminə HƏMAS-la vahid hökumət və yaxud İsraillə sülh danışıqları aparmaqla qərbdə mülayim hökumət imici formalaşdırmaq.

Danışıqlardan imtina olunarsa, Qəzzada və Qərb Sahildə yeni müharibənin başlanma təhlükəsini nəzərə alsaq analoji seçimi İsrail tərəfi də etməlidir. Yeni müharibənin başlanması isə dünya maliyyə böhranını nəzərə alsaq, rəsmi Təl-Əviv üçün heç də arzu olunan deyil.

Məqalə müəlllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti