...

Türkdilli ölkələrin Ümumdünya Riyaziyyat Cəmiyyətinin IV konqresi Azərbaycanda keçiriləcək

Siyasət Materials 7 İyul 2009 20:44 (UTC +04:00)

Qazaxıstan, Astana, 07 iyul / Trend , müxbir K.Konırova /

"Türkdilli ölkələrin Ümumdünya Riyaziyyat Cəmiyyətinin IV konqresi Azərbaycanda keçiriləcək", - bu yaxınlarda Türkdilli ölkələrin Ümumdünya Riyaziyyat Cəmiyyətinin III konqresi keçirilən Əl-Fərabi adına Qazaxıstan Milli Universitetindən Trend -a bildirilib.

"Azərbaycanlı riyaziyyatçı-alim Fikrət Əliyev özünün türkiyəli həmkarı Etibar Pənahovla birlikdə Türkdilli ölkələrin Ümumdünya Riyaziyyat Cəmiyyətinin vitse-prezidentləri seçilib", - universitetin mətbuat xidmətindən deyilib.

"Dünyanın 15 ölkəsindən 500 iştirakçı yekdilliklə Türkdilli ölkələrin Ümumdünya Riyaziyyat Cəmiyyətinin prezidenti vəzifəsinə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Bakıtjan Jumaqulovu seçdilər. O, riyazi və kompüter modelləşdirməsi üzrə riyazi məktəbin rəhbəridir", - universitetdən bildirilib.

Türkdilli ölkələrin Ümumdünya Riyaziyyat Cəmiyyətinin III konqresinin iştirakçıları və rəhbərləri müraciət qəbul edərək bu konqresin ənənəvi hal almasını təklif ediblər. Onların fikrincə, bu, Türkdilli ölkələrin və digər maraqlı ölkələrin alimləri arasında elmi-texniki və təhsil əməkdaşlığının inkişafına kömək edəcək.

Türkdilli ölkələrin Ümumdünya Riyaziyyat Cəmiyyəti 1999-cu ildə yaradılıb və Azərbaycan, Qırğızıstan, Özbəkistan, İran, Türkmənistan, Çin, Monqolustan, Rusiya, ABŞ və Aİ ölkələrini birləşdirir. Cəmiyyət riyaziyyatçıların elmi əməkdaşlığının uğurlu inkişafına kömək edir. Türkdilli ölkələrin Ümumdünya Riyaziyyat Cəmiyyətinin I konqresi 1999-cu ildə Türkiyənin Elazığ şəhərindəki Firat Universitetində keçirilib. II konqres də Türkiyədə 2007-ci ildə Sakarya Universitetində keçirilib. Artıq III konqres də arxada qalıb. İldən-ilə konqres iştirakçılarının sayı artır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti