Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Konyayeva/
İran Prezidenti Əhmədinejadın Nyu-Yorkda verdiyi bəyanat nəinki adamları inandırmadı, İranın özündə də mənfi reaksiya yaratdı, - ekspertlər belə hesab edirlər.
"İran özünün nüvə proqramı ilə bağlı artan təzyiqlər səbəbindən küncə sıxışdırılıb, ona görə də Əhmədinejadın İrana mənfi təsir göstərəcək belə bəyanatla çıxış etməkdən başqa çarəsi qalmır", - İran Araşdırmalar Mərkəzinin Fransada yaşayan sədri, professor Hüseyn Lacivərdi telefonla Trend-ə bildirib.
Nyu-Yorkda - BMT Baş Assambleyasında - çıxışı zamanı Əhmədinejad 2001-ci il 11 Sentyabr hadisəsinin dünya iqtisadiyyatının xilası və İsrailin müdafiə edilməsi məqsədilə Amerika hakimiyyəti tərəfindən törədildiyinin mümkünlüyünü bəyan edib. O, həmçinin, bildirib ki, terrorçuların əkiz qüllələrə hücumundan yararlanaraq, ABŞ hakimiyyəti İraqda və Əfqanıstanda hərbi əməliyyatlara başlamaq üçün bu məqamdan istifadə edib.
Amerikalı diplomatlar etiraz əlaməti olaraq iclası tərk ediblər. Bu arada Avropa İttifaqının bütün ölkələri daxil olmaqla, Kanada, Avstraliya və Yeni Zelandiyanın 32 nümayəndə heyətinin nümayəndələri də onları dəstəkləyiblər.
Lacivərdinin fikrincə, Əhmədinejad dünya ictimaiyyətinin diqqətini İrandakı problemlərdən yayındırmaq üçün addım atmaq istəyib.
"Onun çıxışını və müsahibəsini problemlərdən qaçmaq və hücumun köməyi ilə müdafiə olunmaq cəhdi kimi qiymətləndirmək mümkündür", - o deyib.
Oklahoma Universitetinin Yaxın Şərqin Öyrənilməsi Mərkəzinin direktoru Coşua Lendis (Joshua Landis) Əhmədinejadın ABŞ-ın bir çox iri xəbər kanallarındakı çıxışları ilə çoxlu sayda insanın fikrini dəyişdirməyə nail olduğuna inanmır.
"ABŞ-la İran arasındakı qarşıdurma uzun müddətdir ki, mövcuddur, Amerikada müsəlmanlara qarşı qəzəb yüksək səviyyədədir, məscidlərin tikintisi ilə bağlı mübahisələr isə ictimai fikri daha da qızışdırır", - Lendis elektron-poçtla Trend-ə bildirib. - "Belə ki, Konqresdəki seçkiqabağı kampaniyanın ən qızğın vaxtıdır, bir çox respublikaçılar islam əleyhinə ritorikanı seçkiqabağı proqramlarına daxil ediblər".
Əhmədinejad Nyu-Yorkda olarkən "Foks Nyus" telekanalına müsahibə verib, eləcə də CNN telekanalında məşhur aparıcı Larri Kinqin "Larry King Live" adlı axşam şousunda iştirak edib.
İran üzrə amerikalı ekspert Robert Fridmanın (Robert Freedman) fikrincə, Əhmədinejadın ABŞ-a səfəri əsl fəlakət olub.
" [Əhmədinejadın] ABŞ-ın 11 Sentyabr hadisəsinə görə məsuliyyət daşıması haqqında iddiası (aşkar yalandır), ciddi amerikalılara onun nüvə məsələsinə etibar etməyə imkan vermir", - Strateji Araşdırmalar İnstitutunun araşdırıcısı Fridman elektron-poçtla Trend-ə bildirib.
2001-ci il 11 Sentyabr terror aktı (bəzən 9/11 adlandırılır) ABŞ-da törədilən silsilə terror aktlarının davamıdır. Rəsmi versiyalara görə, bu hücumlara görə məsuliyyət "əl-Qaidə" terror təşkilatının üzərinə düşür.
Dörd qrupa bölünmüş 19 terrorçu 4 sərnişin avialaynerini ələ keçirir. Onlardan 2-si Nyu-Yorkdakı Manhetten ərazisinin cənub hissəsindəki Dünya Ticarət Mərkəzinin qüllələrinə doğru istiqamət götürür. Hücum nəticəsində hər iki qüllə dağılır və ətrafdakı tikililərə ciddi ziyan dəyir. Üçüncü təyyarə Vaşinqton yaxınlığında yerləşən Pentaqonun binasına doğru uçur. Dördüncü təyyarənin sərnişinləri və ekipaj üzvləri təyyarənin idarə olunmasını terrorçuların əlindən almağa cəhd göstərirlər; təyyarə Pensilvaniya ştatının Şenksvil şəhəri yaxınlığında çöllük əraziyə düşüb. Hücum nəticəsində, 19 terrorçu ilə yanaşı, 2 974 nəfər həlak olur, daha 24 adam isə itkin düşür. Həlak olanların əksəriyyəti mülki vətəndaşlardır.
Tehran "Azad" Universitetinin professoru Mirqasım Bənihaşımi hesab edir ki, Əhmədinejadın bəyanatı ilə bağlı fikirlər haçalanır - kimi onu dəstəkləyir, kimisi tənqid edir.
"ABŞ və Avropa ölkələri İran Prezidentinin bütün səfərlərini və çıxışlarını tənqid edirlər və bu tendensiya, şübhəsiz, davam edəcək", - İranın Elm Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin üzvü Bənihaşimi Tehrandan telefonla Trend-ə bildirib. - "Təbii ki, ABŞ və Avropa ölkələri, bəzi KİV onun bəyanatına mənfi yanaşır".
"Digər tərəfdən, onun fikrincə, üçüncü dünya ölkələri (ərəb, Afrika və Asiya ölkələri) Əhmədinejadın mövqeyini dəstəkləyir və onun çıxışını alqışlayırlar. Bundan əlavə, onlar Prezidentin baxışlarını və sözlərini özlərininki kimi qiymətləndirirlər", - Bənihaşimi belə hesab edir.
Onun sözlərinə görə, İranın özündə də bununla bağlı fikirlər parçalanır; müxalifədt qüvvələri, universitet professorları və bəzi digər iranlılar onun mövqeyini tənqid edir, Parlament, televiziya və KİV nümayəndələri isə onu dəstəkləyirlər.
"Əhmədinejadın müsahibəsi və çıxışları İranda həqiqi vəziyyəti əks etdirmək, onları Qərb və Amerika mətbuatına çatdırmaqdır", - Bənihaşimi deyib. - "Bu nöqteyi-nəzərdən o, İran ətrafında mənfi atmosferi bir qədər yumşalda bilib".
Lakin əgər iqtisadi və siyasi nöqteyi-nəzərdən qiymətləndirilərsə, iranlı ekspertin sözlərinə görə, onda ABŞ və Qərb ölkələri İran hökumətinə qarşı getdikcə daha çox qəzəblənəcəklər. Çünki Əhmədinejad öz çıxışı zamanı elə məsələlərə toxunub ki, onlar Qərb ölkələrinə və ABŞ-a xoş gələ bilməz.
Materialın hazırlanmasında T.Cəfərov iştirak edib.