...

Prezident Vaslav Klaus: Çexiya Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Siyasət Materials 10 May 2011 16:13 (UTC +04:00)
Çexiya Respublikasının Prezidenti Vaslav Klaus mayın 16-19-da ilk dəfə Azərbaycana rəsmi səfər edəcək.
Prezident Vaslav Klaus: Çexiya Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Y.Ostapenko/

Çexiya Respublikasının Prezidenti Vaslav Klaus mayın 16-19-da ilk dəfə Azərbaycana rəsmi səfər edəcək.

"İnanıram ki, ilk səfərim Çexiya Respublikasının sizin ölkənizlə fəal münasibətlərdə maraqlı olmasının dəqiq siqnalı olacaq", - Prezident Klaus səfəri ərəfəsində Trend-ə müsahibəsində bildirib.

Prezidenti iş adamlarından ibarət 40 nəfərlik nümayəndə heyəti müşayiət edəcək. Klausun sözlərinə görə, bu, iqtisadi əməkdaşlıqda böyük maraqdan xəbər verir.

Prezidentin sözlərinə görə, Çexiya Respublikası Azərbaycan ilə energetika sahəsində əməkdaşlıqda maraqlıdır.

"Şəxsi qaz resursları olmayan ölkə kimi, Çexiyanın təbii qazın idxalında böyük marağı var. Məhz buna görə də biz "Cənub qaz dəhlizi" və "Nabukko" qaz kəməri layihəsini dəsətəkləyirik", - o bildirib.

Çexiyanın neftə tələbatının 20 faizi Azərbaycandan olan idxalın hesabına ödənilir.

İldən-ilə qarşılıqlı mal dövriyyəsi artır. Azərbaycan Çexiyanın Cənubi Qafqazda iri ticarət tərəfdaşıdır.

2010-cu il ərzində mal dövriyyəsi 38 milyon dollar təşkil edib. Çexiya mallarının idxal payına 37,78 milyon dollar, Azərbaycan mallarının Çexiyaya ixracının payına isə 0,23 milyon dollar düşüb.

"Mən Qafqazın digər ölkələri kimi, heç vaxt Azərbaycanda olmamışam. Ümid edirəm ki, öz ilk rəsmi səfərimlə bu regiona lazımi qiymət verəcəyəm", - deyən Prezident Klaus qeyd edib ki, Prezident İlham Əliyevlə görüşü səbirsizliklə gözləyir.

Əvvəllər Çexiya və Azərbaycan rəhbərləri 2009-cu ilin mayında "Şərq tərəfdaşlığı"nın təsis sammitində şəxsən bir dəfə görüşüblər. Çexiya Respublikası layihənin təşəbbüskarlarından biri olub.

Ötən iki il ərzində "Şərq tərəfdaşlığı"nın əhəmiyyətli nəticələri arasında Klaus azad ticarət haqqında sazişin bir hissəsi olacaq Aİ və Azərbaycan arasında assosiasiya haqqında saziş üzrə danışıqların başlanmasını qeyd edib.

Ötən il iyulun ortalarında Avropa İttifaqı ilə Cənubi Qafqazın 3 ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistan arasında assosiasiya haqqında saziş üzrə danışıqların birinci raundu keçirilib. Saziş ümumi dəyərlərin hazırlanması üzrə birgə öhdəliklərə əsaslanır və siyasi dialoq, ədliyyə, azadlıq və təhlükəsizlik, eləcə də ticarət və əməkdaşlıq məsələləri kimi sahələrin geniş spektrini əhatə edir.

Azərbaycanın ağır problemi - Ermənistanla yubadılmış münaqişə haqqında danışan Klaus bildirib ki, Çexiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh prosesi ilə bağlı hadisələrin inkişafını izləyir, hərçənd ki, onun həllinə birbaşa cəlb edilməyib.

"Mən əminəm ki, münaqişənin həllinə xarici oyunçuların iştirakı ilə deyil, regionun özündə qəbul edilən qərarlar yolu ilə nail oluna bilər. Buna görə də biz Azərbaycan və Ermənistan prezidentləri arasında 2008-ci ildən davam edən birbaşa danışıqları alqışlayırıq, - Klaus bildirib. - Həllə gətirə biləcək digər yol yoxdur".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti