...

Azərbaycanın xarici siyasəti həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə uğurla həyata keçirilir - nazir müavini Nadir Hüseynov

Siyasət Materials 9 İyul 2011 12:20 (UTC +04:00)
9 İyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar Trend-in xarici işlər nazirinin müavini Nadir Hüseynovla müsahibəsi
Azərbaycanın xarici siyasəti həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə uğurla həyata keçirilir - nazir müavini Nadir Hüseynov

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir S.Ağayev/

9 İyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar Trend-in xarici işlər nazirinin müavini Nadir Hüseynovla müsahibəsi

- İyulun 9-da Azərbaycanda diplomatların peşə bayramı qeyd olunur. Sizi bu bayram münasibətilə ürəkdən təbrik edirik, Sizə bu sahədə yen-yeni uğurlar arzu edirik. Siz Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi andan Azərbaycan diplomatiyasının fəaliyyətinin nəticələrini necə qiymətləndirirsiniz?

- Diplomatiya günü Azərbaycan Respublikası üçün çox böyük əhəmiyyəti olan günlərdən biridir. 18 oktyabr 1991-ci il Konstitusiya Aktının qəbul edilməsi ilə öz dovlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası üçün də müstəqil xarici siyasət yeritmək, beynəlxalq birliyə daxil olmanın özünəməxsus prioritetlərini işləyib hazırlamaq, dovlətlərarası münasibətlərin əsas istiqamətlərini müəyyən etmək kimi geniş imkanlar açılmışdı. Bu dövrdə Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdu. Ölkədə vəziyyət olduqca gərgin idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra xalqın firavanlığı və ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanıldı. Bu, xarici siyasətdə də öz əksini tapdı. Azərbaycan Respublikası öz xarici siyasətini beynəlxalq hüququn prinsipləri və normaları əsasında qurmağa başladı.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü il oktyabr ayının 10-da prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında qeyd edib ki, "respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dovlətləri ilə bərabərhüqüqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək ücün səmərəli istifadə etməkdən ibarətdir".

Azərbaycan artıq öz regionunun güclü dövlətlərindən birinə çevrilib. Artıq hər kəs inanır ki, regionda Azərbaycanın iştirakı olmadan istər siyasi, istərsə də iqtisadi sahələrdə əməkdaşlıq mümkün deyil. Burada yalnız Azərbaycanın zəngin təbii ehtiyatları və ya əlverişli coğrafi-siyasi vəziyyəti deyil, həmçinin Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, ölkə daxilində gedən proseslər, ictimai-siyasi sabitlik, beynəlxalq aləmə inteqrasiya, sabit inkişaf və digər amillər də böyük rol oynayır.

Azərbaycan xarici siyasəti istər ikitərəfli əsaslarda, istərsə də çoxtərəfli müstəvidə uğurla həyata keçirilib və keçirilməkdə davam edir. Azərbaycan Respublikası, Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinə malikdir. Bu münasibətlər iqtisadi, siyasi, hüquqi, mədəni və s. əsaslara malikdir və Azərbaycan Respublikasının bu ölkələrdəki diplomatik nümayəndəlikləri və diaspor təşkilatları tərəfindən daim inkişaf etdirilir.

Hazırda Azərbaycanın 65 ölkədə diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bu diplomatik nümayəndəliklərin fəaliyyəti nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb və Azərbaycanın haqlı mövqeyi dünya dövlətlərinin çoxu tərəfindən müdafiə edilib. Məsələn, 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı Qətnamənin dünyanın bir çox dövlətlərinin dəstəyi nəticəsində qəbul edilməsi bunu bir daha sübut edir.

Azərbaycan Respublikasının xarici siyasətində çoxtərəfli əməkdaşlıq vacib əhəmiyyətə malikdir. Bildiyimiz kimi, Azərbaycan Respublikası BMT və onun ixtisaslaşmış təsisatları, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatların üzvü olmaqla yanaşı, Avropa İttifaqı və NATO yanında nümayəndəliklərə malikdir.

Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT üzvlüyünə qəbul edilib və 1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə münaqişənin sülh yolu ilə həllinə çalışıb.

1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" Qətnamə qəbul edib. Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə fəal iştirak edir. Əvvəl qeyd edildiyi kimi, Azərbaycan 1995-1997, 1998-2000-ci illər ərzində YUNİSEF-in İcra Heyətinin, 2000-2002-ci illər ərzində Qadınların vəziyyəti haqqında Komissiyanın və 2002-2004-cü illər ərzində BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının üzvü olub. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilib. Hazırda Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini verib.

Azərbaycan Respublikasının xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər olduqca əhəmiyyətli yerə malikdir. Əməkdaşlığın hüquqi əsası 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub.

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın digər bir istiqaməti Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü çərçivəsində həyata keçirilir. ŞT təşəbbüsü Aİ xarici işlər nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. ŞT Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq sazişləri əvəzinə yeni, Assosiasiya sazişlərinin imzalanması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırılır. Hazırda Aİ və Azərbaycan Respublikası arasında yeni Assosiasiya Sazişinin imzalanması haqqında danışıqlar davam edir.

2001-ci il 25 yanvar tarixindən etibarən Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür. Avropa Şurası ilə Azərbaycan Respublikası arasında münasibətlərin uğurlu həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri var. Onun beynəlxalq təşkilatlardakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın dünyadakı nüfuzunun daha da artmasına güclü təsir göstərib. Məhz Prezident İlham Əliyevin qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunub, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşıb, həmin münaqişəyə düzgün siyasi qiymət verilib, onun həlli yolunda mühüm addımlar atılıb. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan tərəfinin böyük xidmətləri var.

Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Təşkilata üzv olduqdan sonra Ermənistanın Azərbaycana təcavüzü və işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması ilə bağlı bir sıra sənədlər qəbul edilib. Təsadüfi deyil ki, 2008-ci ilin 14 mart tarixində BMT Baş Assambleyasının 62-ci Sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi "Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət" adlı qətnamənin qəbul edilməsində İKT-yə üzv olan dövlətlərin mövqeyi həlledici rol oynayıb.

2010-cu il Azərbaycanın xarici siyasətində bir sıra mühüm nailiyyətlərlə yadda qalıb. Bu sahədə prioritet vəzifə olan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli başa çatmasa da, müəyyən irəliləyişlərə nail olunub.

Azərbaycanın 2010-cu ildə xarici siyasətdə əldə etdiyi uğurlar sırasında payızda Lissabonda keçirilən NATO sammiti də var. Şimali Atlantika Alyansının bu sammitinin qətnaməsində Azərbaycanın ərazi bütövlüyü məsələsi birmənalı surətdə dəstəklənib. Eyni zamanda, Avropa Parlamentinin qətnaməsində də Azərbaycanın ərazi bütövlüyü məsələsi və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması tələbi də öz əksini tapıb.

Ölkəmiz humanitar və digər sahələrdə də dünyaya öz töhfələrini verməkdə davam edir. Bu istiqamətdə beynəlxalq təşkilatlarla, NATO və Avropa İttifaqı ilə əməkdaşlıq daha da inkişaf edir. Avropa İttifaqı ilə alt komitənin yaradılmasına dair 2 protokol imzalanıb. Diaspor fəaliyyətinin genişləndirilməsi, xaricdə olan vətəndaşlarımızın hüquqlarının müdafiəsi, onlara konsulluq fəaliyyətlərinin göstərilməsi də Azərbaycan Xarici İşlər Nazirliyinin prioritetlərindəndir.

Biz çalışmalıyıq ki, bundan sonra da Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdıraq, eyni zamanda, apardığımız xarici siyasət vasitəsilə Azərbaycanın dünyadakı mövqelərini möhkəmləndirək və milli maraqlarımızın daha yüksək səviyyədə qorunmasına nail olaq. Əlbəttə, hörmətli səfirlərin və diplomatik korpusun bu istiqamətdə rolu çox mühümdür. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında xaricdə fəaliyyət göstərən diplomatlar daha da fəal olmalıdırlar.

- Bu gün və yaxın perspektivdə Azərbaycan diplomatiyası qarşısında hansı əsas vəzifələr durur?

- Azərbaycanın xarici siyasət istiqamətləri və strateji seçimləri aşağıdakı təsiredici amillərlə müəyyənləşir:

Bildiyiniz kimi, Azərbaycan Respublikası ərazisinin təxminən 20 faizi Ermənistan Respublikası tərəfindən işğal edilib. Ölkəmizdə milyona yaxın hüquqları kobud surətdə pozulmuş qaçqın və məcburi köçkün yaşayır. Bu insanlar Ermənistanın hərbi işğalı və etnik təmizləmə siyasəti yeritməsi nəticəsində öz torpaqlarını itiriblər. Bundan başqa, işğal olunmuş ərazilərdə yerləşən tarixi və mədəni irsimiz ermənilər tərəfindən dağıdılıb. Ermənistanın Azərbaycana qarşı təcavüzünün ölkəmizin təhlükəsizlik mühitinin əsas təyinedici amili olması səbəbindən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, hüquqları pozulmuş qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması Azərbaycanın xarici siyasətinin formalaşdırılmasında əsas rol oynayır və ən birinci prioritetdir.

Azərbaycanın xarici siyasətinin həyata keçirilməsinə təsir göstərən mühüm amil onun yerləşdiyi coğrafi mövqe ilə əlaqədardır. Belə ki, yeni yaranmaqda olan nəqliyyat və enerji dəhlizləri üzərində və böyük ticarət yollarının kəsişməsində yerləşməsi Azərbaycana enerji və infrastruktur mərkəzinə çevrilmək üçün əhəmiyyətli imkanlar yaradır. Digər tərəfdən, neft və qaz kimi strateji təbii ehtiyatlara malik olması Azərbaycana xarici siyasətdə geniş manevrlər etmək imkanı yaradır. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına nəqli sonradan Azərbaycanın enerji strategiyası adlandırılan siyasətin əsas elementinə çevrilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi bu strategiya Azərbaycanın xarici siyasətinin təməl daşıdır.

Müasir beynəlxalq münasibətlər sistemində terrorizm, insan alveri, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində digər dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycan xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir və bu istiqamətdə əməkdaşlıq, bu kimi cinayətlərə qarşı mübarizə daim davam etdiriləcək.

Xarici siyasətimizin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə sıx əməkdaşlıq və mehriban qonşuluq münasibətləri qurmaqdır. Bu istiqamətdə qonşu ölkələrlə iqtisadi, siyasi, mədəni, elmi və s. sahələrdə əməkdaşlıq edilir və bu sahədə çoxsaylı saziş və müqavilələr imzalanıb.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycan diplomatiyasının qarşısında duran əsas vəzifələrdən biri olaraq qalır. Siz yaxın gələcəkdə bu münaqişənin həlli prinsiplərini necə qiymətləndirirsiniz?

- Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi hazırda Azərbaycan Respublikası dövlət siyasətinin ən önəmli prioritetidir. Ölkə rəhbərliyinin uğurlu fəaliyyəti nəticəsində problemin həllində Azərbaycanın xeyrinə dəyişikliklər baş verməkdədir. Prezident İlham Əliyevin də bütün çıxışlarında vurğuladığı kimi, məsələ beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır. Bildiyimiz kimi, Ermənistan tərəfi iddia edir ki, Dağlıq Qarabağda yaşayan erməni milli azlığı beynəlxalq hüququn əsas prinsiplərindən biri olan öz müqəddəratını təyin etmək hüququna malikdir. Lakin bu hüququn subyektləri milli azlıqlar yox, xalqlardır. Yəni burada söhbət xalqların öz müqəddəratını təyin etməsi hüququndan gedir. Erməni xalqı isə Ermənistan dövlətini yaradaraq artıq öz müqəddəratını təyin edib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi isə həmin ərazidə yaşayan azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququnun pozulmasıdır. Digər tərəfdən, öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyü prinsipinə zidd olaraq həyata keçirilə bilməz. Xüsusi olaraq vurğulamaq lazımdır ki, öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi dövlətlərin suverenliyi və ərazi bütövlüyü ilə uzlaşmalıdır və sesessiyanı (dövlətdən müəyyən ərazinin ayrılmasını) sanksiyalaşdıra bilməz. Başqa sözlə, bu hüququn həyata keçirilməsi müstəqil, demokratik dövlətlərin parçalanması üçün əsas ola bilməz.

Münaqişənin həllinə dair Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün işğal olunmuş ərazilər azad edilməli, məcburi köçkünlər öz evlərinə qayıtmalı və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də bütün Cənubi Qafqaz regionunda sabitlik və davamlı sülhün bərqərar olmasına nail olunmalıdır. Nizamlama prosesinin əsas məqsədi Dağlıq Qarabağın Azərbaycan daxilində statusunu işləyib-hazırlamaq, onun modelini və hüquqi çərçivəsini müəyyən etməkdir. Azərbaycan tərəfi inanır ki, hər hansı statusun müəyyən edilməsi prosesi bölgənin bütün əhalisinin, o cümlədən erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə normal sülh və onların Azərbaycan hökuməti ilə hüquqi və demokratik proseslər çərçivəsində konstruktiv qarşılıqlı əlaqəsi şəraitində baş tutmalıdır.

Bundan başqa, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində qəbul edilmiş sənədlərdə bölgədəki bütün dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət etməli olduğu və eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün güс tətbiq edilməsinin yolverilməzliyi öz əksini tapıb. İndiyədək Ermənistan tərəfi bu qətnamələrə və beynəlxalq hüququn bu sahədə olan digər normalarına əməl etməyib.

Lakin Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həlli üçün bütün mümkün vasitələri səfərbər edəcək. Azərbaycan ərazilərinin işğal altında qalması yolverilməzdir. Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclənməsi və bölgənin ən önəmli dövlətlərindən birinə çevrilməsi problemin tezliklə həll edilməsinə dair ümidlərimizi artırır. Əminliklə bildirmək olar ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcək və biz buna ölkədəki bütün sahələrdə aparılan uğurlu islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində nail olacağıq.

Xəbər lenti

Xəbər lenti