...

Azərbaycan regional inteqrasiyaya əsaslanıb - səfir

Siyasət Materials 1 Fevral 2012 15:26 (UTC +04:00)
Türkiyə regionda mərkəz oyunçudur, ölkə İkinci Dünya müharibəsinin sonundan başlayaraq vacib rol oynayıb.
Azərbaycan regional inteqrasiyaya əsaslanıb - səfir

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Türkiyə regionda mərkəz oyunçudur, ölkə İkinci Dünya müharibəsinin sonundan başlayaraq vacib rol oynayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin "Limes" qəzetinə müsahibəsində bildirib.

"Türkiyə NATO-nun əsasını qoyan dövlətlərdən biridir və soyuq müharibə zamanı regionda Qərb təsirinin istehkamı olub. Ankara sovet təhlükəsinə qarşı NATO-nun ümumi müdafiəsinə böyük töhfə verib. Bu gün Türkiyənin rolu dəyişib, lakin azalmayıb", - Sadıqov vurğulayıb.

Səfirin fikrincə, hazırda Türkiyə daha müdafiə xəttini tutmur, lakin 70 il ərzində dünyanın qalan hissəsi üçün bağlı olan və Sovet İttifaqı adlanan ərazidə ideyalar, siyasi, iqtisadi və mədəni maraqlarını irəli sürür.

"Təbii ki, bu gün keçmiş SSRİ-nin türkdilli respublikaları ilə, ölkələrimizin coğrafi yaxınlığı nəzərə alınmaqla, ilk növbədə, Azərbaycanla münasibətləri bərpa etmək olar", - Sadıqov qeyd edib.

Onun sözlərinə görə, Türkiyə həmişə iki sivilizasiya arasında körpü olub.

"Mən bir sıra qəzetlərin nümunəsi üzrə deməzdim ki, Türkiyə neo-osmanlı siyasəti aparır. Bu ölkənin iqtisadi potensialı nəzərə alınmaqla, düşünmürəm ki, Türkiyə onu tez-tez günahlandırdıqları hər hansı bir müstəmləkə neo-osmanlı modelinə ehtiyac duyur", - diplomat deyib.

Səfir hesab edir ki, Türkiyə böyük ölkədir və buna görə də onun prioritetləri və milli maraqları var.

"Hər hansısa "x" ölkəsi öz milli maraqlarını müdafiə və irəli sürməyə başlayanda qorxu hiss etməməliyik. Problemlər bu təşəbbüsdə beynəlxalq qanunlara və sağlam rəqabətin qaydalarına riayət edilmədikdə başlayır", - Sadıqov qeyd edib.

Onun sözlərinə görə, Türkiyə, Cənubi Qafqaz və İranın yerləşdiyi ərazi çox vacib iqtisadi və nəqliyyat regionudur.

"Ermənistanla faktiki müharibə vəziyyəti səbəbindən biz onunla heç bir iqtisadi və nəqliyyat əlaqələrinə malik deyilik. Buna baxmayaraq, Türkiyə və Gürcüstanla bir çox sahələrdə xeyli fəal əlaqələrimiz var. Bura enerji, qaz və neft kəmərləri, ikitərəfli avtomobil yolları, dəmiryollar və s. sahələr daxildir. Gürcüstan və Türkiyə Azərbaycanın önəmli iqtisadi tərəfdaşlarıdır, bunu İran haqqında da söyləmək olar. Buna görə hesab edirik ki, Türkiyə, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq haqqında danışmaq olduqca vacibdir", - Sadıqov vurğulayıb və əlavə edib ki, tarixi, mədəni və dini baxımdan Azərbaycanı İranla bir çox ümumu cəhətlər birləşdirir.

"Bu gün İran və Azərbaycan arasında xeyli siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr şəbəkəsi mövcuddur. Biz bunlara çox böyük əhəmiyyət veririk. İlk növbədə ona görə ki, İran böyük ölkədir və yaxın qonşumuzdur. Bundan başqa, digər vacib amil odur ki, İranda 10 milyonlarla azərbaycanlı yaşayır. İran əhalisinin bu hissəsi yaxşı inteqrasiya olunub və biz bunu İran və Azərbaycan arasındakı sabit münasabitlərdə daha bir lövbər kimi nəzərdən keçiririk", - səfir deyib.

Onun sözlərinə görə, iki ölkənin bəzi beynəlxalq məsələlərə öz baxışları var.

"Lakin bizim bu məsələlər üzrə birbaşa fikir söyləmək imkanımızın olması həqiqətən əhəmiyyətlidir. Bundan savayı, bizim sıx iqtisadi əlaqələrimiz var, ölkələrimiz arasında ticarət dövriyyəsi isə mütəmadi olaraq artır", - diplomat bildirib.

O hesab edir ki, İranla olduğu kimi, Bakının Moskva ilə münasibətlərində də vacib amil odur ki, bir milyon yarım azərbaycanlı Rusiyada yaşayır.

"Yüksək səviyyədə bir çox beynəlxalq hadisələrə baxışlarımız üst-üstə düşür", - Sadıqov deyib.

Xəbər lenti

Xəbər lenti