...

Buxarestdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

Siyasət Materials 28 Dekabr 2012 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Rumıniyadakı səfirliyində tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatası, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyətləri, üzvləri iştirak ediblər.

Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov tədbiri giriş sözü ilə açaraq azərbaycanlıları Həmrəylik Günü münasibətilə təbrik edib. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətinin mətni ilə iştirakçıları tanış edən səfir, müraciətdə də qeyd olunduğu kimi, ilk dəfə bu günün qeyd olunmasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb, Heydər Əliyevin siyasətinin bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirildiyini söyləyib.

O, xarici ölkələrdəki, eyni zamanda, Rumıniyadakı azərbaycanlılara, onların problemlərinin həllinə münasibətdə həmişə dövlət qayğısının olduğunu vurğulayıb, Azərbaycanın gündən-günə inkişaf etdiyini, düşünülmüş iqtisadi siyasət nəticəsində dünya maliyyə və iqtisadi böhranının nəticələrinin ölkəmizdə minimuma endirildiyini diqqətə çatdırıb. Həsənov Azərbaycan dövlətinin taleyüklü məsələlərinin həllində icma nümayəndələrimizi sıx birliyə və həmrəyliyə çağırıb.

Səfir Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının il ərzində apardıqları fəaliyyəti yüksək qiymətləndirərək, onların iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində böyük töhfələri və xidmətləri olduğunu qeyd edib, görülən işlərin daha da intensivləşdirilməsinə ehtiyac duyulduğunu vurğulayıb. 2012-ci ildə Rumıniya-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində səfirlik tərəfindən aparılan işlər, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti