...

Prezident İlham Əliyev: Bu gün Azərbaycan, Rusiya, İran arasında yeni əməkdaşlıq formatı yaranır (ƏLAVƏ OLUNUB 5)

Siyasət Materials 8 Avqust 2016 19:47 (UTC +04:00)
Bu gün Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçirilir.
Prezident İlham Əliyev: Bu gün Azərbaycan,  Rusiya, İran arasında yeni əməkdaşlıq formatı yaranır (ƏLAVƏ OLUNUB 5)

Bakı. Trend:

Bu gün Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçirilir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən sammitdə çıxışında deyib.

Prezident İlham Əliyev bildirib ki, bu, tarixi hadisədir: "Bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır".

Dövlət başçısı sonra deyib: "Mənim dəvətimi qəbul edərək zirvə görüşünün işində iştiraka görə Prezident Putinə və Prezident Ruhaniyə minnətdaram. Qeyd etməliyəm ki, bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda üç ölkənin xarici işlər nazirləri görüşüblər. Əminəm ki, bu günki zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcək. Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğrafiya birləşdirir. Azərbaycanı həm İranla, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər, ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir: "Bu təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir. Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini açıq şəkildə dəfələrlə bildirib. Azərbaycan müstəqil siyasət aparır, bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir".

Dövlət başçısı həmçinin vurğulayıb ki, İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşır, hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan edib: "Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdırlar. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, torpağımızın 20 faizi işğal altındadır, bu işğaldan bir milyondan artıq azərbaycanlı əziyyət çəkir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr 20 ildən artıqdır ki, icra edilmir".

Prezident İlham Əliyev bildirib ki, son vaxtlar yaşadığımız regionda risklər və təhdidlər artır: "Biz beynəlxalq terrorizmə qarşı səylərimizi daha da birləşdirməliyik. Əslində bütün dünya səylərini birləşdirməlidir. Ancaq bu halda biz beynəlxalq terrorizmə qalib gələ bilərik. Azərbaycanın terrorizmə qarşı mübarizədə prinsipal mövqeyi dəyişməzdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirəyə çıxarıb, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürüb. 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər mövzusunda keçirilmiş yüksək səviyyəli iclası xüsusi qeyd etmək istərdim. İclasın yekununda bəyanat qəbul olunub, terrorun bütün formaları və təzahürləri bir daha pislənib".

Dövlət başçısı sonra qeyd edib: "Hörmətli həmkarlar, bizi birləşdirən Xəzər dənizi bizim ümumi sərvətimizdir: "Xəzər dənizi sülh və əməkdaşlıq dənizidir və belə də qalmalıdır. Xəzər dənizinin ekosisteminin qorunması bütün xəzəryanı ölkələrin ümumi işidir. Azərbaycan bu istiqamətdə öz töhfələrini verir. Xəzər dənizində zəngin neft-qaz yataqları yerləşir. Xəzərin Azərbaycan sektorunda Rusiya və İran şirkətləri neft-qaz yataqlarının işlənməsində 20 ildir ki iştirak edirlər, böyük sərmayə qoyurlar. Öz növbəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzərin İran və Rusiya sektorlarında aparılan işlərdə iştirak etməkdə maraqlıdır. Üçtərəfli format iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq. Rusiya və İran Bizim əsas tərəfdaşlarımızdandır. Əminəm ki, üçtərəfli format ölkələrimizin biznes strukturları üçün də faydalı olacaq, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu və qarşılıqlı ixrac imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir".

Prezident İlham Əliyev bildirib ki, maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın yaxşı perspektivləri var: "Ölkələrimizin geniş maliyyə imkanlarını nəzərə alaraq biz başqa ölkələrdə müştərək investisiya layihələrində iştirak edə bilərik. Azərbaycanda sərmayə qoyuluşu üçün münbit şərait yaradılıb, son 20 ildə Azərbaycana 200 milyard dollar investisiya yatırılıb, Bunun yarısı xarici sərmayədir. Kənd təsərrüfatı, turizm, telekommunikasiya sahələri sərmayə qoluluşu üçün böyük potensiala malikdir. Davos İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətliliyi indeksində Azərbaycan 40-cı yerə layiq görülüb. Elektroenergetika sektorunda əməkdaşlıq uğurla aparılır. Azərbaycan həm İranla, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Hər iki ölkənin enerji mübadiləsinin həcmi ildən-ilə artır. Rusiya ilə mövcud olan sazişə əsasən, Azərbaycanın enerji sistemi Rusiyanın vahid enerji sistemi ilə paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini, Xaçmaz, Dərbənd və Yalama elektrik veriliş xətləri birləşdirir. İranla da hazırda Parsabad, Astara-Astara və Culfa elektrik veriliş xətləri ilə enerji mübadiləsi həyata keçirilir. Bir neçə gün əvvəl İmişli və Parsabad arasında elektrik xətti də birləşdirildi. Masallı və Astara şəhərləri arasında isə elektrik xətləri yaxın gələcəkdə istismara veriləcək. Artıq Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib, ixrac potensialımız artıb. Əminəm ki, birgə səylərlə biz etibarlı enerji dəhlizinin formalaşmasına nail ola bilərik. Bu dəhliz 3 ölkə arasında enerji mübadiləsini və yeni bazarlara çıxışı təmin edə bilər".

Dövlət başçısı deyib: "Şadam ki, sərhəd mühafizə işində etibarlı əməkdaşlıq mövcuddur. Azərbaycan tərəfinin təşəbbüsü ilə İran, Rusiya və Azərbaycan sərhədçilərinin rəhbərləri Bakıda görüşdü. Bu sahədə əməkdaşlığın dərinləşməsi, birgə təlimlər, o cümlədən Xəzər dənizində birgə tədbirlər, operativ informasiya mübadiləsi ölkələrimizin təhlükəsizliyini daha da möhkəmləndirəcək. Nəqliyyat sektorunda əməkdaşlığın çox yaxşı və ümidverici gələcəyi var. Azərbaycan dünyada yeganə ölkədir ki, həm İranla, həm də Rusiya ilə sərhəddi var. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi mövcuddur. Bu il biz qərar qəbul etmişik ki, yaxın gələcəkdə Azərbaycan İranla sərhəddinə qədər öz dəmir yolunu uzatsın. Ümid edirəm ki, yaxın gələcəkdə biz buna nail olacağıq. Eyni zamanda, bu yaxınlarda Azərbaycan-İran sərhəddində, Astaraçay üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bu infrastruktur layihələri "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissələridir. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcək. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi var, tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə tezliklə bu layihənin icrasına nail olacağıq. Sevindirici haldır ki, ölkələrimizdə milli və dini məsələlərdə heç bir problem yoxdur. Bu bizim ölkələrimizin qazandığı dəyər və sərvətdir. Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Biz Şərqlə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Tarix boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümunələri Azərbaycanda sülh, qardaşlıq şəraitində yaşayıblar. Multikultiralizm Azərbaycanda həyat tərzidir. Azərbaycan çoxmillətli ölkədir. 2016-cı il Azərbaycanda multikulturalizm ili elan edilib".

Prezident İlham Əliyev sonra vurğulayıb ki, Azərbaycan nadir dövlətlərdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də Avropa Şurasında təmsil olunur: "Ölkələrimiz bu təşkilatlar daxilində uğurla əməkdaşlıq edir. Hörmətli həmkarlarımız, yaratdığımız üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Bu çox önəmli, yeni təşəbbüsdür. Üçtərəfli əməkdaşlıq regionda sülhü, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək. İqtisadi əməkdaşlıq, nəqliyyat, energetika sektorunda 3 tərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşılaşmasını təmin edəcək. Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiqli yer tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsi göstəririk. Bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə, bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti