...

Ermənistan tərəfindən torpaqların işğalına şərait yaradanların tör-töküntüləri ölkəmizin gələcəyi üçün təhlükədir - Aydın Quliyev

Siyasət Materials 11 Yanvar 2020 12:49 (UTC +04:00)
Siyasi və ideoloji fəaliyyətin uzunmüddətli əsas tezislərini müəyyən edə bilməmək Azərbaycanın radikal qüvvələrinin ən qabarıq qüsurlarından biridir.
Ermənistan tərəfindən torpaqların işğalına şərait yaradanların tör-töküntüləri ölkəmizin gələcəyi üçün təhlükədir - Aydın Quliyev

Bakı. Samir Əli - Trend:

Siyasi və ideoloji fəaliyyətin uzunmüddətli əsas tezislərini müəyyən edə bilməmək Azərbaycanın radikal qüvvələrinin ən qabarıq qüsurlarından biridir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, radikallar dəyişilən bir mərhələdən digərinə uğurla keçə bilmir, ora-bura boylanaraq tənəzzülə gedir, məntiqli və sistemli mübarizə platforması yarada bilmirlər: "Siyasi və ideoloji fəaliyyətdə məntiqsizlik və ziddiyyətlər 20 ildən çox davam edərək indi elə bir həddə düşüb ki, hər kəsin aydın görə bildiyi bu reallığı sübut etməyə ehtiyac qalmayıb. Radikal və ittihamçı partiyaların siyasi mübarizəsinin ana xəttini illərdən bəri formalaşdıra bilməməsi dərin tənəzzülün bariz əlamətidir. Radikalların son 10 ildəki siyasi-ideoloji fəaliyyət tezislərinə ötəri baxış anlaşılmaz ziddiyyətli bir yolun keçildiyini bir daha ortaya qoyur.

2019-cu ilin əvvəllərinə qədər bir qayda olaraq Qarabağ problemi ilə bağlı vəziyyət üzərində xalqı hakimiyyətə qarşı qaldırmağa edilən cəhdlər nəticə vermədi. Bundan sonra radikallar ölkədə başladılmış geniş sosial islahatlar paketini "vurmaq" üzərində siyasət qurmaq taktikasını işə salmağa cəhd etdilər. Ölkədə sosial islahatlar öz sürət və miqyasına görə o qədər aydın görünən fenomenə çevrildi ki, radikallar bu yolla da cəmiyyəti islahatlara və hakimiyyətə qarşı yönəltməyin mümkünsüzlüyünü anladılar. Sosial islahatların Prezidentə yeni ictimai dəstək dalğasının əsas motivinə çevrilməsi radikalların 2019-cu ildə qəti iflasının mühüm səhifəsi oldu".

Ekspert bildirib ki, son zamanlar radikal müxalifətin yenidən siyasi-ideoloji tezis dəyişikliyi etmək istədiyinin əlamətləri görünür: "Sosial islahatlar əleyhinə çıxışlardan Qarabağ problemi ilə bağlı şüarlara keçid radikalların seçki ərəfəsində yeni ideoloji böhranının göstəricisi kimi diqqəti cəlb edir.
Radikal partiyalar bütün MDB məkanındakı konfliktlərin heç birinin hələ həll edilmədiyini ya unudur, ya da özlərini bilməzliyə qoyurlar. Bütün hallarda xalqın bunu bilməsini istəməsələr də xalq və bütün analitlklər MDB-dəki konfliktlərin hələ heç birinin həll edilmədiyini yaxşı bilir. Nisbətlə yanaşdıqda Dağlıq Qarabağ münaqişəsi MDB-dəki bütün digər münaqişələrlə müqayisədə həllə daha yaxındır. Bu təkzibolunmaz şərtlər daxilində radikal müxalifətin Qarabağ şüarına yeni qayıdışının növbəti uğursuzluq mərhələsinə çevrilməsi qaçılmazdır. Sosial tələblərdən Qarabağ şüarına keçid radikalların uzun illər yaşamaqda olduğu ideoloji böhranın və sarpıntının aşkar əlamətidir. İdeoloji dağınıqlıq Azərbaycan radikallarının öz siyasi hədəflərinə heç vaxt yaxınlaşa bilməyəcəyini qəti şəkildə təsdiqləyir".

Baş redaktor deyib ki, radikalların Qarabağ probleminin həlli ilə bağlı proseslərin yeni fəal mərhələyə girməsindən narahat olduqları aydın görünür: "Fəallaşan sülh prosesinə radikalların qara yaxmağa və gözdən salmağa cəhdlər göstırməsi səbəbsiz deyil. Burada radikalların ikibaşlı məqsəd güddüyünü görmək mümkündür. Radikallar Azərbaycan diplomatiyasının Qarabağ məsələsinin həllinə yaxınlaşdığını görür və öz təxribatçı fəaliyyətləri ilə sülh prosesini ləngitməyə, buna nail ola bilmədikdə isə sülh prosesindəki irəliləyişin əsas hissəsinə şərik olmaq istəyirlər. Hazırda radikalların əsas məqsədi odur ki, özlərini sülh prosesindəki irəliləyişin guya həlledici qüvvəsi kimi təqdim etsinlər. "Guya radikal partiyalar Qarabağ mövzusunda fəallaşmasaydı irəliləyiş olmayacaqdı" kimi yanlış görüntü yaratmaq cəhdləri ortadadır. Cəmiyyətimiz Qarabağ sülh prosesində hazırkı tərpənişlərin məhz Prezidentin diplomatik-siyasi səylərinin nəticəsi olduğunu yaxşı bildiyi üçün radikalların yeni taktikasının da uğur şansları yoxdur. Ermənistan tərəfindən torpaqların işğalına şərait yaradanların tör-töküntüləri ölkəmizin və xalqımızın gələcəyi üçün təhlükədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti