...

Öz doğma torpaqlarından deportasiya olunmuş Qərbi Azərbaycanlıların hüquqları bərpa olunmalıdır - Sevil Mikayılova

Siyasət Materials 29 Dekabr 2022 16:14 (UTC +04:00)
Öz doğma torpaqlarından deportasiya olunmuş Qərbi Azərbaycanlıların hüquqları bərpa olunmalıdır - Sevil Mikayılova

Bakı. Trend:

Bu tarixi reallıqdır ki, indiki Ermənistan ərazisi azərbaycanlıların qədim torpaqları olub. Bunu tarixi faktlar, həmin ərazilərdə olan azərbaycanlılara aid tarixi abidələr də sübut edir. Azərbaycanlılar zorla həmin ərazilərdən, doğma yurdlarından qovulub, Azərbaycan izləri, tarixi abidələri dağıdılıb, talan edilib.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı ilə tanınan bir qrup insanla görüşdü. Görüşdə ölkə başçısı da Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının, bu istiqamətdə işlərin görülməsinin önəmini vurğuladı.

"Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların milli irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Bu torpaqlar Azərbaycanın əzəli torpaqlarıdır və burada azərbaycanlıların doğma yurdları olduğunu isbat edən yüzlərlə fakt mövcuddur.

İndi Ermənistana aid edilən Qərbi Azərbaycan ərazisində İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı yerləşib və orada azərbaycanlılar yaşayıb. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Qərbi Zəngəzur Azərbaycandan ayrılaraq Ermənistana birləşdirildi. Bu, xalqımıza qarşı tarixi ədalətsizlik və cinayət idi.

XX əsrin müxtəlif dövrlərində sonradan həmin ərazilərə köçürülən ermənilər azərbaycanlıları sıxışdıraraq onlara qarşı soyqırımı törədilblər və deportasiyaya məruz qoyublar. Ermənistanda 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşayırdılar. Onlar 3 il ərzində Ermənistandan zorla çıxarıldı, işgəncələr verildi, bir çoxları öldürüldü. Sonuncu kənd - Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova bildirib ki, azərbaycanlıların məruz qaldığı bütün bu zorakılıqlar dünya ictimaiyyətinin diqqət mərkəzində saxlanılmalı və baş vermiş cinayətin mahiyyəti barədə onlara daha geniş məlumat verilməlidir.

"30 illik işğal dövründə bizim əsas diqqətimiz Qarabağ məsələsinə yönəlmişdi. Artıq Azərbaycan dövləti bu məsələni hərbi-siyasi güc yolu ilə özü həll edib. Azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Azad edilmiş torpaqlarda erməni vəhşiliyinin izləri xalqımıza qarşı törədilən cinayətin miqyasını və mahiyyətini bütün çılpaqlığı ilə göstərir. Ermənistan ərazisində yaşayan azərbaycanlıların yaşadıqları dəhşətləri geniş ictimaiyyətə göstərməklə ədalətin bərpa olunmasına çalışacağıq.

Bu mənada, dövlət başçısının Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü və görüş zamanı toxunduğu məsələlər bundan sonra bu istiqamətdə görüləcək işlər üçün yol xəritəsi rolunu oynayacaq. Tarixi faktların beynəlxalq aləmə düzgün çatdırılması ən ümdə məsələdir, belə ki, baş vermiş cinayət hüquq müstəvisində uyğun addımların atılmasını zəruri edir. Öz doğma torpaqlarından deportasiya olunmuş Qərbi Azərbaycanlıların hüquqları bərpa olunmalıdır", - deyə S.Mikayılova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti